05 iyun 2023 12:22
659

Azərbaycan özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.

Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri öz əksini “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapmışdır. Bundan başqa, Azərbaycanın transmilli və daxili enerji siyasəti, bu sahədə həyata keçirilən tədbirlər, reallaşdırılan vəzifələr və enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı digər məsələlər 2003-2014-cü illərdə qəbul olunmuş bir çox rəsmi dövlət sənədlərində də əks olunmuşdur. Bunların sırasında “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununu, “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə” Dövlət Proqramını, “2005-2015-ci illərdə ölkənin yanacaq-enerji kompleksinin inkişafı” Dövlət Proqramını, “Şahdəniz -2” təbii qaz layihəsini və s. göstərmək olar.

1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi. Təsadüfi deyildir ki, həmin ildə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə ölkəmizdə vəziyyəti kökündən dəyişdi. Nəticədə sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu. Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. Həmin dövrə nəzər yetirsək görərik ki, 1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatması, atəşkəs imzalanması, və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalanması tarixi addımlar idi. O zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı. Müstəqilliyini yeni əldə etmiş dövlət olaraq çox insan Azərbaycan haqqında məlumata malik deyildi. Sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayan bir ölkə olaraq çətin bir dövrü geridə qoyduq.  “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Bizim neft kəmərlərimiz, mülki infrastrukturumuz yox idi. Bu səbəbdən beynəlxalq sərmayələrin qoyulması üçün mütləq şəkildə bizə güclü tərəfdaşlar lazım idi. “Əsrin müqaviləsi” ilə biz buna nail ola bildik. Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak bu tədbirə öz məktublarını ünvanlayıblar. Bu, onun göstəricisidir ki, bu tədbir qlobal əhəmiyyətə malikdir. ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. 30 il ərzində Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq aparır. Azərbaycanda neft-qazçıxarma sənaye sahəsinin gələcək inkişafı ilə əlaqədar xarici ölkələrlə bağlanmış müqavilələr müstəqilliyimizin, suverenliyimizin, dövlətciliyimizin və milli təhlükəsizliyimizin daha da möhkəmlənməsinə, ölkə iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyasının dərinləşməsinə, investisiya axınının genişlənməsinə, həmçinin də bütün bunlarla əlaqədar olaraq ölkəmizin beynəlxalq səviyyədə qüdrətinin daha da atmasına gətirib  çıxaracaqdır.

Ramilə Şükürova,
YAP Xətai rayon təşkilatının “Telnov 6” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü