05 iyun 2023 11:27
572

Xəzər neft-qaz sərgisi Azərbaycana öz  potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır

Hələ 1994-cü ildə Birinci Qarabağ müharibəsindən yeni çıxmış ölkəyə xarici investorlar tərəfindən investisiya yatırılmırdı, çünki müharibə gedən ölkədə heç bir investor biznes infrastrukturu yaratmağa maraqlı deyildi. Bütün bunlara baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin və onun siyasətini davam etdirən Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan keçən 30 il ərzində ölkəyə kifayət qədər investorlar cəlb etdi və nəhayət Azərbaycanı Avrasiyasının enerji xəritəsini dəyişdirəcək səviyyəyə çıxardı. Bundan başqa, bərpa edilən enerji üçün ölkəyə investisiya axını gələcək və Azərbaycan bir neçə illər sonra həm “yaşıl enerji”, həm də neft və qaz üzrə Avropanın enerji təhlükəsizliyində daha vacib tərəfdaşa çevriləcək. Ulu Öndərin qurduğu neft strategiyasının məntiqi nəticəsi olaraq Azərbaycanın qərb ölkələri üçün nə qədər əhəmiyyətli bir tərəfdaşa çevrilməsinin göstəricisidir. “Əsrin müqaviləsi”nin imzalanmasından keçən 30 il ərzində Azərbaycan həyata keçirdiyi uğurlu siyasət nəticəsində özünə etibarlı tərəfdaşlar qazanıb. Qazanılmış uğurlar sözsüz ki, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına səbəb olub, bu da öz növbəsində iqtisadiyyatımızın dayanıqlı inkişafını şərtləndirən vacib amillərdəndir.

Avropa özünə alternativ enerji axtarışındadır. Bu səbəbdən də qərbdən qaz təchizatının artırılması ilə bağlı çağırışlar edilir ki, bu da milli maraqlarımıza tam uyğundur. Çünki, əlavə ixrac ölkəyə əlavə valyuta axını deməkdir. Azərbaycan özünün təbii ehtiyatları hesabına, həm də qonşu ölkələrdəki, o cümlədən Orta Asiyadakı qaz ehtiyatlarını öz ərazisindən nəql etməklə iqtisadi və siyasi dividend əldə edəcək.Əlbəttə ki, bu məsələdə yeni yatırımlara ehtiyacın olması mütləqdir. Bunun üçün də bir sıra aparıcı ölkələrlə strateji tərəfdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – Caspian Oil&Gas və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – Caspian Power sərgilərinin ölkəmizin energetika sektorunun inkişafında xüsusi əhəmiyyəti var. Sərgilərin əhəmiyyəti Prezident İlham Əliyevin çıxışında da öz əksini geniş formada tapdı. Diqqətçəkən əsas və vacib məqamlardan biri də ABŞ, Böyük Britaniya, xüsusilə Avropa İttifaqının bu tədbirdə böyük tərkibdə təmsil olunması idi.  ABŞ Prezidenti Co Bayden, Böyük Britaniyanın baş naziri Sunak tədbirə öz məktublarını ünvanlayıblar. Bunun özü tədbirin qlobal əhəmiyyətindən xəbər verir. ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Aərbaycan öz resurslarını inkişaf etdirə bilsin.

Dövlət başçısı  Prezident İlham Əliyevin  açılış mərasimində çıxış edərək bildirib ki, Xəzər Neft-Qaz Sərgisi 1994-cü ildən etibarən Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Məhz 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı ki, bu da ölkəmizdə vəziyyəti kökündən dəyişdi. Məhz bu tarixi sənədin imzalanması ilə Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. Ötən illər ərzində Azərbaycan daxili bazarda enerjiyə olan tələbatları tam təmin edib və bu gün sayı getdikcə artan ölkələrin və ilk növbədə Avropa ölkələrinin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın Avropa qitəsində enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsinin həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruri olduğunu deyərkən, məhz bu baxımdan Cənub Qaz Dəhlizinin böyük önəm daşıdığını vurğuladı. Dövlət başçımızın təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. 

Aytən Abbasova,
YAP Xətai  rayon təşkilatının ”Fəzail Bayramov 10” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü