24 may 2023 02:57
501

Müstəqilliyimiz əbədi, sarsılmaz və dönməzdir!

Bu əminliyi xalqda yaradan, suverenliyimizin qarantı Ulu Öndər Heydər Əliyevə raport verən dövlət başçımızın «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!.» sözləridir

«Milli müstəqillik yolu qədər çətin yol yoxdur... Müstəqilliyin  əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» söyləyən, müasir Azərbaycanın memarı,   Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin əbədiliyi naminə göstərdiyi xidmətlər  əvəzsizdir.  Daim azadlıq ruhu ilə yaşayan xalqımız istiqlaliyyət  yolunda   məhrumiyyətlərlə, çətinliklərlə üzləşsə də iradəsindən dönmədi.  1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini  qəbul edərək Azərbaycan xalqının dövlət quruculuğunun çoxəsrlik ənənələrini dirçəltdi. Cəmi 23 ay yaşamasına baxmayaraq  Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcıları tam dövlət hakimiyyətinə malik, müstəqil xarici və daxili siyasət yeridən respublika qurdular. Müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi olan, xarici dövlətlər tərəfindən tanınan və müxtəlif dövlətlərlə  diplomatik münasibətlər yaradan Cümhuriyyətin qurucuları çətinliklərə baxmayaraq xalqda gələcəyə böyük inam yaratmışdılar. 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrini  Azərbaycana yeridərək onun suveren Azərbaycanın  ərazisini işğal etdi, hakimiyyət orqanlarını zorakılıqla devirdi. Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqaviləyə əsasən  Azərbaycan  yenidən Rusiya tərəfindən ilhaq edildi. Sovetlərin tərkibində olduğu  70 ildə  müstəmləkəçilik altında qalan, «qardaşlıq ailəsi»nin üzvü  Azərbaycanın təbii sərvətləri  « qırmızı imperiya» tərəfindən amansızcasına istismar olunur, xalqımızın çoxəsrlik  tarixinin,  milli adət-ənənələrinin unudulması üçün təzyiqlər göstərilirdi.  Xalqımızın düşünən beyni  olan qabaqcıl ziyalılar   təqiblərə,  cəza tədbirlərinə məruz qalır, milli ləyaqətləri tapdalanırdı. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizədən dönmürdü. Çox mürəkkəb bir dövrdə yaranan   AXC-nin  fədailəri istiqlaliyyətinə qovuşan insanların istəklərini reallaşdırsa da niyyətlərini sonuna qədər davam etdirə bilmədilər.

O dövrdə ictimai işlərdə qadınların rolunun artırılması üçün qəbul olunan qərarlara əsasən məktəblər açıldı, xeyriyyəçilik ənənəsi davam etdirildi, qadınların təhsilə cəlbi  çətinliklə də olsa  həll edildi. Azərbaycanın xarici ölkələrlə birbaşa diplomatik əlaqələri yaradıldı. Ordu quruculuğu  sahəsində  ilk addımlar atıldı. Bank, maliyyə sistemi formalaşdırıldı.

Bolşeviklər tərəfindən  Azərbaycanın istilasından sonra imperiyanın tərkibinə daxil edilən,  SSRİ ailəsinin bir üzvü kimi azərbaycanlılar da kommunist üsul-idarəsinin  sərt  rejiminin ağrı-acılarını yaşamış, repressiyalarla üzləşmiş, mədəniyyətinə,  mənəviyyatına, adət -ənənələrinə  vurulan zərbələrdən sarsılmışdı. Sovetlər birliyinin  tərkibində  yaşasa da, dövlət müstəqilliyindən məhrum olsa da  xalqımız   varlığını, dilini, islamı dəyərlərini qoruyub saxlamış, savadsızlığa qarşı elliklə mübarizəyə qoşulmuşdur.

«Biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında, yaranmasında göstərdikləri xidmətlərə görə    Əlimərdanbəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır» söyləyən Ulu Öndər Heydər Əliyev vurğulayırdı ki,  Azərbaycanın istiqlaliyyətini elan edənlər, Xalq Cümhuriyyətini qurub- yaradan və ona sona qədər sadiq olanlar Azərbaycanın ən mötəbər , ən görkəmli  tarixi şəxsiyyətləridirlər.  Zaman göstərdi ki, adı həmişə Azərbaycanla bir çəkilən, tarixi şəxsiyyətlər arasında  ən  böyük hörmətə layiq olanlardan birincisi Ulu Öndər Heydər Əliyev  AXC qurucularının yarımçıq arzularını həyata keçirdi, müstəqilliyimizin əbədi qarantı oldu. «Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir» deyən   xalqına bağlı dahi Heydər Əliyev oldu. Azərbaycana rəhbərlik etdiyi hər  iki dövrdə   müstəqilliyimizin əbədiliyi naminə misilsiz xidmətləri ilə  Ümummilli Lider adını qazanan Heydər Əliyev ən çətin günlərdə xilaskar kimi milyonların  bələdçisi oldu.  

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi müddətdə 1991-ci ilin mart ayında  SSRİ-nin saxlanılması ilə əlaqədar keçirilən referenduma «yox» deməklə Azərbaycanın suverenliyini müdrikliyi ilə   qoruyan  Ümummilli Lider Heydər Əliyev   qətiyyəti ilə bir ordunun şücaəti   qədər siyasi iradə, cəsarət göstərdi. 17 noyabr 1990- cı ildə keçirilən Naxçıvan MR Ali Məclisinin  iclasına müdrik şəxsiyyət, deputat kimi sədrlik edən  Ulu Öndərin təşəbbüsü ilə «Naxçıvan MSSR»-in  adının dəyişdirilməsi, dövlət atributları sayılan  AXC-in üçrəngli bayrağının, himn və gerbinin bərpası barədə qərarın qəbulu tarixi hadisə idi. 1990- cı ildə Bakıda törədilmiş Yanvar hadisələrinə siyasi qiymətin verilməsinə həsr olunmuş Azərbaycan SSR Ali Sovetinin yarımçıq dayandırılmış sessiyasını  qətiyyətlə pisləyərək  Naxçıvan MR Ali Məclisinin sessiyasında  bu məsələnin müzakirəsini aktuallaşdırmaqla xalqımıza qarşı törədilən təcavüzə siyasi qiymət verdi. Fəaliyyətinin Naxçıvan dövrünü əhatə edən illərdə ən böyük xidmətlərindən biri, diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərarın qəbulu idi. SSRİ-nin cənub sərhədlərini qoruyan sovet ordusunun hərbi  arsenalı, silah-sursatı  muxtar respublikada qalmaqla bütün ordu  hissələrinin Naxçıvandan çıxarılmasına nail oldu. Məhz o illərdə yaradılan Naxçıvanın İnkişafı və Müdafiəsi Fonduna yığılan vəsait  Milli Ordunun  möhkəmlənməsinə sərf olundu.   Respublikada ilk sərhəd dəstəsi də Ulu Öndərin qətiyyəti ilə muxtar respublikada   yaradıldı.

  Ulu Öndər Naxçıvanda çalışarkən bütün Azərbaycan üçün göstərdiyi xidmətlərdən biri də respublikanın sərhədlərinin , Naxçıvanın ermənilər tərəfindən  işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi idi. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq  gücləndi. Böyük şəxsiyyət olan Heydər Əliyevin şəxsi  nüfuzu bu sahədə də özünü doğrultdu. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq , sənaye malları ən başlıcası isə enerji verildi. Türkiyə ilə  əlaqələrin möhkəmləndirilməsi üçün  «Ümid   körpüsü» salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti  üçün  geniş imkanlara malik Naxçıvan hava limanı,  Bakıda isə muxtar respublikanın nümayəndəliyi açıldı.

SSRİ-nin dağılması ilə 1991-ci il oktyabrın 18-də  müstəqilliyinin bərpasını Konstitusiya Aktı ilə  elan edən Azərbaycan suveren dövlət kimi tanındıqdan sonra xalqımızın üzləşdiyi  çətinliklər növbəti dəfə müstəqilliyimizin varlığını şübhə altına aldı. 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkədə xaos yaratdı. İqtisadiyyat, o cümlədən sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. Ovaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. Korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Qanunsuz silahlı birləşmələr xalqı təşvişdə saxlayırdı. Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzirdi, insanları incidirdi.  Ermənistanın torpaqlarımızı zəbt etdiyi həmin dövrdə ölkədə yaranan, hökm sürən inamsızlıq  müstəqilliyimiz üçün təhlükə yaradırdı.

 O dövrdə ölkədə yaranan vəziyyəti  «AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhəri onlar tərəfindən bombalanmışdı, qardaş qanı axıdılmışdı və bunun nəticəsində biz daha da böyük itkilərlə üzləşdik.

Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər» sözləri ilə xarakterizə edən Prezident İlham Əliyev   müdrik şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışını xalqın qarşısıalınmaz iradəsi adlandırıb.
 1993-cü ilin iyun ayında Bakıya gələn, Gəncə qiyamını yatırmaqla  Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edən qətiyyətli  siyasətçi    Heydər Əliyevin Ali Sovetin Sədri, sonra ölkənin Prezidenti seçilməsi ilə respublikada  inkişafa doğru addımlar atıldı. İlk növbədə, qanunsuz silahlı birləşmələr tərksilah edildi, ordu quruculuğunda ciddi islahatlar aparıldı, dövlətçiliyin əsasları qoyuldu, sabitlik təmin edildi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Müasir Azərbaycanda siyasi sistemi formalaşdıran Yeni Azərbaycan Partiyası yaradıldı.

Respublikaya  rəhbərliyinin hər iki dönəmində  dövlət müstəqilliyini qoruyan, ölkənin bazar iqtisadiyyatı yolu ilə tərəqqisinə  şərait yaradan, siyasi bilik və bacarığına, dövlətçilik təcrübəsinə güvənən Ulu Öndərin qətiyyəti ilə    dövlət müstəqilliyinə təhlükə olan  separatçılıq hallarına son qoyuldu. AXC-Müsavat iqtidarı tərəfindən  dağıdılan  ölkəni inkişaf etdirən  Ulu Öndər çıxış yolunu ölkəyə investisiya axınını sürətləndirməklə  sosial, iqtisadi inkişafın perspektivlərini müəyyənləşdirdi.

«Əsrin müqaviləsi»nin imzalanması ilə  dünyanın ən iri neft şirkətləri ölkəmizə dəvət edildi.  Müəllifi olduğu   neft strategiyasını həyata keçirən Ulu Öndər   respublikamızın qüdrətlənməsini təmin edən investisiya siyasətinin əsasını qoydu.   Azərbaycan tarixində  1970-1985-ci illərdəki təkamül də, 1993-2003-cü illərdə isə müstəqilliyin  möhkəmlənməsi naminə göstərilən siyasi iradə, bacarıq, dövlətçilik təcrübəsi də  Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

 Bütün quruculuq işlərinə strateji xarakter kimi diqqət yetirən, güclü potensialı, qətiyyəti ilə  xalqına, Vətəninə bağlılığını  təsdiqləyən Ulu Öndər Heydər Əliyev tarixi xidmətləri ilə müasir Azərbaycanın yaradıcısı olduğunu təsdiqlədi.  Müstəqilliyimizin əbədi qarantı kimi  respublikanı daxili və xarici qüvvələrin təhdid, təzyiq və təsirlərindən qorudu. «İnsanlarda milli  dirçəliş ideyasını yalnız milli liderlər həyata keçirə bilərlər» ifadəsi  məhz onun simasında əksini tapdı.

Demokratiyaya ölkə əhalisinin ümumi mənafeyinə və istəyinə uyğun islahatların tətbiqi kimi dəyər verən Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi islahatları saymaqla bitməz. Azərbaycan  Şərq aləmində ilk dəfə olaraq ölüm hökmünü ləğv edən ölkə kimi tanındı. İmzaladığı   əfv fərmanları və amnistiya aktları ilə azadlıqdan məhrum edilən yüzlərlə  məhbusu sağlam, ictimai fəaliyyətə qaytardı. Ölkədə söz, mətbuat ,vicdan azadlığı təmin edildi

2003-cü ildə  keçirilən prezident seçkisi ilə əlaqədar xalqa müraciət edən Ümummilli Lider Heydər Əliyev üçün ölkə vətəndaşlarının ümumi rəyi başlıca faktor, meyar idi.  Həmin müraciətdə  deyildiyi kimi,  yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən Prezident İlham Əliyevin ölkə rəhbərliyinə tövsiyəsi , «İnanıram ki, mənim axıra çatdıra  bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyinizlə İlham Əliyev başa çatdıra biləcək» sözləri ilə  Azərbaycanın dövlətçiliyini,  xalqının taleyini özünün həyat fəlsəfəsinin davamçısına etibar edən Ulu Öndər növbəti dəfə  fədakarlığını sübut etdi. 

Bu strategiyanı daha əzmlə, inamla davam etdirən  Prezident İlham Əliyevin daim diqqət göstərdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının həyata keçirilməsi ilə ölkədə böyük quruculuq işlərinə start verildi. Bütün bunların nəticəsində  bu gün   Azərbaycanın adı  beynəlxalq maliyyə təşkilatlarının reytinq cədvəllərində  ilk sıralarda çəkilir. Ən islahatçı ölkə kim nümunə göstərilir. Son illərdə baş verən qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayır. Ulu Öndərin  inamını doğruldaraq, Onun siyasi məktəbinin layiqli  davamçısı olduğunu  yeritdiyi düzgün siyasəti , rəhbərlik təcrübəsi, iradəsi və qətiyyəti ilə sübut edən Prezident İlham Əliyev  torpaqlarımızı Ermənistanın işğalından azad etməklə  xalqımızın etimadını, ata vəsiyyətinə sadiqliyini  doğrultdu. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin «Heydər Əliyev İli» elan olunması, dövlət başçımızın bu ilin 10 may tarixində  Şuşadan xalqımıza müraciəti müstəqilliyimizin əbədi qarantı  Ulu Öndərin xidmətlərinə verilən dəyərdir. «2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!.»  söyləyən Prezident İlham Əliyev bir daha təsdiqlədi ki, estafet etibarlı əllərdədir. Azərbaycanın müstəqilliyi əbədi, sarsılmaz və dönməzdir!

Xuraman İsmayılqızı, «İki sahil»