23 may 2023 00:49
486

Böyük Qayıdış: Hədəfimizə addım-addım, ilmə-ilmə yaxınlaşırıq

Tarixi ədalətin bərpası, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın yağı tapdağından azad edilməsi ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfər Azərbaycanın hərbi qüdrəti ilə yanaşı, iqtisadi gücünü də nümayiş etdirdi. Hətta inkişaf etmiş dövlətlərin belə koronavirus pandemiyasının təsirlərindən ciddi problemlər yaşadığı bir vaxtda Azərbaycan iyrimi birinci əsrin müharibəsini apardı, eyni zamanda, postmüharibə dövründə azad edilmiş ərazilərdə başladılan geniş quruculuq işləri, nəhəng infrastruktur layihələri ilə dayanıqlı və möhkəm təməllər üzərində qurulmuş iqtisadi potensiala malik olduğunu sübut etdi.

 Şanlı Zəfərimizdən keçən müddət ərzində erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində misli görünməmiş irimiqyaslı layihələr icra olunur, yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, şəhərlərin, kəndlərin baş planları, layihələri hazırlanır, yaşayış binalarının təməlləri qoyulur. Ölkəmizin başçısının işğaldan azad edilmiş rayonlara hər yeni səfəri zamanı yeni hədəflər müəyyənləşdirilir, böyük layihələrin sürətli icrasına start verilir.

Artıq azad edilmiş ərazilərdə bir sıra iri layihələrin icrası başa çatdırılıb. Beləliklə, Şuşaya Zəfər yolunun çəkilməsi, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının inşası, Zəngilanda Ağalı kəndinin bərpası, yeni su-elektrik stansiyalarının, yarımstansiyaların tikilib istifadəyə verilməsi, Şuşa şəhərində başlanan bəzi layihələrin yekunlaşması azad olunmuş ərazilərin bərpası işlərinin sürətlə həyata keçirilməsindən xəbər verir.

Bu gün genişmiqyaslı layihələrin uğurla reallaşdırılması sayəsində Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydanına bənzəyir. Artıq iki yaşayış məntəqəsində- Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərində keçmiş köçkünlər yaşayırlar.

2023-cü il may ayının əvvəlində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə səfər ediblər. Səfər zamanı Şərqi Zəngəzur və Qarabağda 10-dan çox kəndin təməli qoyulub, eyni zamanda bir sıra açılış mərasimləri keçirilib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan güclü iqtisadiyyata malik olan dövlətdir. Tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür.

Təbii ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Böyük Qayıdışa hazırlaşan insanlarımızda qürur hissi oyadır.

Dövlət başçısı aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində ötən müddətdə işğaldan azad edilmiş ərazilərdə görülmüş işlərin Azərbaycanın gücünü və potensialını nümayiş etdirdiyini bildirib: “Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz-bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz-bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir”.

Erməni vandalizminin qurbanı olan tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə gəlməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir.

Qətiyyətlə demək olar ki, dövlət başçısının rəhbərliyi, güclü iradəsi, qətiyyəti və xalqımızın birliyi, həmçinin ölkəmizin iqtisadi qüdrəti sayəsində Azərbaycan bütün dağıdılmış şəhərlərimizi, kəndlərimizi yenidən quracaq, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcək.

Zahid Rza, “İki sahil”