31 may 2023 02:15
569

Qarabağın və Şərqi Zəngəzurun gözəlləşən siması: Böyük Qayıdış uzaqda deyil!

Qısa müddətdə Laçında 700-dən artıq fərdi və çoxmənzilli binanın inşa edilməsi o deməkdir ki, 764 ailə doğma ocağının istisinə sığınacaq

Qüdrətli dövlət və yüksək rifah naminə sürətli, dinamik inkişafının prioritetlərinin müəyyənləşdirildiyi «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də nəzərdə tutulan perspektivlər reallaşdırılır. Cənubi Qafqazın lider dövləti, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın ümumi inkişaf arxitekturası adlandırılan Milli Prioritetlərin hədəfi ölkəmizdə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsini sürətləndirmək, dayanıqlı makroiqtisadi sabitliyə, Böyük Qayıdışın mərhələli həllinə nail olmaq, əhalinin həyat tərzini daha da yaxışlaşdırmaqdır. Qlobal dünya iqtisadiyyatının tərkib hissəsi olan milli iqtisadiyyatımızın şaxələndirmə prinsipinə uyğun inkişafının əsas məqsədi bu tərəqqidən bütün ölkə vətəndaşlarının bəhrələnməsini təmin etməkdir. Nəticə ehtibarilə işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Bu sahədə diqqət göstərilən ən mühüm amil insanların sağlam həyat tərzinin formalaşdırılması üçün ekoloji baxımdan əlverişli "yaşıl" texnologiyalar»ın tətbiqinə diqqətin artırılmasıdır.

 Mayın 10-da, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyi günlərdə Şuşadan Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi uğurumuz, Zəfərimiz olduğu kimi, Azərbaycan xalqının sarsılmaz iradəsinin, Silahlı Qüvvələrimizin qüdrətinin, döyüş bacarığının rəmzi olsa da düşmənin nəfəsini birdəfəlik kəsmək lazım idi. Ermənistana dəfələrlə xəbərdarlıq edərək işğalla barışmayacağını bəyan edən Prezident, Ali Baş Komandan İlham Əliyev qalib kimi son məqsədinə çatana qədər mübarizəni davam etdirəcəyini qətiyyətlə bildirirdi:«Amma mən deyirdim ki, yox, barışmayacağıq. Deyirdim bunu, gərək məni eşidəydilər. Deyirdim ki, gec-tez gələcəyik, bir təpiklə düşməni qovacağıq, öz Bayrağımızı qaldıracağıq və öz doğma torpaqlarımızda yaşayacağıq. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi.»

Artıq bütün dünya görür ki, erməni vəhşilərinin dağıtdıqları ərazilərdə bərpa-quruculuq işləri sürətlənir, Qarabağ, Şərqi Zəngəzur dirçəlir, insanlar doğma ocaqlarına qayıdırlar. 2023-cü ilin aprel ayının 23-də Azərbaycan-Ermənistan sərhədində nəzarət -buraxılış məntəqəsini yaratmaqla, orada Azərbaycan Bayrağını qaldırmaqla ölkəmizin dilbər guşələrindən olan Laçının bərpasının sürətləndirilməsi Ulu Öndərin vəsiyyətinə sadiqlik nümunəsidir. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə mühüm əhəmiyyətli yol-nəqliyyat infrastrukturunun bərpası, yeni layihələrin həyata keçirilməsi, iqtisadiyyatın inkişafı üçün başlıca amil olan enerji ilə təminata xüsusi diqqət göstərilməsi gündəlik həyatda müşahidə etdiyimiz reallıqlardır. Ağdamda, Zəngilanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında aparılan quruculuq işlərinin davam etdirilməsi məqsədə yaxınlaşmağın mühüm addımlarındandır.

May ayının əvvəlində Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri ilə tanış olan Prezident İlham Əliyevin iştirakı ilə 10 kəndin təməlinin qoyulması, müxtəlif sosial obyektlərin açılış mərasimlərinin keçirilməsi o deməkdir ki, işğaldan azad edilmiş ərazilərimizdə həyat qaynayır, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının birliyi, həmrəyliyi, sarsılmaz iradəsi dayanır.

Mayın 28-də, Müstəqillik Günündə Laçın şəhərində doğma yurduna qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edən Prezident İlham Əliyev uzun fasilədən sonra doğma torpaqlarına qovuşan laçınlıların sevincinə şərik oldu. «Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır» söyləyən dövlət başçımız İlham Əliyevin əminliklə bildirdiyi kimi, 7-8 ay ərzində 700-dən artıq fərdi və çoxmənzilli binanın inşa edilməsi o deməkdir ki, 764 ailə doğma ocağının istisinə sığınacaq.

İkinci mərhələ üzrə görüləcək işlər də möhtəşəmdir. Tam orta məktəb binası yeni dərs ilində istifadəyə veriləcək. 1100 nəfərdən artıq laçınlının çalışacağı Aqro və Sənaye Parkı yaradılmaqdadır. Burada görülən işlər Prezident İlham Əliyevin təkcə Laçın, Kəlbəcər deyil, quruculuq, abadlıq işləri davam etdirilən bütün ərazilər üçün əminliklə söylədiyi «Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik» sözlərinin həyatda təsdiqidir. İki il yarım ərzində inşa edilən, keçmiş köçkünlərin birinci qrupunun Ağalı, Talış kəndlərinə yerləşdirilməsindən sonra üçüncü yaşayış yerinin Kəlbəcərin və Laçının seçilməsi təsadüfi deyil. Yeni yaradılan və yaxın gələcəkdə istifadəyə veriləcək kəndlərin təməlqoyma mərasimlərinin keçirilməsi siyasi iradənin, Vətənə, torpağa bağlılığın ifadəsidir. Bu ilin sentyabr ayına qədər əhalinin Zabux kəndinə yerləşdirilməsi ilə bağlı söylənilənlər Böyük Qayıdışın inamlı addımlarının qətiyyətidir.

Doğma evlərinə qayıdan laçınlılarla görüşün rəmzi mənasını müqayisəli paralellər aparmaqla bildirən Prezident İlham Əliyev vurğuladı ki, may ayında Ermənistan tərəfindən işğal olunan Laçının sakinləri 31 ildən sonra eyni ayda cənnətməkan diyarlarına qovuşdular: «1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü, artıq hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində. Aprel ayında biz Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Yəni, bu tarixlər arasında bağlılıq var.» Şərqi Zəngəzurda insanları heyran edən bərpa-quruculuq işləri Laçını, Kəlbəcəri Ermənistana təhvil verən Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətlərinin ifşası idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə səbatsız AXC-Müsavat iqtidarının hakimiyyətinə son qoyulması nəticəsində əlavə torpaqlarımızın işğalının qarşısı alındı.

Laçını və Kəlbəcəri əllərində həmişəlik saxlayacaqlarını gerçəklik kimi qəbul edən erməni quldurları dünyada iqtisadi cəhətdən tam müstəqil, siyasi gücü, hərbi qüdrəti artan Azərbaycanın qarşısında dayana bilmədi. Şanlı tariximiz olan İkinci Qarabağ müharibəsində qalib olan Azərbaycanın bölgədə yaratdığı reallıqların dünya ictimaiyyəti tərəfindən təsdiqlənməsi «Qarabağ Azərbaycandır!» müdrik kəlamının geniş mənada təkrarıdır. Uzun illər əzab içində yaşayan, fiziki, mənəvi əzablarla üzləşən laçınlılar kimi bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar.

«İndi isə artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əminəm ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq» sözləri ilə dəmir yumruğun hər zaman hazır olduğunu xatırladan Prezident İlham Əliyev doğma evlərinə qayıdan keçmiş köçkünlərin təhlükəsizliyinin etibarlı qorunduğunu da diqqətə çatdırıb.

Ötən illərə təsadüf edən ad günlərinin müxtəlif bölgələrdə, keçmiş köçkünlərlə birgə qeyd etdiyini vurğulayan Prezident İlham Əliyev 2011-ci il dekabrın 24-də laçınlılarla keçirdiyi görüşünü xatırladı: «50 yaşımı isə Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etmişəm. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, hamımız bu gün xoşbəxtlik içində yaşayırıq. Böyük nikbinliklə yaşayırıq. Qürur hissi ilə yaşayırıq. Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar, bax, bu Zəfər qüruru ilə yaşayacaqlar.»

Prezident İlham Əliyevin Laçına səfəri çərçivəsində Şərqi Qafqaz turlarının və Qətərdən ölkəmizə gətirilən, adı «Qırmızı kitab»”a düşən şahin quşlarının təbiətə buraxılması ekoloji təhlükəsizliyə göstərilən qayğının təzahürüdür. İşğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması bioloji müxtəlifliyin inkişafına dəstəkdir. Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, müxtəlif sosial, iaşə, təhsil, idman obyektlərinin təməlinin qoyulması Böyük Qayıdışın çox da uzaqda olmadığına tam əminlikdir.

Xuraman İsmayılqızı, «İki sahil»