Türkiyədə keçirilən prezident və parlament seçkilərində sandıq başına toplaşan xalq «Nə mutlu turküm deyənə!» hikmətinin sevincini yaşadı
İqtisadi gücü, siyasi nüfuzu, demokratik islahatları, hərbi, müdafiə qüdrəti ilə dünya dövlətləri arasında ilk sıralarda dayanan Türkiyə may ayının 14 –də keçirilən prezident və parlament seçkilərində birlik və həmrəyliyini nümayiş etdirdi. Həmin gün türk xalqı öndərləri Mustafa Kamal Atatürkün «Amerika, Avropa və bütün sivilizasiya dünyası bilməlidir ki, türk xalqı hər bir sivilizasiyalı və qabiliyyətli millət kimi, qeyd-şərtsiz azad və müstəqil yaşamağa qərar veribdir. Bu haqlı qərarı pozmağa yönələn hər bir qüvvə Türkiyənin əbədi düşməni kimi qalacaqdır. Bu barədə insaniyyət və sivilizasiya aləminin təmiz vicdanı , şübhəsiz Türkiyə ilə yekdildir» kəlamına uyğun birlik və həmrəyliklərini gerçəkləşdirdi. Bütün dünya gördü ki, millətin zəkasından qaynaqlanan gücü heç bir qüvvə dayandıra bilməz. Çünki əsrlərdən bəri «Öyün, Çalış, Güvən» müdrik kəlamlarına sadiqliyini ən çətin günlərdə də bildirən türk xalqı ATAlarının «Qoy ölkəmizə zəngin ölkə, zənginlər ölkəsi, yeni Türkiyənin adına da çalışqanlar diyarı deyilsin. Bax, millət belə bir dövrün tarixini yaradacaqdır» sözlərini birlik və həmrəylikləri ilə doğrultdular. Mustafa Kamal Atatürkün yaratdığı Vətənlərinə sahib çıxaraq inkişaf etdirirlər. Türkiyənin daha da qüdrətlənməsi naminə millətin rəy və iradəsinə əsaslanan dövlət ətrafında sıx birləşirlər. «Yurdda sülh, cihanda sülh» çağırışı Türkiyə vətəndaşlarının siyasi , iqtisadi, demokratik inkişaf yolunda bələdçisidir. Bir əsr bu ideyalar əsasında , tərəqqi yolunda addımlayan, ən çətin imtahanlardan mətinliklə çıxan, varlığının toxunulmazlığını bütün cəbhələrdə qazandığı uğurları ilə təsdiqləyən Türkiyə artıq dünyada söz sahibi kimi böyük gücə, siyasi nüfuza malik olduğuna əbədi möhür vurub. «Heç bir zəfər məqsəd deyildir. Zəfər, ancaq özündən daha böyük olan bir məqsədə çatmaq üçün lazım olan mühüm vasitədir. Məqsəd ideyadır. Zəfər bir ideyanın həyata keçirilməsinə etdiyi xidmətin nisbətinə görə öz dəyərini ifadə edir. Hər hansı bir ideyanın həyata keçirilməsinə əsaslanmayan bir zəfər davamlı ola bilməz» söyləyən türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün sözlərini «Azərbaycanda biz Atatürkün bütün türk dünyası üçün nə qədər böyük şəxsiyyət olduğunu xalqımıza bildirmişik» kəlamlarını qardaşlığımızın rəmzi kimi tarixiləşdirən Ulu Öndər Heydər Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini vacib amil hesab edirdi. Hər iki öndər türkdilli dövlətlərlə münasibətlərin gücləndirilməsinə üstünlük verərək faydalı əməkdaşlığı genişləndirmək, möhkəmləndirmək üçün tarixi xidmətlərinə imza atmışlar.
Bu birlik 14 mayda Türkiyədə keçirilən prezident və parlament seçkilərində bir daha təsdiqləndi. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın seçkilər barədə sosial şəbəkələrdə paylaşdığı «Seçkilərin böyük bir demokratiya ziyafəti şəklində sülh və əmin-amanlıq içində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin göstəricisidir» sözlərinə qardaş ölkə demokratiyasının parlaq nümunəsi kimi sevinən Azərbaycan xalqının həmrəylik sevincini mayın 15-də türkiyəli həmkarını təbrik etməsi ilə bildirən Prezident İlham Əliyevin «Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib» sözlərində qardaşlıq sevinci ifadə olunur.
Ortaq dəyərlərin yer aldığı çoxəsrlik qardaşlıq salnaməmizin bütün tarixlərində əbədi yaşam haqqı qazanan, illərin sınağında bərkimiş birlik may seçkilərində də bütün dünya ictimaiyyətini heyrətləndirdi.
Ötən əsrin sonlarında Azərbaycanın üzləşdiyi çətin dövrlərdə, torpaqlarımızın Ermənistanın işğalı altında qaldığı illərdə xalqımızla həmrəylik göstərən Türkiyənin yardımı ilə Naxçıvanı qardaş ölkə ilə birləşdirən «Ümid» körpüsünün istifadəyə verilməsini hər iki xalqın vətəndaşları sevinclərini «Bu gün bizim arzu və ümidlərimizin körpüsü açılır» ifadəsi ilə bildirdilər. Torpaqlarımızın işğal altında qaldığı illərdə ərazi bütövlüyümüzün toxunulmazlığını bütün səviyyələrdə müdafiə edən Türkiyə Vətən müharibəsi illərində də əqidəsinə sadiq qaldı. Ermənistan üzərində tarixi Qələbəmizin qeyd olunduğu Zəfər paradında prezidentlər Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin qoşa, məğrur görünüşü türk dünyasının əbədi qalibiyyət simvolu idi.
«Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»ndə Türkiyə ilə Azərbaycan arasındakı mənəvi, siyasi, iqtisadi, hərbi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirildi. Ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq nümunəsi olan Şuşa Bəyannaməsində 100 il bundan əvvəl imzalanmış Qars müqaviləsinə əsasən Zəngəzur dəhlizinin bərpası ilə bağlı göstərilən qətiyyət dövlətlərarası iş birliyinin gələcək istiqamətlərini əks etdirən «yaşıl işıq» kimi təzələndi.
Şuşa Bəyannaməsinin əhəmiyyətini «Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək» sözləri ilə bildirən Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qazandığı səs çoxluğu türk dünyasını birləşdirəcək bu yolun bərpası ilə bağlı qətiyyətin ifadəsidir. Bu qələbə Şərqdən Qərbə uzanan və hər kəsin istifadə edə biləcəyi yeni ortaq körpü olan
Zəngəzur dəhlizinin bərpasına neqativ yanaşanlara tutarlı cavabdır.
Ermənistanın işğalından azad olunan bölgələrimizdə aparılan bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin çoxluğu, iki ölkənin hərbi sahədə əlaqələrinin genişləndirilməsi nadir əməkdaşlıq formatının dünyaya təqdimatıdır.
Hər iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə iştirakı ilə keçirilən «TUR-AZ», «Sarsılmaz dostluq» adlı hərbi təlimlər bu sahədə əməkdaşlığı daha da intensivləşdirib. Türkiyənin İzmir bölgəsində keçirilən «Efes-2022»” çoxmillətli hərbi təlimlərdə azərbaycanlı hərbçilərin uğurlu iştirakı regional təhlükəsizliyin etibarlı təminatı kimi dəyərləndirildi. Humanitar çağırışların, təşəbbüslərin müəllifi kimi tanınan, islamofobiyaya qarşı mübarizədə fəal iştirak etməklə multikultural dəyərlərə malik tolerant dövlət olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən Azərbaycan bu yolda qardaş ölkə ilə birgə inamla addımlayır.
Bu ilin fevralında Türkiyədə baş verən və əsrin fəlakəti adlandırılan dəhşətli zəlzələnin ağır nəticələrinin aradan qaldırılmasına qardaş ölkənin mütəxəssisləri ilə birgə çalışan azərbaycanlı xilasedicilərin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırılması Ulu Öndər Heydər Əliyevin «Biz bir millət, iki dövlətik» müdrik kəlamının hər zaman bu dostluğa xeyir-dua verməsinin müsair günlərimizdəki nümunəsidir.
Bakıda «Dünya türkün gücünü görsün, yerini bilsin”» amalı ilə keçirilən «TEKNOFEST” Azərbaycan» festivalının hədəfi də aydın idi: Hər iki qardaş xalqın birliyi bölgədə sülhün, sabitliyin qarantıdır.
Bakı mərasiminin davamı olan, İstanbulda keçirilən «TEKNOFEST» festivalın açlış mərasimində çıxış edən Prezident İlham Əliyevin «Mən fürsətdən istifadə edərək «Kızılelma» ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə «Kızılelma» Azərbaycanın səmasında da olacaqdır. «Kızılelma» havada, «Altay» və «Togg» quruda, «Anadolu» dənizdə - bugünkü Türkiyə budur» sözlərində qardaş ölkənin hərbi qüdrəti ilə qürur duyan Azərbaycan xalqının sevinci ifadə olunub. İstanbulda keçirilən «TEKNOFEST» festivalı çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraşda inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması türk birliyinin sarsılmazlıq nümunəsi kimi alqışlandı.
Bu inam Türkiyədə mayın 28- də keçiriləcək seçkilərin ikinci turunda da özünü doğruldacaq. Sandıq başında Türkiyənin gələcəyinə, tərəqqisinə səs verəcək milyonlar əvvəlki seçimlərini təkrarlayacaqlar. Türkiyə Respublikasının 100 illik tarixində, ölkənin siyasi, iqtisadi inkişafında, hərbi qüdrətinin möhkəmlənməsində əməyi olan, diplomatik uğurları ilə ölkəni supergüclər sırasına qaldıran lider Rəcəb Tayyib Ərdoğan yenə də xalqla birgə, inamla irəliləyəcək. Bu inamda zamanın hökmü, insanların düzgün seçimində «Nə mutlu türküm deyənlər!» sözləri türk xalqının qələbə əzminin ifadəsi olacaq. Prezident İlham Əliyevin «Atam demişkən , «Bir millət, iki dövlət», əlavə də etmək istəyirəm, «Bir yumruq!» ifadəsi bu həmrəylik yolunda «yaşıl işıq»dır.
Xuraman İsmayılqızı, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri