Azərbaycanın İkinci Qarabağ Müharibəsində parlaq qələbə qazanması, eyni zamanda dünyada qüdrətinin, nüfuzunun artması Ermənistanı və bacısı Fransanı xeyli narahat edib. Ölkəmizə qarşı ikiüzlü və riyakar siyasət nümayiş etdirən Fransa müxtəlif müdaxilələrlə Ermənistanı təxribatlara sürükləyərək sülh prosesinə mane olur. Ümumilikdə Fransa regionda sülhün bərqərar olmasına böyük zərbə vurur.
Haqsız Ermənistanı dəstəkləyən Fransa artıq Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesindən də tam kənarda qalıb. Son Praqa görüşündə də şahidi olduq ki, Ermənistan nə qədər cəhd etsə də Fransanı danışıqlar prosesinə daxil edə bilmədi. Azərbaycan dövlətinin göstərdiyi qətiyyət və prinsipiallıq nəticəsində Fransa danışıqlar prosesini və Paşinyanın məğlubiyyətini kənardan izləməli oldu.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Fransa tarix boyu işğalçılıq siyasəti yürütmüş və separatizmə dəstək vermiş, dünyanın 50-dən çox ölkəsini işğal edərək həmin ölkələrdə günahsız insanlara qarşı qətliamlar törətmiş, sərvətlərini talan etmişdir. Bununda nəticəsidir ki, artıq Fransa dünya miqyasında işğalçı dövlət kimi tanınır və onun nüfuzu xeyli zəifləyib. İrəvan hakimiyyəti başa düşməlidir ki, Fransa şəxsi mənafeləri naminə Ermənistanı təxribatlara təhrik edərək uçuruma aparır. Ermənistan Fransanın qurduğu oyunlara aldanmamalı və bu oyunlara qurban getməməlidir. Rəsmi İrəvan vəziyyəti düzgün dəyərləndirməlidir: maşa dövlət olmaqdan əl çəkməli, müstəqil qərarlar verməli və Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab verərək uçurumdan xilas olmalıdır.
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri