Məlumdur ki, cari ilin 22 may tarixində cənab İlham Əliyev Litvaya rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin coğrafiyasının genişlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilmiş, danışıqlar aparılmış, rəsmi sənədlərin imzalanma mərasimi olmuşdur. Hər iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradır.
Prezident cənab İlham Əliyev Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında öncə Azərbaycan həqiqətlərinə diqqət çəkdi. Ölkə başçısı Azərbaycanın uzun illər Ermənistanın işğalı ilə üzləşdiyini xatırladaraq işğalın acı fəsadlarından danışdı. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş, ərazilərimizin təxminən 20 faizi işğal olunmuşdu. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Bəyanatında sülh danışıqlarına toxunan Prezident cənab İlham Əliyev bildirdi ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Sülh anlaşmasının imzalanması qaçılmazdır və Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir.
Mətbuata bəyanatında ölkə başçısı Azərbaycan və Litva arasında gələcək əməkdaşlıq istiqamətindən bəhs edərkən qeyd etdi ki, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Dünyada hökm sürən yeni geosiyasi reallıq da bunu diktə edir.
Şahidi oluruq ki, Azərbaycan və Litva uzun illərdir ki, strateji tərəfdaşdırlar. Bu baxımdan ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə bu əməkdaşlığın mahiyyətini əks etdirir. Bu gün Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur. Keçən il Litva Prezidenti Q. Nausedanın Azərbaycana rəsmi səfəri, bu il isə Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi, eləcə də cari ilin əvvəlində iki ölkənin dövlət başçılarının Davosda baş tutmuş görüşü onu göstərir ki, ölkə rəhbərləri arasında fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə tamamlanır. Azərbaycan və Litva Prezidentləri arasında siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamları iki ölkə arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlıdırlar. Bu baxımdan ötən il mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulması üçün yaxşı fürsət oldu. Heç şübhəsiz , Vilnüsdə keçirilən biznes forum da gələcək illərdə iqtisadiyyat və ticarət sahələrində əlaqələrin inkişafı istiqamətdə görülən tədbirlərə mühüm töhfə olacaqdır.
Əminliklə demək olar ki, ölkə başçısının bu səfərindən sonra iki ölkə arasında mövcud olan əməkdaşlıq daha da inkişaf edəcək. Beləliklə Prezident İlham Əliyevin Azərbaycan Avropa İttifaqı əməkdaşlığı təşviqinə fəal töhfə verən Litva səfəri həm siyasi, həm də iqtisadi baxımdan mühüm hadisələrlə, eyni zamanda dövlət başçımızın Litva səfəri, keçirdiyi görüşlər, imzalanan sənədlər Azərbaycanın növbəti uğuru kimi yadda qaldı.
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı