24 may 2023 00:57
450

Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır

Prezident İlham Əliyevin Vilnüsə rəsmi səfəri çərçivəsində keçirilən maraqlı görüşlər əməkdaşlıq formatının genişlənəcəyini göstərir

Beynəlxalq əməkdaşlıq formatı çərçivəsində reallaşan Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə  Avropa İttifaqı ilə ölkəmiz arasında münasibətlər  yeni keyfiyyət baxımından daha geniş sferada inkişaf edir. Azərbaycanın enerji diplomatiyasının perspektivləri ilə bağlı xoş təəssüratlar yaranır. Cənub Qaz Dəhlizinin icrasında iştirak edən Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın ardıcıllarının olacağını əminliklə bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, Cənub Qaz Dəhlizi dövlətlərarası əməkdaşlıq formatını yaradan körpüdür. Dünyada baş verən iqtisadi , enerji böhranı göstərdi ki, enerji təhlükəsizliyi ilə bağlı məsələlər beynəlxalq səviyyədə ciddiyyətini qoruyur. Eyni zamanda təsdiqləndi ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır.  Dünyada baş verən qlobal hadisələr də  məntiqli çağırışları ilə diqqəti cəlb edən Prezident İlham Əliyevin «Azərbaycanın təbii ehtiyatları dünyanın enerji xəritəsini dəyişəcək» sözlərini doğruldur. Mütəxəssislərin rəylərində qeyd olunduğu kimi, bu yeniliyin aparıcı layihəsi, enerji resurslarının şaxələndirilməsini tənzimləyən Cənub Qaz Dəhlizi və onun seqmentləridir.

«Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib» sözləri ilə Cənub Qaz Dəhlizinin siyasi, iqtisadi, beynəlxalq əməkdaşlıq əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin proqnozları reallaşır. Cənub Qaz Dəhlizinin əhəmiyyəti onun müasir dünyamızdakı əvəzsiz rolu ilə dəyərləndirilir.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasiminin keçirilməsi ilə qitə dövlətlərinin enerji təhlükəsizliyinin təminatına böyük töhfə verilməsi artıq həqiqətdir. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizini qitə üzrə ən böyük infrastruktur layihəsi kimi dəyərləndirən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin qeyd etdiyi kimi, qaz kəmərinin işə salınması ilə Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövr başlayır. Avropa Komissiyası ilə imzalanan Anlaşma Memorandumuna əsasən, zəngin potensiala malik Azərbaycan  2027-ci ilədək qitə dövlətlərinin təbii qaza olan ehtiyacını daha böyük həcmdə ödəyəcək.

Ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında  Avropa Komissiyası Prezidentinin iştirakı ilə yaşıl enerjinin ötürülməsinə dair Buxarestdə imzalanan Sazişə uyğun əlavə imkanların yaranacağı şəksizdir. Azərbaycandan Avropaya, bir hissəsi Qara dənizin dibi ilə gedəcək külək enerjisi stansiyalarından ötürmə xəttinin çəkilməsi ilə Günəş və külək enerjisindən əldə olunacaq 25 meqavat həcmində yaşıl enerji tərəfdaş ölkələrə ixrac ediləcək.

«Bu, dünya enerjisinin gələcəyidir və Azərbaycanın gələcəyidir» sözləri ilə ölkəmizin qitə dövlətlərinin enerji təchizatına önəmli töhfə verdiyini qürurla bildirən Prezident İlham Əliyev Sofiyada «Bulgartransgaz”» (Bolqarıstan), «Transgaz» (Rumıniya), FGSZ (Macarıstan) və «Eustream»” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu»”nun imzalanmasını da qitə dövlətlərinin enerji təchizatında Azərbaycanın karbohidrogen ehtiyatlarını etibarlı mənbə adlandırıb. Çünki, bu sənəd Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri,” iştirakçı ölkələr arasında məhsuldar münasibətləri, yüksək həmrəyliyi və strateji tərəfdaşlığını təmin edəcək. Bolqarıstanın, Rumıniyanın, Macarıstanın, Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması yeni layihə olan «Həmrəylik Halqası» təşəbbüsünü reallaşdırır və  Cənub Qaz Dəhlizinin ötürücülük imkanları daha da artır. Nəticədə «Həmrəylik Halqası» regionun digər ölkələrinin də bu təşəbbüsə qoşulması üçün imkanlar yaradır.
 «Həmrəylik Halqası»nı,  Anlaşma Memorandumunu Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan arasında  «Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə»yə və digər sazişlərə uyğun davam edən tərəfdaşlığın məntiqi nəticəsi adlandıran dövlət başçımızın vurğuladığı kimi, Avropa İttifaqına üzv dövlətlərin üçdə birinin ölkəmizlə səmimi münasibətlərinin möhkəmləndirilməsi çox güclü həmrəyliyin etibarlı gələcəyidir.

Bu günlərdə  Prezident İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən maraqlı görüşlər əməkdaşlıq formatının genişlənəcəyini göstərir. Azərbaycanın və Litvanın dövlət başçıları  İlham Əliyevin və Gitanas Nausedanın iştirakı ilə keçirilən biznes forumunda iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı önəmli açıqlamalar da deyilənləri təsdiqləyir.

Prezident Gitanas Nausedanın bildirdiyi kimi, ikitərəfli və sağlam etibarlı münasibətlər əsasında inkişaf edən  Azərbaycanla Litva arasındakı dostluq qitə dövlətlərinin birliyi üçün də mühüm vasitədir. Hər iki ölkə qarşılıqlı, faydalı imkanların yaradılmasında maraqlıdır. Litvanın iş adamları Azərbaycanı nəhəng enerji potensialına malik, şaxələndirməyə can atan və inkişaf edən iqtisadi güc kimi tanıyır. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpa olunan enerji kimi müxtəlif sahələri bu ölkənin biznes mühitində təmsil olunanların diqqətini cəlb edir.

Litvanın iqtisadiyyatını sürətləndirəcək, yeni imkanlar yaradacaq layihələrlə bağlı perspektivlərdən bəhs edən Prezident Gitanas Nauseda vurğulayıb ki, ölkəsi yaşıl texnologiyaların sənaye istehsalını dəstəkləmək üçün Avropa İttifaqının planlarını nəzərdən keçirir. Yeni imkanlar inqilabi və sıfır tullantılı istehsalatla təmin olunacaq. Xalis sıfır tullantılı iqtisadiyyatların inkişafı hər iki ölkə iqtisadiyyatlarını bir-birinə daha da yaxınlaşdıra bilər.

Biznes forumda  enerji təminatı ilə bağlı maraqlı açıqlamalar səsləndirildi. «Bu, Litvaya Rusiyadan enerjinin, o cümlədən neft, elektrik enerjisi və təbii qazın təchizatını tamamilə dayandıran ilk Avropa ölkəsi olmağa imkan verdi. Hazırda iqtisadi model yanaşmasında fiksə edilmiş aşağı qiymətli enerji həm qurudakı, həm də dənizdəki bərpa olunan enerji mənbələrindən generasiya olunur. Bu, bizim istehsal və xidmət sektorlarımızın rəqabət qabiliyyətini əhəmiyyətli şəkildə gücləndirəcək. Azərbaycan sahibkarları bundan faydalanmaq üçün bu prosesə qoşula bilərlər» sözləri ilə azərbaycanlı iş adamlarını faydalı iş birliyinə dəvət edən Prezident Gitanas Nauseda əlavə edib ki, ölkələrimiz təkcə iqtisadi cəhətdən yox, eyni zamanda, elm, təhsil və mədəniyyət sahələrində də bir-biri ilə əlaqələr qurmalıdırlar: «Yol genişdir və bizim qarşımızdadır.»

Bütün görüşlərdə çıxışları, dünyanın enerji xəritəsini dəyişən Azərbaycanın təbii ehtiyatlarının tükənməzliyi ilə bağlı açıqlamaları diqqətlə dinlənilən Prezident İlham Əliyevin biznes forumdakı açıqlamaları da əməkdaşlıq üçün möhkəm təmələ və dinamik inkişafa malik hər iki ölkənin biznes dairələrinin birliyinə həmrəylik çağırışı kimi dəstəklənib. Qeyd olunub ki, faydalı və məhsuldar əməkdaşlığın intensivləşdirilməsi, perspektivli planların, layihələrin həyata keçirilməsi iki ölkənin iş adamlarının səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradacaq. Bu əməkdaşlıq üçün isə hər iki ölkə iqtisadi inkişafa, təbii sərvətlərə, əmək ehtiyatları baxımından zəngin potensiala malikdir.

«Biz bərpa olunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Hər iki ölkə bu məsələni gündəliyimizə daxil edib. Bizə gəldikdə, bizdə enerji təhlükəsizliyi mövcuddur. Lakin, bununla belə, biz ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş və külək enerjilərindən istifadə etmək istərdik» sözləri ilə imzalanan memorandumları xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, həmin sənəddə qeyd olunduğu kimi, Avropaya ixrac olunacaq və  bu il üçün nəzərdə tutulan  12 milyard kubmetr təbii qaz nəqlinin 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılması ilə bağlı proqnozlar sadəcə minimal həddi təşkil edir. Potensial isə istənilən qədərdir. Bir məqam da diqqətə çatdırılıb ki, bərpa olunan enerji mənbələrinə qoyulan sərmayələr təbii qazın ixracına qənaət imkanı yaradacaq.

«Buna görə Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir» söyləyən dövlət başçımız İlham Əliyev perspektivlərdən bəhs edərək bildirib ki, logistika, şəbəkələr və daşımalarda olan böyük potensialdan səmərəli istifadə qarşılıqlı münasibətləri daha da genişləndirəcək.

Çünki Litva və  Azərbaycan  öz regionlarında mühüm daşımalar qovşağıdır.  Neft və qaz boru kəmərləri bölgədə yeni vəziyyət yaradır. Qonşular və tərəfdaşlar arasında yaranan yeni bağlantılar daşımalarda da hiss olunur. Azərbaycan Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edir. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar ayrılır. Hər iki ölkənin biznes dairələri yaranan bu fürsəti dəyərləndirməklə hazırkı geosiyasi vəziyyətdə daha çox ehtiyac duyulan gəlirlərinə əlavə dəyər qazandıra bilərlər. Belə ki, iqtisadiyyatı sabit, dinamik, investisiya mühiti əlverişli olan Azərbaycanla əməkdaşlıq litvalı iş adamları üçün də sərfəli olar. Hazırda əsas hədəf şaxələndirmə formatının genişləndirilməsi, biznes imkanlarının yerli və dünya bazarlarına çıxışının istiqamətlərinin artırılmasıdır. 2022-ci ilin may ayında Bakıda, 2023-cü ilin yanvarında Davosda görüşən Prezident İlham Əliyevlə litvalı Həmkarı Gitanas Nauseda arasındakı üçüncü, Vilnüs görüşünün məntiqi nəticəsi bəllidir: Qarşılıqlı əməkdaşlığın coğrafiyasını Litva-Azərbaycan Hökumətlərarası Komissiyanın birgə səyi ilə genişləndirmək, icra mexanizmlərini müəyyənləşdirmək, təklifləri konkret layihələr əsasında reallaşdırmaq.

Xuraman İsmayılqızı, «İki sahil»