Artıq uzun illərdir ki, beynəlxalq əməkdaşlıq məkanı kimi qəbul edilən Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi də diqqət çəkir. Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli rola malik olmasında ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür. Bildiyimiz kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşə bilməz. Milli maraqlar əsasında qurulan enerji strategiyamızın bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində həyata keçirilməsi ölkənin iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu yüksəldib. Həmçinin, dünyada gündən-günə artan tələbat fonunda xammal ehtiyatlarının azaldığı, enerji təhlükəsizliyinin qorunmasının hər bir dövlət üçün prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, ölkəmizin neft ehtiyatlarının dünya bazarına çıxarılmasına imkan yaratmışdır. Bununla da, Azərbaycanın Avropa Birliyi ilə enerji sahəsində əməkdaşlığının bünövrəsi qoyulmuşdur. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır.
Sonrakı illərdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfi bu əməkdaşlığın bir qədər də genişlənməsinə səbəb olmuşdur. Ötən illər ərzində “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qazın Gürcüstan və Türkiyə bazarlarına çıxarılması Azərbaycanın regionda əhəmiyyətini bir daha təsdiq etmişdir. Avropanın enerji xəritəsinin zənginləşdirməsinə mühüm töhfələr verən “Şahdəniz-2”, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Sözügedən layihələrə 40 milyard dollar məbləğində sərmayə cəlb edilmiş, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılmışdır. Bütövlükdə isə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılır.
Dünyada müasir texnologiyaların sürətli inkişafı alternativ enerji tələbatına olan marağı daha da artırır. Alternativ enerjinin imkanlarının genişlənməsi dünyada neftə və qaza olan tələbatı azaldır. Avropa üçün vacib olan ilk növbədə Rusiyadan enerji asılılığını aradan qaldırmaqdır. Rusiyadan fərqli olaraq Azərbaycan Avropaya qarşı enerji diplomatiyası vasitəsilə təziq etmir, əvəzində səmimi tərəfdaşlıq etmək və iki tərəfli ticarət əlaqələrini genişləndirmək niyyətindədir. Bütün bu parametrləri nəzərə almaqla demək olar ki, TANAP və TAP layihəsi regional əlaqələrin daha da güclənməsinə təkan verməklə yanaşı, regionun gələcək təhlükəsizliyinə zəmanət vermiş olur. Azərbaycan və Türkmənistan arasında son imzalanmış anlaşmanı nəzərə almaqla ehtimal etmək olar ki, gələcəkdə Türkmənistanın da TANAP və TAP layihəsinə qoşulmaq istəyi yarana bilər. Son illər dünyada və Avropada cərəyan edən bir sıra siyasi proseslər də Azərbaycan qazına marağı getdikcə artırır. Elə bir sıra tanınmış ekspert və politoqlar da bu qənaətdədirlər ki, “Şahdəniz-2”, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, eləcə də TANAP və TAP layihələrinin reallaşması nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsi sahəsində daha yaxından və fəal iştirak edəcək. Bu isə ölkəmizin etibarlı tərəfdaş kimi əhəmiyyətini bir qədər də artıracaq. Bu gün ölkəmizin təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 3,5 milyard kubmetr həcmindədir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan hələ 100 ilə yaxın bir müddətdə Avropa bazarları üçün mühüm qaz tədarükçüsü kimi öz əhəmiyyətini qoruyub saxlayacaq.
Pərvanə Mustafayeva,
YAP Xətai rayon təşkilatının ”Fəzail Bayramov 10” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri