Özünü axmaq vəziyyətə salmış baş nazir Nikol Paşinyan düçar oldiğu durumdan birtəhər çıxmağa çalışır. Hər yerdə bir siçan yolu axtarsa da tapa bilmir. Bir tərəfdən öz kreslosunu qorumaq üçün cəhdlər edir, digər tərəfdən sülh danışıqlarından minimum itkilərlə, maksimum qazancla çıxmaq istəyir. İştaha bax ha! Sülh sazişinin imzalanmasını mümkün qədər uzatmaq da bu məqsədlərə xidmət edir. Açıq görünür ki, Hayastan rəhbərliyi başdan-ayağa qeyri-səmimidir, davranışlarında və mövqeyində saxtakarlıqdan əl çəkmir. Yoxsa sülh istəyən ölkə Brüssel danışıqlarından bir neçə saat əvvəl Azərbaycana qarşı hərbi təxribatlara əl atmaz, hərbçilərimizi qətlə yetirməz və yaralamazdı. Yaxud, misal üçün bir müddət əvvəl mayın 19-da Moskvada, XİN rəhbərləri səviyyəsində görüş planlaşdırıldığına baxmayaraq ondan bir neçə gün əvvəl Ermənistan hərbçiləri mövqelərimizə PUA-larla hücum edir. Biz heç də iddia etmirik ki, Ermənistan Azərbaycan tərəfə ağ rəngli sülh göyərçini uçurtsun, bunu onsuz da qətiyyən gözləmirik, amma PUA da uçurtmasın! Biz bunu ona bağışlayarıqmı? Əlbəttə, yox! Əks halda, nə sülh olacaq, nə hayların sığındığı 29,8 min kvadratkilometrlik ərazi! Belə başa düşəcəyik ki, Nikol Paşinyan və haylarına 29,8 min kvadratkilometrlik ərazi də çoxluq edir. İstəyir ki, Azərbaycan 1918-20-ci illərdəki xəritələrə uyğun qursun sərhədini – Göyçə gölünün üçdə ikisinin biz tərəfdə olması vəziyyətində... Həm də elə o xəritə 103 il əvvəl Ermənistanın “böyük bacısı”nın paytaxtında, Paris Sülh Konfransında təsdiqlənib. Ən əsası: Zəngəzurun ermənilərə verilməsi Fransanın paytaxtı Parisdə nəşr olunan “L’Œuvre” qəzetinin 1920-ci il 14 iyul tarixli nömrəsində manşetdə tirajlanıb.
Xatırladaq ki, Sovet dövlətinin təzyiqi ilə İrəvan şəhəri Azərbaycandan alınaraq yüz il müddətinə müvəqqəti olaraq paytaxt kimi Ermənistana verilib. Bununla kifayətlənməyən ermənipərəst bolşevik hakimiyyəti müxtəlif illərdə Azərbaycan torpaqlarını zorla hissə-hissə alaraq ermənilərə bağışlayıb.
Sovet imperiyasının hərtərəfli köməyi ilə ərazimizdə dövlət quran haylar otuz il əvvəl işğal etdikləri ərazilərimizi də özümüzə qaytarmaq istəmirlər. Köhnə iy burunlarında qalıb. Guya hiylə işlədərək vaxtı sonsuza qədər uzatmağa çalışırlar. Bunun üçün onlar müxtəlif bəhanələr də tapıblar.
Ermənistanın konstitusiya hüququ üzrə mütəxəssisi Vardan Poqosyan iddia edib ki, Qazaxın Əskipara və Sədərəyin Kərki kəndlərini Azərbaycana qaytarıb-qaytarmaması ilə bağlı Ermənistanda konstitusiya referendumu keçirilməlidir. İlkin baxışda anormallıqdır. Ancaq dərinə varanda bunun anormallıqdan çox dəlilik və gicbəsərlik olduğu anlaşılır. Bəyəm o kəndlər Ermənistanındırmı ki, orada referendum keçirilsin? Azərbaycana məxsus bu anklav kəndlərin qaytarılması əslində 10 noyabr 2020-ci il razılaşmasına uyğun dərhal həyata keçirilməli idi. Amma Azərbaycanın ərazi bütövlüyünü tanıdığını sözdə bəyan edən Nikol Paşinyan hələ də bu istiqamətdə addım atmayıb. Qarabağdakı 10 minlik terrorçu dəstələrini ərazimizdən çıxarmadığı kimi. Bəli, Ermənistanda konstitusiya dəyişikliklərini nəzərdə tutan referendum keçirilməlidir: Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının əksini tapdığı ölkə konstitusiyası dəyişdirilməlidir. Üstəlik üzərində Türkiyə ərazisində olan Ağrı dağının təsvir olunduğu gerb də daxil olmaqla.
Biz hələ ki, gözləyirik. Amma gözləməyin də bir sonu var.
Vəli İlyasov, "İki sahil"
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri