26 may 2023 16:57
880

Azərbaycan  Avropanın enerji xəritəsini dəyişdirir

Azərbaycan Respublikası Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə çoxşaxəli xarici siyasət kursu yürüdür. Ölkəmizin xarici siyasətində keçmiş SSRİ  respublikalırı ilə əlaqələrin daha da dərinləşdirilməsi xüsusi yer tutur. Bir müddət əvvəl ölkə başçımızın Mərkəzi Asiya respublikalarına davamlı səfərləri söylədiklərimizə əyani misaldır. Xarici siyasət strategiyamıza xüsusi həssaslıqla yanaşan dövlət başçımız bu baxımdan Baltikyanı ölkələrdən olan Litva dövlətini də  diqqətdən kənarda qoymadı. Möhtərəm prezidentimizin 22 may 2023-cü il tarixində Litva dövlətinə rəsmi səfəri reallaşdı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri vacib görüşlər və mühüm qərarlar ilə yadda qaldı. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Vilnüsdə Litva Respublikasının Prezidenti Gitanas Nauseda tərəfindən yüksək qonaqpərvərliklə qarşılandı.

Ölkə başçımızın Litvaya rəsmi səfəri zamanı mətbuata verdiyi önəmli açıqlamalar geniş ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. İlk öncə dövlət başçımız torpaqlarımıza qarşı erməni təcavüzü və bu təcavüzün törətdiyi acı fəsadlar, həmçinin Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini və Litva ictimaiyyətini məlumatlandırdı. Cənab İlham Əliyev əlavə etdi ki, Ermənistan Azərbaycan torpaqlarının təxminən 20 faizini uzun illər ərzində - 30 ilə yaxın işğal altında saxladı. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin salındı. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılmışdır. Hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır. Azərbaycan dövləti öz tərəfindən bu məqsədə çatmaq üçün bütün lazımi səyləri göstərir. Təbii ki, bu sülh anlaşması da beynəlxalq norma və prinsiplərə uyğun şəkildə imzalanmalıdır.

Rəsmi səfər çərçivəsində iki ölkənin prezidentləri bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi apardılar. Xüsusilə Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı müzakirə maraqlı alındı. Aydın oldu ki, bu istiqamət üzrə də hər iki ölkədə paralel işlər aparılır. Litva və Azərbaycan arasında yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq. Təbii ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün hər iki dövlətin payına böyük vəzifələr düşür. İki ölkə prezidentləri razılaşdırdılar ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olsunlar.

Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından artıq önəmli ölkəyə çevrilməkdədir. Enerji təminatı ilə bağlı bir çox Avropa ölkələri ilə ikitərəfli müqavilələr imzalanmışdır. Azərbaycanda enerji təhlükəsizliyi mövcuddur. Ölkəmiz bu sahədəki imkanlarını dost və tərəfdaş Avropa dövlətləri ilə bölüşməyə hazırdır. Artıq Avropanın enerji xəritəsi Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Bundan başqa Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Litva Respublikasının Prezidenti Gitanas Nauseda arasında imzalanmış “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” adlı sənəd ikitərəfli əlaqələrin inkişafına mühüm töhvələr verəcək.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini