20 may 2023 00:12
596

Çürük portağal qədər dəyəri olmayan Fatih Portağal Azərbaycandan üzr istəməlidir

Azərbaycan və Türkiyə əsrlər boyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan, Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, “Bir millət, iki dövlət”dir. Bu gün  iki dövlət arasında münasibətlərin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Bu münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Prezident İlham Əliyev və birinci xanımlar Əminə Ərdoğan və Mehriban Əliyevanın iştirakı ilə aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında ölkəmizin başçısı bildirib ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir:.. “Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”.

 Azərbaycanla Türkiyənin bir yerdə, “Bir millət, iki dövlət”, “Bir yumruq!” olması bəzi ölkələri, ayrı-ayrı güc mərkəzlərini, ermənipərəst dairələri ciddi şəkildə narahat edir, yuxusunu ərşə çəkir. Həmin dairələr öz əlatıları, inhisarlarında olan media qurumlarında yuva salmış muzdlu nökərləri vasitəsilə bu birliyə qarşı qaryaxma kampaniyası aparırlar. Belə muzdlu “qara piarçı”lardan biri də vaxtilə Avstraliya mənşəli media maqnatı Rupert Merdokun sahibi olduğu Fox televiziya kanalında, hazırda isə Sözçü Tv-də çalışan Fatih Portağaldır. Bu günlərdə sosial şəbəkədə açdığı canlı yayımda bildirib ki, Azərbaycandan Türkiyəyə dost olmaz: “Riskli, çətin günlər yaşayırıq. Türkiyə mürəkkəb bir coğrafiyanın içərisindədir və burda ən önəmli şey… Baxın, dostumuz yoxdur: nə rusdan dostumuz olar, nə amerikalıdan, nə Suriya, İrandan, osundan-busundan. Azərbaycandan-filan… Azərbaycandan, heç kimsədən. Olsa olsa, Şimali Kiprdən olar…”

Türkiyə üzərindən Azərbaycan əleyhinə təbliğat aparan F.Portağal əmrinə müntəzir olduğu dairələrin sifarişi ilə hətta öz ölkəsinə, Prezident Rəcəb Tayyib Ərdoğana qarşı zaman-zaman  “qara piar” kampaniyası apararaq qosqoca bir dövləti beynəlxalq aləmdə və milyonların gözündə etibarsızlaşdırmaq üçün ən çirkin vasitələrə əl atıb.

Bir müddət əvvəl Parisdəki etirazlardan sonra F.Portağalın televiziya ekranlarından məkrli, məqsədli şəkildə Türkiyə ictimaiyyətinə yönəlik “Qiymət artımlarına etiraz edin, neçə nəfər küçəyə çıxa biləcək” sözləri Prezident Rəcəb Tayyib Ərdoğanı qəzəbləndirmişdi: “Birisi - portağaldır, mandarindir-ortaya çıxıb xalqı küçəyə çağırır. Həddini bil. Həddini bilməsən, bu millət çənəni partladar. Əxlaqsıza bax, əxlaqsıza bax, bu nə tərbiyəsizlikdir”.

Bildiyimiz kimi, çürük Portağal bundan əvvəl də Azərbaycana qarşı bu cür çürük fikirlər səsləndirib. Qlobal sərmayəçilərin tapşırıqlarını yerinə yetirən, çürük portağal qədər dəyəri olmayan F.Portağal Azərbaycan haqqında söylədiyi iyrənc fikirlərə görə sosial mediada türkiyəli qardaşlarımız tərəfindən sərt şəkildə tənqid olunub. Sadə vətəndaşlar, bəzi sənət adamları, siyasətçilər, ictimai xadimlər bəzi məkrli dairələrin qulbeçəsi olan bu telejurnalisti Azərbaycandan üzr istəməyə çağırıblar.

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal Fatih Portağalın əxlaqsız və həyasız açıqlamasına daha sərt münasibət bildirib: “Azərbaycan əzizdir, Turandır. Azərbaycan türklərindən, Azərbaycandan üzr istəməlisən. Bəlkə Azərbaycan sizin gözünüzdə dost deyil, amma türk millətinin gözündə Azərbaycan dostdan da artıqdır, qardaşdır. Rəsmi adı Azərbaycan Respublikasıdır. İki qardaş dövlətin vətəndaşları da əsl qardaşdırlar, Fatih Portağal. Siz ermənilərlə danışaraq Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pozmağa, qardaşları döyüşdürməyə çalışırsınız. Unutmayın, bacara bilməyəcəksiniz. Bu qardaşlığın əsası 1918-ci ildə qoyulub. Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova məktub yazaraq borc istəyir. Azərbaycan türklərindən topladığı yardımla Nərimanov dərhal 500 kiloqram qızıl göndərdi. N.Nərimanov, Mustafa Kamal Paşanın məktubuna yazdığı cavab məktubunda “Paşam, qardaş qardaşa borc verməz. Qardaş həmişə qardaşın əlindən tutar. Biz qardaşıq, hər zaman sizin əlinizi tutacağıq və tutmağa da davam edəcəyik” deyib. Azərbaycan türklərindən, Azərbaycandan üzr istəməlisən”.

Nəhayət, bizlər də əmin olmaq istərdik ki, Türkiyə Medya Dərnəyi Başqanı Əkrəm Qızıldaşın söylədiyi kimi, yalançı və saxtakar, böyük ehtimalla yediyi çörəyin qarşılığını vermək üçün vətəndaşı olduğu ölkəsini günahlandıra və ona xəyanət mənasına gələn sözlər deyə biləcək qədər alçalmış biri olan çürük F.Portağal tezliklə Azərbaycandan, eləcə də bütün türk dünyasından üzr istəyəcək…

Zahid Rza, “İki sahil”