24 may 2023 11:58
457

Ulu Öndərin müəllifi olduğu inkişaf strategiyası Azərbaycanı qüdrətli dövlətə çevirib

“Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” Bütün mənalı ömrünü Vətənimizin işıqlı gələcəyinə sərf edən Ulu Öndər Heydər Əliyevin böyük inamla söylədiyi bu fikir bu gün qüdrətli, zəngin, müstəqil siyasəti ilə dünya birliyinin nüfuzlu üzvü olan dövlətimizin timsalında bir daha öz təsdiqini tapır. Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətləri, həyata keçirtdiyi titanik işləri tənəzzüldən tərəqqiyə gedən yol kimi də xarakterizə etmək olar.

1969-cu ildən başlayan sürətli yüksəliş...

Ümummilli Lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş, 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuş, 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutmuşdur. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında Siyasi Büronun üzvü seçilən Heydər Əliyev həmin vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Heydər Əliyev bu vəzifədə işləyərkən siyasi lider kimi Kreml rəhbərliyində yüksək mövqe tutmaqla yanaşı, keçmiş SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə bacarıqla rəhbərlik etmişdir. Ulu Öndər 1969-cu ildə birinci dəfə hakimiyyətə gələndə Azərbaycan iqtisadi tənəzzül dövrünü yaşayırdı. Dahi rəhbərin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanın həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı dövrü başlanmışdı. Belə ki, Ulu Öndərin səyləri nəticəsində Azərbaycanı İttifaq miqyasında inkişaf edən nüfuzlu respublikaya çevirdi, ölkə həyatında sosial-iqtisadi, mədəni yüksəliş baş verdi. Bu dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə sənayedə əsas fondların 69 faizi yeniləndi, 250-dən çox zavod, fabrik istifadəyə verildi. Əgər 1969-cu ilədək olan dövrdə Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərliyi dövründə onların sayı 1048-ə çatdırıldı. Sənaye istehsalı və kənd təsərrüfatında əmək məhsuldarlığı 2 dəfə artdı, xalq təsərrüfatında gəlir ümumittifaq göstəricisini 2 dəfə üstələdi.

İnkişaf üçün möhkəm təməl

Tarixi paralellər əsasında bu reallığı böyük əminliklə qeyd edirik ki, Ulu Öndərin hakimiyyətinin hər iki dövrü, yəni, həm keçmiş İttifaqın tərkibində olan respublikamıza, həm də yenicə müstəqilliyini bərpa edən Azərbaycana rəhbərliyi mərhələləri xilaskarlıq missiyası ilə xarakterizə olunur. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra isə özünün yüksək siyasi qabiliyyətinə, zəngin dövlətçilik təcrübəsinə, xalqın yekdil dəstəyinə arxalanaraq Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi kataklizmlərdən xilas edərək, canından artıq sevdiyi millətini yenidən vahid bir məfkurə ətrafında birləşdirdi, hər bir azərbaycanlının qəlbində sabaha inam hissini yaratmağı bacardı. 1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədə ictimai-siyasi sabitliyin yaradılmasında əhəmiyyətli rol oynadı. Bu mühüm addım elə həmin ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Dünya təcrübəsinə istinadən bu reallıq qeyd edildi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir dövlət təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində, beynəlxalq arenada etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol oynadı. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissələrindən olan, çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi istiqamətində addımlar atıldı. Ümummilli Lider bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Onun böyük uzaqgörənliklə 1999-cu ildə yaratdığı Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilk gündən etibarən neft gəlirlərinin xərclənməsində şəffaflığı yüksək səviyyədə təmin edir. Ümumilikdə Azərbaycan Respublikasının Dövlət Neft Fondu beynəlxalq səviyyədə şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilir. Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını şərtləndirir. Bu gün respublikamızda  qeyri-neft sektorunun inkişafı da sürətlə gedir və buna təkan verən də məhz neft siyasəti, neft strategiyası olmuşdur. Ulu Öndərin uğurlu iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində ölkədə ümumi daxili məhsul 1996-2002-ci illərdə 71 faiz artdı. 2002-ci ildə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1993-cü ilə nisbətən 36,3 dəfə çoxaldı. Əgər 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128 dövləti əhatə etdi. Yaxud 1996-cı ildə ölkədə 602 xarici investisiyalı müəssisə fəaliyyət göstərirdisə, 2002-ci ildə bu rəqəm 3,5 dəfə artaraq 2104-ə çatdı. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artdı. Ulu Öndər əhalinin sosial rifahının yüksəldilməsi məsələsini daim diqqət mərkəzində saxlayaraq 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması, əhalinin rifah halının yüksəldilməsi üçün 60-dan çox sənəd imzaladı. Nəticədə 1995-2003-cü illərdə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artdı.

İqtisadi cəhətdən güclü dövlət

2003-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev belə bir çağırışı səsləndirdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu kursu uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları, yeniliyə əsaslanan siyasəti bu gün Azərbaycana möhtəşəm uğurlar qazandırır. 2003-cü ilin sonlarında Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsi, dünyada özünə layiqli yer tutması, ölkədə sosial problemlərin həlli və əhalinin rifahının daha da yaxşılaşdırılması hədəfə götürüldü. Ardıcıl şəkildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları icra olundu, iqtisadiyyatın qeyri-neft sektoru inkişaf etdirildi, ölkənin sənaye potensialı gücləndirildi, kənd təsərrüfatının ayrı-ayrı sahələri dirçəldildi, sosial sahədə inqilabi qərarlar qəbul olundu və yerinə yetirildi. Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolu Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyasının nə qədər doğru olduğunu bir daha təsdiqləyir. Azərbaycan iqtisadi və hərbi gücün yaratdığı potensialı reallaşdıraraq tarixi ədaləti bərpa etdi. Ərazi bütövlüyünü bərpa edən ölkəmizdə artıq iki ildən çoxdur ki, azad Qarabağda və azad Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azad edilmiş ərazilərimiz ölkəmizin iqtisadi potensilaının daha da artmasını təmin edəcək.
Beləliklə, bu gün ölkəmizin dinamik sosial-iqtisadi inkişaf yolunda inamla irəliləməsi , iqtisadi inkişaf tempinə görə böyük uğurlar qazanması, öz milli maraqlarını müvəffəqiyyətlə  təmin etməyə qadir  bir dövlət kimi  müstəqil siyasət yürüdə  bilməsi , iri tutumlu layihələri həyata keçirə bilməsi, büdcə gəlirlərini ildən- ilə əhəmiyyətli dərəcədə artıra bilməsi, müdafiə qüdrətini artırması və ikinci Qarabağ müharibəsində möhtəşəm qələbə qazanması da Ulu Öndər  Heydər Əliyevin  böyük uzaqgörənliklə əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin  nəticəsidir. Ulu Öndərin siyasətinin təntənəsi kimi dəyərləndirilən möhtəşəm uğurlarımızın miqyası bundan sonra daha da genişlənəcək.

Anar Miriyev,
"İqtisadiyyat Nazirliyi tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar olaraq media nümayəndələri arasında elan edilmiş “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir"