25 may 2023 02:58
568

Azərbaycan-Türkiyə: Yeni yüzildə yeni zirvələrə doğru

Dostluğu, qardaşlığı, strateji tərəfdaşlığı və müttəfiqliyi dərin tarixi kökləri ilə bir-birinə möhkəm bağlı olan iki qardaş ölkə arasındakı münasibətlər prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yeni zirvələrə yüksələcək

Qəhrəman ordumuz Prezident, qətiyyətli sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsini Azərbaycanın Qələbəsi ilə başa çatdırdı. Şanlı Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatına cavab olaraq başlatdığı əks-hücum əməliyyatları elə ilk günlərdən xalqımızı öz Ali Baş Komandanının ətrafında bir yumruq kimi birləşdirdi. 44 günlük müharibə təkcə təcavüzkar Ermənistana deyil, bütün dünyaya, beynəlxalq aləmə ölkəmizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bütün dünya Azərbaycanın öz suverenliyi, ərazi bütövlüyü uğrunda inamlı mübarizəsinin, azadlıq mücadiləsinin şahidi oldu.

Hərbi əməliyyatlar zamanı rəşadətli ordumuz tərəfindən darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə Bəyanat imzaladılar. İmzalanmış sənəd təcavüzkar Ermənistanın hərbi təslim aktı, diz çökməsi ilə yanaşı, Azərbaycanın böyük geosiyasi və geoiqtisadi qələbəsi idi. Dağlıq Qarabağa hər hansı statusun verilməməsi, ərazi bütövlüyümüzün tam təmin olunması və nəhayət, ölkəmizin digər ərazilərinin Naxçıvanla kəsilmiş quru-avtomobil, dəmiryol əlaqələrinin bərpasının nəzərdə tutulması Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutu oldu.

Müharibənin başa çatmasından qısa müddət sonra Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə start verdi. Qətiyyətlə demək olar ki, dövlət başçısının rəhbərliyi, güclü iradəsi, qətiyyəti və xalqımızın birliyi, həmçinin ölkəmizin iqtisadi qüdrəti sayəsində bu istiqamətdə böyük nailiyyətlər əldə edilib.

Təbii ki, bütün bu uğurlarımızda qardaş Türkiyənin böyük payı var. Qırx dörd günlük Vətən müharibəsində Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycana hərtərəfli dəstək verdi. Müharibənin ilk anlarından Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandıb sevindirirdi.  

Prezident İlham Əliyev 2020-ci il dekabrın 10-da Türkiyə Cümhuriyyətinin lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Zəfər paradında çıxışında bildirib ki, qardaş ölkə xalqımızın haqq işinə böyük dəstək verib: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstərdik.”

Qətiyyətlə demək olar ki, zamanın sınaqlarından uğurla çıxan Azərbaycan-Türkiyə münasibətləri gündən-günə inkişaf edir. İki qardaş ölkə arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bu gün-XXI əsrin ikinci onilliyində türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından keçir.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bu günlərdə Kayseridə mitinqdə çıxışı zamanı bildirib ki, necə ki, 30 il sonra Qarabağı azad etdiksə, Azərbaycanla hər sahədə əməkdaşlığı gücləndirəcəyik. Türkiyə lideri vurğulayıb ki, ölkənin müxtəlif bölgələrini birləşdirən sürətli dəmiryol xətti Bakıya kimi uzanacaq: “Bu xətti Ərzincana, Ərzuruma, Ağrıya qədər uzadacağıq. İnşallah, oradan Bakı-Tiflis xəttinə birləşdirəcəyik. Yəni, bu xətlə dünya miqyasında strateji “nəfəs borusu” açacağıq. Yəni Londandan çıxan biri ölkəmiz üzərindən Pekinə qədər gedə bilər. Əlbəttə, bütün bunları CHP rəhbəri kimi Can Azərbaycanı kənarda qoyaraq deyil, azərbaycanlı qardaşlarımla çiyin-çiyinə edəcəyik. Necə ki, 30 il sonra Qarabağı azad etdiksə, hər sahədə əməkdaşlığı gücləndirdiksə, azərbaycanlı qardaşlarımla infrastrukturumuzu da birləşdirəcəyik”.

Hazırda böyük öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün miras qoyduqları Azərbaycan-Türkiyə münasibətləri prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yüksələn xətlə inkişaf edir. Hərtərəfli müşahidələrə əsaslanaraq əminliklə demək olar ki, qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda “Cümhur İttifaqı”nın namizədi, birinci turda ən yaxın rəqibindən xeyli irəlidə olan Rəcəb Tayyib Ərdoğan qalib gələcək və Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, strateji tərəfdaşlığı və müttəfiqliyi dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edərək möhkəmlənəcək və yeni zirvələrə yüksələcək.

Zahid Rza, “İki sahil”