25 may 2023 12:35
459

Müstəqil, qalib Azərbaycan hər kəsin qürur mənbəyidir

Azad, müstəqil yaşamaq istəyi olan bir xalqı heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il sonra Azərbaycan xalqının azadlıq istəyi daha da alovlandı. Xalq yenidən ayağa qalxdı, müstəqilliyini tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini  yenidən bərpa etdi. Xalqımızın bu sevinci də yaşaya bilmədi. Belə ki, müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ölkədə ictimai-siyasi durumun gərginləşməsinə, xaosun, anarxiyanın, özbaşınalıqların baş alıb getməsinə səbəb olmuşdur. Ölkə vətəndaş qarşıdurmasını yaşayır, sabaha olan ümidlər tamamilə itmişdir. Müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsini yaşayan Azərbaycanı bu çətin vəziyyətdən xilaskarı Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, zəngin təcrübəsi, idarəçiliyi çıxardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə   Ümummilli Liderin hakimiyyətə qayıdışı Azərbaycanın  müstəqillik tarixinin yeni, parlaq səhifəsini yazdı.  Dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdı. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?

Cənab İlham Əliyev bu məqamı da vurğulayır ki, əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalanmış olarıq: “O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.”

  Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi iradəsi və qətiyyəti sayəsində müəyyənləşdirilən və gələcəyə hesablanan düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi.  Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 12 may 1994-cü ildə cəbhə xəttində  atəşkəs imzalandı.

Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəni təmin etmək üçün həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Ümummilli Lider bu məqamı xüsusi qeyd edirdi ki, neft xalqımızın ən böyük sərvəti olub indiki və gələcək nəsillərə məxsusdur. Məhz bu kontekstdən yanaşaraq böyük uzaqgörənliyi sayəsində Dövlət Neft Fondu yaradıldı. Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının rolu inkaredilməzdir. Hər zaman Azərbaycan neftinin  2006-cı ildə 28 May-Respublika Günündə Ceyhan terminalına çatmasının rəmzi mənası olduğunu qeyd edən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı bu gün Azərbaycanın iqtisadi və siyasi vəziyyətini təsəvvür etmək çətin deyildi. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri olmasaydı, bu gün Cənub Qaz Dəhlizi layihəsi də olmazdı.

Neft strategiyası Azərbaycana böyük  məbləğdə investisiyalar gətirdi. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artdı. İqtisadi müstəqillik qazanan Azərbaycanın nüfuzu artdı, beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi. Azərbaycanın müstəqil dövlət kimi xaricdə varlığının təbliğində fəal rol oynayan diaspor təşkilatları yarandı və Ümummilli Liderin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Azərbaycan dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyonluq azərbaycanlının Vətəni olaraq daim inkişafı, tərəqqisi ilə hər kəsin qürur mənbəyinə çevrildi. 

Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, tolerant, multikultural dəyərlərə böyük töhfə verən, ən əsası qalib ölkə kimi tanınır. Birliyimizin, həmrəyliyimizin möhkəmlənməsi qarşıya qoyulan hədəflərə zamanında nail olmağa əsas yaradır. Müstəqilliyimizin daimiliyi təmin edildi. Ümummilli Liderin ən böyük arzusu olan ərazi bütövlüyümüzün təmin edilməsi məsələsi həllini tapdı.  Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır.  Azərbaycan xalqı Heydər Əliyev irsini müstəqilliyimizin təminatçısı kimi dəyərləndirir. Milli Qurtuluşdan başlanan yol Azərbaycana tarixi Zəfəri qazandırdı, müstəqilliyimizi daha da möhkəmləndirir, yeni-yeni hədəfləri şərtləndirir.

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi