23 may 2023 15:57
810

Azərbaycan və Litva iqtisadi tərəfdaş kimi əlaqələrini daha da inkişaf etdirir - Kamran Bayramov

"Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoydu. Ümummilli lider Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatının inkişafında böyük təkan yarandı və bir çox ölkələrlə xarici iqtisadi münasibətlər quruldu. Azərbaycanın 1996-cı ildən Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı geniş sahələri-siyasi, iqtisadi, demokratik inkişaf, multikulturalizm, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrini əhatə edir və bu əməkdaşlıq cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində gündən-günə genişlənir.
Bu dövlətlərdən biri də Avropa İttifaqına daxil olan Litvadır. Litva Respublikası Azərbaycanın mustəqilliyini 1991-ci il dekabrın 20-də tanımış və 1995-ci ilin noyabr ayında iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Son illərdə Azərbaycanla Avropa İttifaqı ölkələri arasında strateji əməkdaşlığı mümkün və zəruri edən amillər kifayət qədər çoxdur. Qlobal enerji layihələrini, təhlükəsizlik, ticarət, investisiyalar kimi sahələri, həmçinin, siyasi əlaqələri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün fundamental əsaslar hesab etmək mümkündür. Azərbaycan-Avropa İttifaqı münasibətlərində diqqəti çəkən əsas məqam isə ondan ibarətdir ki, əlaqələrin dərinləşməsinə istək birtərəfli deyil."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi dövründə Litva-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycanın siyasi-strateji əhəmiyyətinə böyük önəm verən Litvanın rəsmi dairələri son illərdə ölkəmizə səfərlərini intensivləşdirib. iki dövlət arasındakı əlaqələrin intensivliyi Azərbaycan-Litva münasibətlərinin inkişafı üçün geniş perspektivlərin olduğundan xəbər verir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin  inkişafı baxımından çox əhəmiyyətlidir. Qarşılıqlı münasibətlərin yüksək səviyyədə olması özünü Azərbaycan və Litvanın dövlət başçılarının davamlı, qarşılıqlı xarakter daşıyan səfərlərində və iki dövlət arasında imzalanan çoxsaylı sənədlərdə aydın görünür. 

Deputat diqqətə çatdırıb ki Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə mətbuata bəyanatında bir il əvvəl Azərbaycana səfəri çərçivəsində ikitərəfli əməkdaşlıq, o cümlədən, iqtisadiyyat və təhsil sahələrində əlaqələrin gücləndirilməsi barədə əhəmiyyətli müzakirələrin aparıldığını bildirib: «Bu gün cənab Prezident Əliyev ilə mən ikinci Litva-Azərbaycan biznes forumunun açılışını edəcəyik. Əminəm ki, bu platformada iqtisadi sahədə yeni imkanlar yaranacaqdır. Eyni zamanda, bu gün ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı. Bu, bizim ikitərəfli münasibətlərimizin inkişafına mühüm təkan verəcəkdir”.»
Litvalı həmkarı ilə bir çox məsələləri müzakirə etdiklərini bildirən dövlətimizin başçısı deyib ki, strateji tərəfdaşlar kimi Litva və Azərbaycan bir-biri ilə uğurla əməkdaşlıq edir. Hər iki ölkə Avrasiyada daha rahat və təhlükəsiz nəqliyyat və kommunikasiya imkanlarının yaradılmasına böyük səylər göstərir və bu istiqamətdə yaxından əməkdaşlıq edirlər. Dünyada hökm sürən yeni geosiyasi reallıqlar Azərbaycanın və Litvanın geostrateji mövqelərini təkcə Cənubi Qafqazda və Baltikyanı ərazilərdə deyil, bütövlükdə Avrasiyada möhkəmləndirib və hər iki ölkə nəqliyyat və enerji dəhlizlərinin diversifikasiyası prosesində fəal mövqe sərgiləyirlər.

K.Bayramov vurğulayıb ki, ötən ilin mayında Litva Prezidentinin ölkəmizə səfərindən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlət başçısı hazırda bu memorandumun uğurla icra edildiyini vurğulayıb: «Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq".

K.Bayramov əlavə edib ki, Azərbaycan Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna, müxtəlif iqtisadi layihələrin birgə həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bütün bunlar bir daha deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan və Litva iqtisadi tərəfdaş kimi əlaqələrini daha da inkişaf etdirəcəklər.