20 may 2023 02:58
543

Ermənistan başdan-başa kriminallaşır

Bu fonda cərəyan edən hadisələr və yayılan məlumatlar həm erməni cəmiyyətində, həm də elə Paşinyanın ailəsində xaos hökm sürdüyünü deməyə əsas verir

Ermənistan mətbuatında ölkənin kriminallaşması barədə informasiyalar xəbərlərin ayrılmaz hissəsidir. Demək olar ki, gündəlik qətllər, bıçaqlanma, döyülmə, atışma haqqında məlumatlar baş alıb gedir. Cinayətlər, “razborkalar”, qanlı nəticələrlə ölümlərə, yaralanmalara, zərərçəkənlərin artmasına səbəb olur. Bu hər gün baş verir. Ermənistan küçədə gedərkən bir quldur tərəfindən təsadüfən vurula və ya bıçaqlana biləcək 90-cı illərdəki vəziyyətə geri qayıdır. Bu ilin ilk dörd ayında ölkədə cinayətlərin sayı keçən ilin eyni dövrünə nisbətən 7 faiz artıb. Cinayətlərin sayında təqribən 1000-dək artım qeydə alınıb. Bu, iki milyona yaxın əhalisi olan bir ölkə üçün çox maraqlı bir statistikadır. Ermənistanda kriminal vəziyyət gündən-günə ağırlaşır. Buna ağır və xüsusilə ağır cinayətlərin sayının da artdığını əlavə etsək, mənzərə tam aydın olar. Ağır cinayətlər 11 faiz artıb. Cəmi 7 ay ərzində 2200-dən çox ağır cinayət baş verib. Bu günlərdə səhər saatlarında İrəvanda baş verən silahlı atışma nəticəsində paytaxtın Davitaşen rayonu rəhbərinin müavini Koryun Arakelyan yaralanıb. Polisdən verilən açıqlamada bildirilir ki, silahlı hücum İrəvanın Başincaqyan küçəsindəki evlərin birində baş verib. İrəvan polisi faktla bağlı istintaqa başlayıb. Amma diqqət çəkən ən mühüm olay Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması ilə bağlı olub. Belə ki, Aşot Paşinyanın məlumatı əsasında İstintaq Komitəsi adam oğurluğu maddəsi üzrə cinayət işi açıb.

Xatırladaq ki, bu günlərdə Aşot Paşinyanın oğurlanmasına cəhd edilməsi barədə erməni mediasında məlumatlar yayılıb. Bu fonda cərəyan edən hadisələr və yayılan məlumatlar həm erməni cəmiyyətində, həm də elə Paşinyanın ailəsində xaos hökm sürdüyünü deməyə əsas verir. Qeyd edək ki, baş nazirin ailəsinə məxsus “Aykakan Jamanak” qəzeti “Aşot Paşinyanı evinin yaxınlığında oğurlamağa cəhd etdilər” başlıqlı məqalə dərc edəndən təxminən bir saat sonra 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri polisə aparılıb. Onlar Jora Saakyanın atası Vahid Saakyan, Mxitar Qaleyanın atası Qarik Qaleyan və Jora Martirosyanın anası Qayane Akopyandır. “Aykakan Jamanak”ın yazdığına görə, adam oğurluğunda iştirak edənlər “Oğulların harayı” ictimai təşkilatının üzvləridir və onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər. O da qeyd edilir ki, Paşinyanın oğlu küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə təsadüfən rastlaşıb. Həmin şəxslər Aşotu maşına əyləşməyə dəvət edib, sonra onu buna məcbur ediblər: “Aşot Paşinyan maşına mindikdən sonra bu şəxslərin davranışını qeyri-adekvat hesab edərək maşını saxlamağı tələb edib. Amma onu maşına mindirənlər sırasında olan qadın itirəcəyi heç bir şeyin olmadığını bildirərək, onu öldürüb Yerablur (İrəvanda hərbi məzarlıq) qəbiristanlığına aparacağını deyib”. Ancaq Aşot dayanmış avtomobildən düşə bilib, bu zaman həmin təşkilatın onları təqib edən avtomobili ilə toqquşub. Qəzetin yazdığına görə, Paşinyanın ayağı zədələnib, “Oğulların çağırışı” QHT-nin üzvləri hadisə yerindən qaçıblar. “Azatutyun” radiosunun çəkiliş qrupu “Oğulların harayı” təşkilatının ofisinin qarşısında olarkən polis valideynləri içəri gətirməyə başlayıb. Ölən hərbçi Jora Saakyanın anası Zoranuş Saakyan da təşkilatın ofisində olub və o, gətirilənlər arasında ərinin də olduğunu bildirib. Zoranuş Saakyan təsdiqləyib ki, hadisə baş verən gün, yəni mayın 17-də ölən hərbçilərin valideynlərindən birinin işi üzrə məhkəmə iclasından sonra Aşot Paşinyanla görüşüblər: “Həmin gün məhkəmə var idi, ora gəldi. Böhtan atırlar ki, guya valideynlər onu qaçırıb, amma biz qaçırmamışıq. Qayane Martirosyanın məhkəməsi idi, Qayaneyə dedim gəl, özü gəldi, ona toxunmadıq. Özü də səssizcə oturdu ... və maşından düşdü, getdi”.

Vəkil Ruben Melikyan isə adam oğurluğu ilə bağlı məlumatların həqiqətə uyğun gəlmədiyini, polisə aparılanlarla görüşməyə hələ vaxtı olmadığını söyləyib: “Mənə dedilər ki, bu doğru deyil, adam oğurluğu cəhdi olmayıb. Düşünmürəm Aşot Paşinyan özünü elə aparıb ki, kimsə ondan atasının etdiklərinə görə cavab tələb etsin. Bu versiya mənə inandırıcı görünmür. Yəni o heç vaxt Nikol Paşinyanın ailəsinin bir çox üzvlərinin həzz aldığı dəbdəbədən faydalandığını göstərəcək davranış sərgiləməyib”. Hələlik, Aşot Paşinyanın sağlıq durumu ilə bağlı məlumat yoxdur. Amma baş verənlərdən sonra “Aykakan Jamanak” video yayımlayıb, orada Aşot Paşinyanın maşından tullanan zaman başqa avtomobillə vurulmasının əks olunduğunu bildirib. Media bu videonun onlara haradan və necə çatdığını dəqiqləşdirməyə çalışsa da, müvafiq məlumat verilmir. Polisə aparılanların vəkili Vaan Hovhannisyan isə 44 günlük müharibə zamanı həlak olan Jora Martirosyanın anası Qayane Akopyanın Aşot Paşinyanı maşına dəvət etdiyini əks etdirən video yayımlayıb. Vəkil bu videonun cinayət tərkibini təkzib etdiyini vurğulayıb. Cinayət işinin açıldığı maddədə 4 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Polisə aparılan vətəndaşların hüquqlarının müdafiəsini üzərinə götürən vəkil Vahan Ovannisyan “Azatutyun”a müsahibəsində Viqen Azatyan, Vahid Saakyan, Qayane Akopyan və Qarik Qaloyanın saxlanıldığını bildirib.

Sevinc Azadi, “İki sahil”