Cənab İlham Əliyev bildirir ki, bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir
“Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar.” Dövlət başçısı İlham Əliyevin ötən il Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə böyük əminliklə səsləndirdiyi bu fikirlər, inam təbii ki, tarixi ədalətə əsaslanır. Ölkə Prezidenti cari ilin yanvar ayında Azərbaycan Televiziyasına müsahibəsində bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, əlbəttə, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq.
Cənab İlham Əliyevin 2021-ci ildə keçirilən Vaqif Poeziya Günlərində çıxışı zamanı səsləndirdiyi bu fikirləri də yada salmaq istərdik. «İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim» söyləyən dövlət başçısı bildirdi ki, ancaq həyat ədalətin varlığını göstərdi. Sadəcə, dözümlü, səbirli olmaq, ədalətə inanmaq və ədalətə nail olmaq üçün çalışmaq, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır: «Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.»
30 illik işğal dövrünün reallıqlarını yada salmaqla Qərbi Azərbaycana qayıdış istəyimizi böyük əminliklə ifadə edə bilərik. Bu baxımdan ki, baxmayaraq o illərdə vəziyyət nə qədər gərgin olsa da, dünya ikili siyasəti ilə işğalçı Ermənistana dəstək missiyasını yerinə yetirsə də Azərbaycan dövləti, xalqı ədalətin zəfər çalacağına əmin idi. Münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu sabaha daha böyük inamla baxmağa əsas verirdi. Təbii ki, Azərbaycan 30 illik işğal dövründə bütün səylərini hər bir sahədə uğurlu inkişafa nail olmağa, eyni zamanda, Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasına yönəltdi. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşdı. Azərbaycanın diplomatik uğurları biri-birini əvəzlədi. Dövlət başçısı İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın «Qarabağ Ermənistandır və nöqtə» sərsəm bəyanatına cavab olaraq «Qarabağ Azərbaycandır və nida işarəsi» bildirdi və bu çağırış 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. Tarixi Zəfərimiz bu reallığın təsdiqi oldu. Bir daha sübut olundu ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var və onların tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Azərbaycan dövləti, həmçinin BMT-nin tərkibində təkmilləşmənin vacibliyini gündəmə gətirdi. 30 ildə dünya güclərinin icrasını mümkün etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan Ordusu təkbaşına icra etdi. Dövlət başçısı İlham Əliyevin dünyaya ünvanlanan mesajlarında bu mühüm məqam da xüsusi qeyd edilir ki, bəzən bu qətnamələr 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 28 il gözlədik.
Bu gün həmin dövrü böyük sıxıntı, ürək ağrısı ilə xatırlasaq da təsəllimiz təbii ki, torpaqlarımızın tarixi sahibinə qovuşması, hazırda özünün yeni inkişaf dövrünü yaşamasıdır. Artıq Zəngilanın Ağalı, Tərtər rayonunun Talış kəndləri sakinlərinə qovuşub. Cənab İlham Əliyev cari ildə görülən işləri, hədəfləri açıqlayarkən bildirir ki, bu il laçınlılar Laçına qayıdacaq. Hər bir hədəfin zamanında və yüksək səviyyədə həyata keçirilməsi yeni-yeni hədəflərə yol açır.
Qeyd etdiyimiz kimi, bu gün Qərbi Azərbaycana qayıdışdan bəhs edirik. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi demək olacaq. Hər kəsin öz əzəli vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bu gün artıq qeyd edilən istiqamətdə hərtərəfli işlərə başlanılıb. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Sənəddə bu faktlar xüsusi qeyd edilir ki, azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırım, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Bu aktların, o cümlədən 1918-1921-ci illərdə “Ermənistan respublikası”, “Dağlıq Ermənistan respublikası” adlanan qurumların, Sovet İttifaqının, ələlxüsus, Zəngəzur daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox bölgələri Ermənistana vermiş və yüz min azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atmış SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və Ermənistan SSR-in 1987-1991-ci illərdə törətdiyi əməllərin nəticələri hələ də qalmaqdadır. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib. Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət səviyyəsində şöhrətləndirilir.
Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. Əvvəldə də qeyd etdiyimiz kimi, 2020-ci il tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayır, qurur, yaradırıq. Dövlət başçısı İlham Əliyev çıxışlarında onu da əlavə edir ki, işğaldan azad edilmiş ərazilərimizdə dağıntıları aradan qaldırır və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin «sevimli erməni» xalqıdır: «Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər.»
Tarixin ayrı-ayrı mərhələlərində azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən ermənilər himayədarlarının, erməni diasporunun yalan təbliğatı ilə dünyada özləri barədə «döyülən, əzilən, yazıq, məzlum» bir millət imicini qazandırmışdılar. Bu, o illər idi ki, erməni yalanları ayaq tutub yeriyirdi. Buna səbəb Azərbaycan haqqında məlumatsızlıq idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlətimizin xarici siyasət uğurları, diaspor quruculuğunun dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi erməni yalanlarının ifşasında öz sözünü dedi. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı. Baxmayaraq ki, dünyanın ikili standartlara əsaslanan siyasəti bu gün də davam edir, amma ədaləti, beynəlxalq hüququ inkar etmək qeyri-mümkündür.
Reallıq budur ki, İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilib. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün türk dünyasını parçaladı. Bu gün türk dünyası coğrafi baxımdan parçalanıb. Siyasi addımlarla, iqtisadi təşəbbüslərlə, Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə görüşlərinin keçirilməsi ilə bütün türk dünyasını birləşdirməyə səy göstərilir. Ancaq coğrafi cəhətdən bu gün türk dünyası parçalanıb. Bu baxımdan cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, bütün bu tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Ona görə bu kitabların xarici dillərdə nəşri xüsusi məna daşıyır. Dövlət başçısı eyni çağırışla Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə çıxış etdi: «Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik.»
Azərbaycan xalqı yenilməzliyi, məğrurluğu, tarixinə sahib çıxması ilə daim dünyanın diqqətində olub. Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Ümummilli Liderin çağırışları sırasında bu mühüm məqam xüsusi yer tuturdu ki, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Tariximizin parlaq səhifələri ilə yanaşı, qaranlıq, faciəli səhifələri də vardır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti İli» elan edilməsi bir daha tariximizin öyrənilməsinə, hər bir səhifəsinin vərəqlənməsinə və təbliğinə xidmət edən addımlar sırasındandır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşü ziyalılarla olmuşdu. Ümummilli Lider ziyalıların qarşısında bu mühüm vəzifəni qoymuşdu-Tarixin saxtalaşdırılmasına göz yummamalı, tarixi faktlarla bu saxtalaşdırmanın qarşısını almalı. «Tarix heç nəyi silmir» söyləyən Ulu Öndər tarixi araşdırmaların daha da genişləndirilməsini, tariximizi özündə əks etdirən kitabların müxtəlif dillərdə çap olunub dünya ictimaiyyətinə çatdırılmasını ən vacib məsələ kimi önə çəkmişdir. Dövlətimizin başçısı İlham Əliyev 2015-ci ildə Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş illik ümumi yığıncağında bildirmişdir ki, biz öz tariximizi, reallıqlarımızı dünya miqyasında daha da dolğun təqdim etməliyik: «Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir.»
Tarixi Zəfərə məhz bu reallıqlara, tarixi həqiqətlərə söykənərək nail olduq. Azərbaycan ötən 30 ildə tarixinə sahib çıxaraq hər bir səhifəsini əziz bilərək dünya ictimaiyyətini dolğun şəkildə məlumatlandırmaq üçün bütün səylərini birləşdirdi. Hər bir dövlətin xaricdə varlığı kimi dəyərləndirilən diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Dünya azərbaycanlılarının bir araya gəlməsi, yumruq kimi birləşməsi, yaşadıqları ölkələrdə cərəyan edən proseslərə təsir imkanlarını artırmaq üçün ciddi səylər göstərildi. Ümummilli Liderin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Məhz bu qurultay soydaşlarımızın birliyinin möhkəmləndirilməsinə böyük töhfə oldu. Hər beş ildən bir keçirilən dünya azərbaycanlılarının qurultayı Azərbaycanın bu illər əldə etdiyi uğurların təhlili, həmçinin qarşıda dayanan hədəflərin təbliği baxımından əhəmiyyətli hadisəyə çevrildi. Ötən ilin mühüm hadisəsi isə Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada Dünya Azərbaycanlılarının Zəfər Qurultayının keçirilməsi oldu. Onlar bir araya gələrək postmünaqişə dövrünün reallıqlarının qarşıya qoyduğu hədəflərin reallığa çevrilməsində üzərilərinə düşən vəzifələri müzakirə etdilər. Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə də təbliğat işində diasporun fəaliyyətinə xüsusi diqqət göstərdi. «Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, bununla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq. Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir.
Soydaşlarımızın Qərbi Azərbaycandan çıxarılmasına, etnik təmizləməyə, soyqırıma məruz qalmasına dair çox sayda tarixi sənədlər, faktlar mövcuddur. Beynəlxalq mənbələrdə də bu məqamlarla bağlı faktlar var. Ona görə də monoetnik dövlətə çevrilən Ermənistan bu məsələdə hər hansı manipulyasiyaya yol verə bilməz. Azərbaycan Qərbi Azərbaycana Qayıdış məsələsinə təbii ki, dinc yolla nail olmaq istəyir. Bununla bağlı dövlət başçısı da öz mövqeyini bəyan edib. Qərbi azərbaycanlıların qayıdışı tələbi haqlı, ədalətli olduğu qədər də beynəlxalq hüquqa tam uyğundur. Ona görə də bu istiqamətdə beynəlxalq müstəvidə ardıcıl iş aparılmalı, həqiqətlər sənədlərlə, faktlarla çatdırılmalıdır. Azərbaycanlıların öz vətənlərinə qayıdışı həm də iki ölkə arasında sülhə, etimada böyük töhfə ola bilər.
Qərbi Azərbaycana Qayıdış Proqramında bir daha qeyd edilir ki, Qərbi Azərbaycan İcması ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir.
Yeganə Əliyeva, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri