31 may 2023 01:14
638

Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur

Cənab Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində  zəfəri  iki qardaş ölkənin münasibətlərinin daha da möhkəmlənməsində öz sözünü deyəcək

Qardaş Türkiyədə keçirilən prezident seçkiləri Azərbaycan dövləti və xalqı  tərəfindən böyük  maraqla izlənildi. Artıq aforizmə çevrilən «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir», «Bir millət iki dövlət» tezisləri  tarixin bütün sınaqlarından şərəflə çıxaraq  bugünkü birliyin təməlində dayanır. Daim biri-birinin yanında olan Azərbaycan-Türkiyə qardaşlığı  dünya üçün nümunədir. Bum əqam  beynəlxalq səviyyədə də etiraf  edilir ki, Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır.   Çünki hər kəsə bəllidir ki, dünyada Azərbaycan-Türkiyə münasibətlərinin bənzəri yoxdur.

Cənab Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində  yenidən qələbə qazanması münasibətilə ilk təbrik edən dövlət başçısı İlham Əliyev oldu. Bu mühüm, qardaşlığın rəmzi olan addımın atılmasını böyük fəxr hissi ilə dilə gətirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunun üçün azərbaycanlı həmkarına təşəkkürünü ifadə etdi. Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana həm telefon zəngində, həm ünvanladığı məktubda bu məqam xüsusi vurğulanır ki, milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir. Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda, regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir. Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki,  xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi “Bir millət iki dövlət” və “Bir yumruq” fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcək.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva «İnstagram» hesabında Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbə ilə bağlı paylaşımında bildirir: «Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”.

Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı nəinki türk dünyası, ümumilikdə dünya üçün nümunədir.  Biz iki ölkənin bu qardaşlıq nümunəsini İkinci Qarabağ müharibəsində, azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin ölkəmizə dəstəyində, eyni zamanda, Azərbaycanın qardaş ölkədə meşə yanğınlarının söndürülməsi və bu ilin  fevral ayında   baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində göstərilən qardaş köməyində gördük. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ölkələrimiz arasında formalaşan sıx münasibətlər digər türk dövlətləri arasındakı əlaqələrə də sirayət etməkdədir.

Türk Dövlətləri Təşkilatının aparıcı ölkəsi olan qardaş Türkiyə təlatümlərlə dolu müasir dünyada Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə supergüc dövlətlərdən birinə çevrilib, ölkədə sabitlik, inkişaf və rifah təmin edilib. Türkiyə Silahlı Qüvvələri bu gün dünyanın ən güclü ordularından biridir. Baş verən son zəlzələlərin nəticələrinin  aradan qaldırılması işləri zamanı dünyanın, demək olar ki, bütün ölkələrindən Türkiyə dəstəyin göstərilməsi Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkənin beynəlxalq aləmdə qazandığı nüfuzun, hörmətin və etimadın əyani təzahürü idi.

Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkə ilə bağlı reallıqları bu sözlərlə ifadə edir: “Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir və hər kəs bununla hesablaşmalıdır. Hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür”.

Bəli, bu gün əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyənin sıx münasibətləri dünya ölkələri üçün nümunədir və xüsusilə türk dünyası dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir. Bir sözlə, Azərbaycan bu prosesdə Türkiyə ilə birgə liderliyi ələ alıb və onu uğurla davam etdirir.

Dövlət başçısı İlham Əliyevin çıxışlarında bir mühüm məqam daim vurğulanır ki, bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə əziz qardaşımın liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz.  Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli amillərdən biridir.

Azərbaycan və Türkiyə daim biri-birinin yanındadır. Azərbaycan xalqı qədim dövrlərdən insanpərvərliyi və humanistliyi ilə seçilib. Qonşuya və dosta yardım göstərmək adəti bizə babalarımızdan miras qalıb və xalqımızın mənəvi dəyərlərə sadiqliyini göstərir.

Türkiyədə baş verən zəlzələ zamanı Azəbaycan xalqı “Qardaş Türkiyənin yanındayıq” çağırışını səsləndirdi və bunu əməli  ilə sübut etdi.  Bu təbii fəlakət saysız-hesabsız sınaqlardan çiyin-çiyinə verərək mətanətlə çıxan Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, əbədiliyini bir daha bütün dünyaya göstərdi. Dövlət başçısı İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyinə gəlib çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdikdən sonra səfirlə söhbət zamanı bu əminliyi ifadə etmişdi ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Bu, qardaş xalqımızı sarsıtmayacaq, Türkiyə dövlətinin iradəsinə təsir etməyəcək. Türkiyə dövləti güclü dövlətdir və bu fəlakətlə də mübarizədə öz gücünü göstərir.

Türkiyədə baş verən dəhşətli zəlzələdən öncə dünya 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan-Türkiyə qardaşlığının nümunəsini gördü. “Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.” Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həm xalqımız, həm də bütün dünya bunu  İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk gündən dünyaya  «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır» mesajını çatdırdı. 44 günlük Vətən müharibəsinin hər günü tariximizə Qələbə səhifəsi kimi yazılmaqla yanaşı, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının dünyaya təqdimatı oldu. Çünki  bu sevinci Azərbaycan necə yaşadısa, qardaş Türkiyə də eyni şəkildə yaşadı. Tarixə qısa baxış əsasında dövlət başçısı İlham Əliyev  bu reallığı  qeyd edir ki,  bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. 2021-ci il  15 İyun - Milli Qurtuluş Günündə  Şuşada Azərbaycan-Türkiyə müttəfiqliyini təsdiqləyən sənədin imzalanması mərasimi keçirildi. Dünyaya Şuşa Bəyannaməsi kimi səs salan bu sənəd iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafını özündə ehtiva edir.  «Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində» söyləyən dövlət başçısı İlham Əliyev ötən il ölkəmizdə keçirilən,  Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti təzahürü olan  “TEKNOFEST Azərbaycan» Aerokosmik və Texnologiya Festivalında bir daha bildirdi ki, bu,  bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır: «Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar.»

Bu gün Azərbaycan-Türkiyə birliyi işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır.  Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard dollarından çoxdur. Prezident  Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayılda olub.

Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını təsdiqləyən saysız-hesabsız faktlar sadalaya bilərik.  Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 dekabr 2020-ci ildə ölkəmizdə keçirilən Zəfər paradında iştirak etmək üçün Azərbaycana səfəri çərçivəsində  sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuata birgə bəyanatında səsləndirdiyi bu fikirləri yada salmaq istərdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki,  bu gün atılan imzalar, əslində, simvolik imzalardır: “Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir. Allah köməyimiz olsun.” Türkiyə Prezidentinin bu fikirlərinin fonunda böyük əminliklə qeyd edirik ki, cənab Rəcəb Tayyib Ərdoğanın zəfərindən sonra iki qardaş ölkənin münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcək daha çox sənədlər imzalanacaq. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır.

Yeganə Əliyeva, «İki sahil»