Yəqin 1992-ci ildəki özbaşınalıqların xiffətini çəkir
Vallah, adam bizim müxalifətə lap mat-məəttəl qalır. Bunlar hansı əsrdə yaşayır, nədən danışırlar, yəqin heç özləri də bilmirlər. Əvvəllər də qəribə, əcaib və absurd fikirləri ilə gözdən düşən “inqilabçılar” iki gün əvvəl heç nəyə yaramadıqlarını və hətta cəmiyyət üçün son dərəcə zərərli olduqlarını bir daha göstərdilər. Bir balaca təfərrüata varsaq, bunu aydın görərik.
Mayın 28-də ölkəmizdə bayramın bayrama qarışdığı bir gündə Məmmədəmin Rəsulzadənin anadan olduğu Novxanı kəndinə yığışıb narazılıq mitinqi keçirmək, orada insanları dovlətə qarşı çıxmağa çağırmaq hansı ağıldan xəbər verir? Şad gündə şirin sözlər demək əvəzinə yenə də boş-boş danışmaq, “azadlıq, azadlıq” bağırmaq bu səhnəyə baxanların ürəyini bulandırırdı. İstər-istəməz sual yaranır: Biz azad deyilikmi? Bu hansı azadlıqdan danışır?
Əvvəllər Qarabağın işğal altında qaldığı dövrdə iqtidarın ünvanına böhtan yağdıran “milli şuraçılar”, Əli Kərimlinin özü və qolbəyləri bu mövzu qapandığına görə yeni mövzu tapa bilmirlər. Qarabağın hansı güc, qüdrət, siyasi iradə bahasına azad olunması barədə daha bir kəlmə də danışmırlar. Niyə də danışsınlar? Axı, həqiqət onlara sərf etmir. Ona görə də qayıdıblar ənənəvi “azadlıq” şüarına. Ancaq Novxanıdakı kiçik meydana yığışan “bəylər”in heç biri düşünmür ki, azadlıq var ki, onlar istədikləri yerdə, istədikləri vaxtda yığışıb belə “qarğa bazarı” aça bilirlər. Hansı yasaq var ki? Nədən istəsələr danışırlar, yazırlar, xaricdən qrant ala bilirlər. Bəs görəsən bunlar hansı azadlıqdan dəm vururlar? Belə anlaşılır ki, əslində bunlar azadlıq yox, özbaşınalıq istəyirlər. Yaxşı ki, 1992-ci ildə gətirdikləri “azadlığı” gördük. Həmin ildə silah gücünə hakimiyəti ələ keçirən avantürist bir dəstə xalqa hansı azadlığı verdi? Biz o zaman “nasosnı” adlanan indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində əsgər və milislər əllərində avtomat, pulemyot Bakı-Quba yolunu kəsib xoşlarına gələn minik avtomobillərini sahiblərinin əllərindən alaraq "bizə lazımdır" deyib apardıqlarını unutmamışıq. O zaman cinayətkarlığın baş alıb getdiyi Azərbaycanda öldürülənin qanı batırdı. Yadımdadır, Bərdə şəhərində günün günorta çağında küçənin ortasında bir nəfəri güllələyib öldürdülər, qatil "tapılmadı". Əsgər və zabitlər paytaxtda metroda, avtobusda, qatarda qumbara və odlu silahlarla gəzir, əhalini təşvişə salırdılar. Gecə saatlarında küçəyə çıxmaq təhlükəli idi. Bax, sənin verdiyin azadlıq bu idi Əli "bəy"!
Novxanıdakı mitinqdə “odlu-alovlu nitq irad edən” AXCP sədri Əli Kərimli əyri-üyrü sifətini bir daha göstərdi. Həmin gün qardaş Türkiyədə xalqımızın böyük dostu Rəcəb Tayyib Ərdoğan seçkilərdə qalib gəlib yenidən Cümhuriyyətin Prezidenti olmağa daha yaxın idi. Bütün Azərbaycan xalqı Müstəqillik Günü ilə bərabər hörmətli Ərdoğanın qələbəsini ikiqat bayram etdi. Lakin hər şeydən danışan Əli Kərimli xalqımızın taleyi üçün vacib olan bu böyük siyasi hadisənin üstündən sükutla keçdi. Ondan bundan artıq nə gözləmək olardı ki?
Arqumentləri bitmiş AXCP sədri aldadıb meydana yığdığı adamlara ürək-dirək verərək dedi ki, otuz il apardığımız mübarizənin nəticəsiz qalması üçün məyus olmayın, filan yerdə 70 il, filan yerdə 60 il mübarizə aparıblar. Belə çıxdı ki, iqtidara gəlmək ümidi ilə Əli Kərimli "bəy dadaşlarından" daha 30-40 il vaxt istəyir. Təbii ki, bu, təkcə Kərimliyə sərf edir. Çünki okeanın o tayından-bu tayından axan qrant pulları yenə də onun ciblərini dolduracaq, "padşah balası" kimi yaşayacaq. Ancaq yazıqlar olsun o yanındakılara. Bir siyasi fırıldaqçının "yağlı" gələcək vədlərinə inanaraq özlərini biabır edirlər. Düşünürlər ki, ondan bərk yapışsalar onlar da gələcəkdə Əli Kərimli kimi milyonlar içində üzəcək, bahalı maşınlara, villalara sahib olacaq, cənnətin zövqi-səfasını görəcəklər. Necə deyərlər, yeməkdən ümidli olmaq yaxşıdır...
Vəli İlyasov, “İki sahil”