Cari ilin may ayının 25-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib. Azərbaycanın bu toplantıda iştirakı ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunun daha bir göstəricisidir.
Avrasiya İqtisadi Birliyinin üzvləri ilə qurulmuş münasibətlərin səviyyəsi və xarakteri ciddi, dərin məna daşıyır. İqtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi və əlbəttə ki, malik olduğu nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malik olan Azərbaycan Respublikası hazırda 15 milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdirərək yükaşırmaların həcmi 25 milyon tona çatdırmağı planlaşdırır. Bu gün Azərbaycanın reallaşdırılması üçün xüsusi səy göstərdiyi strateji logistik layihələrdən biri də Zəngəzur dəhlizinin yaradılması ilə bağlıdır. Regional nəqliyyat şəbəkələrini daha da genişləndirəcək olan bu dəhliz həm Cənubi Qafqaz ölkələrinə, həm də bütün türkdilli dövlətlərə mühüm imkanlar açacaqdır. Perspektivdə regional əməkdaşlıq bütün Cənubi Qafqazda sülhü davamlı və möhkəm edəcək, münaqişəsiz mühitin əhəmiyyətini önə çıxaracaq.
Avrasiya İqtisadi Birliyinin üzvləri ilə keçirilən toplantıda iştirak edən dövlətimizin başçısı cənab Prezident İlham Əliyev öz çıxışında hazırda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar olduğunu bildirib.
Moskva görüşünün gedişində Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən Azərbaycana qarşı dövlətimizin Ermənistan ərazilərinə göz dikdiyi barədə absurd ittihamların irəli sürülməsi bu şəxsin qeyri-sağlam təxəyyülə sahib olmasından xəbər verir.
Qeyd edək ki, 25 may tarixində cənab Prezident İlham Əliyevin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüşü ölkələrimiz arasında səmimi münasibətlərin mövcudluğunu təsdiq edən daha bir önəmli amildir. Bu gün Azərbaycan ilə Rusiya arasında ikitərəfli formatda beynəlxalq əməkdaşlıq istər Müstəqil Dövlətlər Birliyinin, istərsə də digər beynəlxalq təşkilatların platformalarında uğurla davam etdirilir.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı