23 may 2023 01:57
545

Xankəndidə Azərbaycanın suveren hüquqlarının bərpasına az qalıb

Vardanyanın son açıqlamaları separatçı rejimin əlacsızlığının etirafıdır

Laçın-Xankəndi yolunda Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin həm işğalçı Ermənistan, həm də Xankəndidəki separatçılar üzərindəki  növbəti qələbəsidir. Xüsusilə sərhəd buraxılış məntəqəsindən keçən erməni əsilli Azərbaycan vətəndaşlarının sərhəd qanuvericiliyinə uyğun olaraq yoxlanılması qürurverici hadisədir. Çünki bu, ermənilərdə bir daha əminlik yaradır ki, Azərbaycan dövləti qısa müddətdə Xankəndidə və ətraf qəsəbələrdə də öz suverenliyini tamamilə bərpa edəcəkdir. Ona görə də onların qarşısında iki seçim yaranıb: ya Azərbaycan vətəndaşlığını qəbul etməklə ölkəmizdə normal yaşamaq imkanları qazanırlar, ya da ki, yaşamağa başqa yer tapmalıdırlar.

Qeyd edək ki, işğalçı ölkə bu yoldan qeyri-qanuni istifadə etməklə Rusiya sülhməramlı kontingentinin müvəqqəti  yerləşdiyi Azərbaycan ərazilərindəki separatçılara silah daşıyırdı. Bu isə10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olmaqla regionda sabitliyə və təhlükəsizliyə ciddi təhlükələr  yaradırdı. Xüsusilə, son zamanlar Azərbaycan ərazilərində basdırılan Ermənistan istehsalı olan minalar və separatçıların digər hərbi təxribatları dediklərimizin təsdiqidir.

Bu arada Xankəndidə  məskunlaşmış separatçı rejimin sabiq «dövlət naziri», milyarder Ruben Vardanyanın diqqətçəkici açıqlamaları erməniləri bir xeyli məyus edib. O, müsahibə verərək bildirib ki, Azərbaycan hərbçiləri Xankəndi- Laçın yolunu ciddi şəkildə nəzarətəgötürdüklərindən buradan heç yerə çıxa bilmir. Hətta jurnalistin «Siz bir milyarder kimi, vertalyotla da çıxa bilərsiniz» atmacasına «vertalyotu da vura bilərlər» cavabını verib. Göründüyü kimi,  Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü tamamilə bərpa etmək istiqamətində atdığı davamlı və uğurlu addımlar vardanyanları  və arutyuyanları dalana dirəyib.

Bəli,  Ruben Vardanyan Xankəndiyə gələndən sonra ermənilərin gözlədiyi kimi, nəinki milli qəhrəman olmadı, əksinə bu gün onlara ciddi problemlər yaşadan arzuolunmaz şəxsə çevrilib. Çünki aclıq və səfalət içərisində yaşayan ermənilərin vəziyyəti onun gəlişindən sonra daha da ağırlaşıb. Hətta ermənilər buradan qaçmaq istəsələr də separatçı rejimin silahlı tör-töküntülərinin hədələri və zorakılığı ilə üzləşirlər.

Əvvəldə qeyd etdiyimiz kimi, bu gün Azərbaycan sərhədçilərinin Laçın- Xankəndi yolunda fəaliyyət göstərən  sərhəd buraxılış məntəqəsi erməni terrorizminə qarşı mübarizədə kifayət qədər təsirli metoddur. Düzdür, ermənilər iddia edirlər ki, guya bu sərhəd əməliyyatları onları «blokadaya» salıb. Halbuki, bu yolda hər hansı blokadanın olmadığı foto və videofaktlarla birmənalı şəkildə sübuta yetirilib. Yəni, ərzaq və digər ehtiyac ləvazimatları ilə yüklənmiş avtomobillərin hərəkətinə azərbaycanlı sərhədçilərin  mane olmadığı aydın şəkildə görünür.

Laçın-Xankəndi yolunda  sərhəd keçid məntəqəsinin qurulması həm Rusiya sülhməramlılarına, həm də Ermənistana bir daha göstərdi ki, bu  yolun hətta hərbi vasitələrlə nəzarətə götürülməsi Azərbaycan üçün elə də çətin məsələ deyildi. Bundan sonra Xankəndidəki separatçılar Laçın -Xankəndi yolundakı sərhəd buraxılış məntəqəsinin ləğv olunma imkanlarını Rusiyanın Qarabağdakı müvəqqəti sülhməramlı kontingentinin yeni komandiri, general-polkovnik Aleksandr Lentsovla da geniş müzakirə ediblər. Bu müzakirələrdən sonra onlar güman edirdilər ki, yeni komandan sözügedən sərhəd keçid məntəqəsinin  ləğvinə nail olacaq. Lakin Lentsovun mayın 4-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdən əli boş qayıtması onların bütün ümidlərini alt-üst edib. Azərbaycanın müdafiə naziri Lentsova birmənalı şəkildə bildirib ki, Laçın –Xankəndi yolu Azərbaycanın suveren ərazisi olduğundan beynəlxalq hüquq normalarına görə heç kim buna müqavimət göstərə bilməz.

Artıq ermənilər anlayırlar ki, onları nə ruben vardanyanların maliyyəsi, nə də araik arutyunyanların boş vədləri xilas etməyəcək. Ona görə də Xankəndidəki mövcud situasiyaya görə separatçı-terrorçuların rəhbərləri ilə burada yaşayan dinc erməni əhalisi arasındakı münasibətlər getdikcə daha da gərginləşir. Artıq yerli ermənilər arasında da mövcud situasiyadan yeganə çıxış yolu kimi, məhz Azərbaycan Respublikasının  vətəndaşlığını qəbul etməyə yönəlik çağırışlar eşidilməyə başlanılıb.

Elçin Zaman, «İki sahil»