İşğalçı ölkənin yeganə çıxış yolu qalib Azərbaycanın sülh təklifini qəbul etmək və manipulyasiyalarına son qoymaqdır
Bu gün rəsmi İrəvan öz xalqının gələcəyini düşünmək əvəzinə destruktiv mövqe sərgiləməyə davam edir. Ermənistan havadarlarının şirin vədlərinə o qədər aludə olub ki, qeyri-konstruktiv addımlarının hansı fəsadlarla yekunlaşacağını düşünmədən bölgədə vəziyyəti yenidən gərginləşdirmək niyyətindədir. Ölkədəki revanşistlər Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ da daxil olmaqla 86,6 min kvadratkilometrlik ərazi bütövlüyünü tanıması ilə bağlı son bəyanatından sonra daha da fəallaşıblar.
Prezident İlham Əliyevin mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bu xüsusda səsləndirdiyi fikirlər maraq doğurur. Dövlətimizin başçısı bildirib ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən Prezident İlham Əliyev qeyd edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.
Revanşistlərin fəallaşması fonunda Ermənistanda baş verən digər hadisə –N.Paşinyanın oğlunun oğurlanmasına cəhd olayı da diqqətdən qaçmır. Bu insident Ermənistan cəmiyyətində qütbləşmənin səviyyəsindən və revanşist düşərgənin açıq-aşkar radikallaşması prosesindən xəbər verir. Yeri gəlmişkən qeyd edək ki, bütün erməni cəmiyyəti bu və ya digər dərəcədə revanşizmdən əziyyət çəkir. Bu, Ermənistanın siyasi həyatında terrorizmdən istifadənin “zəngin ənənələrə” malik olmasının da göstəricisidir. Aşota məhz atasının Qərbdə – İslandiyada olduğu və ictimaiyyət qarşısında Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdığını bəyan etdiyi vaxtda, habelə mayın 25-də Moskvada gözlənilən növbəti üçtərəfli görüş ərəfəsində hücum təsadüfə oxşamır və daha çox Ermənistan baş nazirinin özü üçün təhdid siqnal anlamına gəlir.
Görünən odur ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasını istəməyən qüvvələr də az deyil. Onlar da hər sülh danışıqları ərəfəsində Ermənistana havadarlıq edərək, onu silahlandıraraq yeni təxribatlara daha da həvəsləndirirlər. Bununla da Azərbaycanın regionda sülh və sabitliyi dəstəkləyən səylərinin qarşısını almağa, Hayastanı isə silahlandırmaqla sülh sazişinin imzalamasını ertələməyə çalışırlar. Son vaxtlar Hindistandan və İrandan silah-sursat tədarükünü gücləndirən, Fransanın İrəvandakı səfirliyi xətti ilə yeni hərbi yardım layihəsinə baş vuran Ermənistanın müharibə hazırlıqları aşkar görünməkdədir. Üstəlik demoqrafik fəlakətdən əziyyət çəkən ölkədə bu arada səfərbərliklə bağlı tədbirlərin görülməsi ilə bağlı xəbərlər dolaşmaqdadır. Bu xüsusda kişilərin, xüsusən də gənclərin ölkədən çıxmasına qoyulan məhdudiyyətlərin daha da sərtləşdirilməsi diqqəti cəlb edir.
Ermənidən betər ermənilik edən rəsmi Fransa Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqları qəbul etmək istəmir və Ermənistanın işğalçılıq siyasətinə rəvac verir. Daim Ermənistanın arxasında dayanacağını deyən Fransadan bu ölkəyə öldürücü silahların tədarük ediləcəyi barədə məlumatlar yayılıb. Bu məlumatları Fransa inkar etmir. İrəvandakı səfirliyində hərbi attaşe vəzifəsi təsis etməsi “böyük bacının” niyyətini bir daha ortaya qoyur. O da bildirilir ki, fransalı hərbi attaşe Fransa ölümcül silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Parisin Ermənistana ölümcül silahların tədarükü barədə hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən prezident Emmanuel Makron göstərib.
Beləliklə, Avropa İttifaqının aparıcı ölkələrindən biri regiona ölümcül silahların tədarükündən imtina üzrə ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozur. Belə çıxır ki, onilliklər ərzində Afrikada, yaxın Şərqdə ayrı-ayrı ölkələri nəzarəti altında saxlayan, onların sərvətlərini talayan Fransa özünün neo-kolonialist siyasətini indi Cənubi Qafqaza daşımaq və regionda hərbi tarazlığa Ermənistanın xeyrinə təsir göstərməyə çalışır.
Fransa və İran kimi dostları Ermənistanı revanşizmə ruhlandırırlar. Bu ölkədə hakimiyyətdə və müxalifətdə olan qüvvələr “bəlkə də qaytardılar” xülyasına qapanıblar və güman edirlər ki, yeni silahların alınması Ermənistana hansısa üstünlüklər qazandıracaq.
Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer tutur. Dövlət başçısının birbaşa tapşırığı və idarəçiliyi ilə postmüharibə mərhələsində ordunun təchizatı daha da möhkəmləndirilib. İndi Azərbaycanın Müzəffər Ordusu düşmənin cavabını ən layiqli şəkildə verməyə hazırdır. Amma revanş götürmək xülyasına düşən hay-daşnaklar bu dəfə Azərbaycan Ordusunun cavabının iki il səkkiz ay əvvəllə müqayisədə daha sərt, “dəmir yumruğ”un zərbinin isə ömürlük olacağını unutmamalıdırlar.
Yaqut Ağaşahqızı, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri