Fransa Prezidenti Emmanuel Makron mübahisəli pensiya islahatı ilə bağlı “ölkənin ümumi maraqlarını” üstün tutduğunu bəyan edib və “populyarlığı azalsa belə, bunu (islahatı) təsdiq edəcəyini” bildirib. Makron deyib ki, islahatı həyata keçmək məni sevindirmir, amma bunu etmək məcburiyyətindəyəm.
E.Makron ölkədə kütləvi tətillərə səbəb olan, hökumətin parlamentdə səsvermə keçirilmədən qəbul etdiyi və pensiya yaşının 2 il uzadılmasını nəzərdə tutan (62 yaşdan 64 yaşa) mübahisəli pensiya islahatından Fransa televiziyasına danışıb. İslahatın ən mühüm seçki vədləri arasında olduğunu deyən Makron bunun bu ilin sonuna qədər qüvvəyə minməsini istədiyini, həmçinin dövlət büdcəsi üçün pensiya islahatlarının zəruri olduğunu bildirib.
“Mən iş həyatına qədəm qoyanda 10 milyon pensiyaçı var idi, bu gün 17 milyondur. 2030-cu illərdə 20 milyon olacaq” deyən Fransa Prezidenti küçələrdə baş verən qəzəbin heç də hamısının pensiya yaşının uzadılması ilə bağlı olmadığını, bir hissəsinin isə iş qaydalarında olan haqsızlıqla bağlı olduğunu qeyd edib: “Mən ölkənin ümumi maraqlarını seçdim. Populyarlığım azalsa belə, bu islahatı təsdiq edəcəm.”
Yüksək qazanc əldə edən şirkətlərin qazanclarının bir hissəsini işçiləri ilə bölüşməsinin zəruriliyinə diqqət çəkən Makron gəlir balansı üçün ölkənin son 18 ayda minimum əməkhaqqını inflyasiya səviyyəsinin üzərində, 9,5 faiz artırdığını qeyd edib.
Fransa sakinlərinin əksəriyyəti 2023-cü illə bağlı olduqca bədbindir və bunun nə ölkə, nə də şəxsən onlar üçün əvvəlki ildən yaxşı olmayacağına inanır. Belə nəticələri “Elabe” sosioloji xidməti 1000 nəfər arasında keçirilən sorğuya əsasən dərc edib.
“Ölkə üçün respondentlərin 50 faizinin fikrincə, 2023-cü il daha pis olacaq, 33 faizi bunun nə daha yaxşı, nə də pis, 8 faiz isə daha yaxşı olacağına inanır. Özlərinə gəldikdə, 34 faiz hər şeyin daha da pisləşəcəyini gözləyir, 38 faiz nə yaxşı, nə də daha pis, yalnız respondentlərin 16 faizi hər şeyin yaxşılaşacağına ümid edir”, – sorğuda bildirilir.
Respondentlərin əksəriyyəti (56 faizi) üçün alıcılıq qabiliyyəti ilə bağlı məsələlərin səlahiyyətli orqanlar tərəfindən həlli aktuallıq baxımından birinci yerdə qalır. 44 faiz daim xərcləri məhdudlaşdırmaq məcburiyyətində qaldıqlarını, yalnız 18 faiz isə ayın sonunadək pula qənaət etmək imkanı olduqlarını söyləyiblər. Respondentlərin 36 faizi sağlamlıq, 21 faizi isə pensiya ilə bağlı məsələlərdən narahatdır.
Cavid Əkbərov, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri