18 may 2023 23:29
599

Ərzaq təhlükəsizliyinin təminatı dövlət siyasətinin əsasıdır

31 ölkədən 479 şirkəti bir araya gətirən XVI “Caspian Agro” və XXVIII “InterFood Azerbaijan” sərgilərində bir daha bu reallıq öz təsdiqini tapır ki, kənd təsərrüfatının intensiv inkişafı həm də aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən bu çağırışı etdi ki, iqtisadi tərəqqi qeyri-neft sektorunun hesabına olmalıdır. Bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadəni təmin etmək üçün Regional inkişaf proqramları təsdiqləndi və uğurla icra edilir. Regional inkişaf proqramlarının uğurlu icrası yeni-yeni hədəflərə stimul verir. Bu baxımdan ki, son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını prioritet məsələ kimi qarşıya qoyan dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq rayonlar arasında ixtisaslaşma həyata keçirildi. Tarixi Zəfərimiz bu istiqamətdə də yeniliklərə geniş imkanlar yaratdı. Belə ki, iqtisadi rayonların bölgüsünün yenidən aparalması, eyni zamanda, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi və sair kimi mühüm addımlar ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı barədə aydın təsəvvür yaradır. Bu gün böyük inamla qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimiz də bu sahələrin inkişafı üçün böyük potensiala malikdir. Böyük Qayıdışın gerçəkləşməsindən sonra ölkəmizin dayanıqlı inkişafının, ən əsası isə bütün dövrlər üçün aktuallığını qoruyan ərzaq təhlükəsizliyinin təmini üçün geniş imkanlar yaranacaq.

Ölkə Prezidenti İlham Əliyev çıxışlarında bu mühüm məqamı da diqqətə çatdırır ki, uzun illər ərzində bizim torpaqlarımızla yanaşı, çaylarımız da işğal altında idi və ermənilər o çayların məcralarını dəyişdirərək, xüsusilə Tərtərçayın suyunu kəsərək ölkəmizi bu imkanlardan məhrum edirdilər: «Suvarma da ərzaq təhlükəsizliyi üçün əsas amillərdən biridir. Buna baxmayaraq, biz fəal çalışırdıq və eyni zamanda, ixracla da bağlı addımlar atılmalı idi… Əgər biz sovet dövrünə baxsaq, görərik ki, o vaxt Sovet İttifaqında vahid kənd təsərrüfatı və xalq təsərrüfatı kompleksi var idi, bölgü aparılırdı. Azərbaycan pambıq, üzüm, tütün, meyvə-tərəvəz istehsal edirdi və ət, süd, buğda idxal olunurdu Rusiyadan, Ukraynadan, Belarusdan. O vaxt biz özümüzü, ümumiyyətlə, bu əsas ərzaq məhsulları ilə təmin edə bilmirdik. Ona görə bizim qarşımızda iki vəzifə dayanmışdı. Birincisi, ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etmək ki, özümüzü kənarda başqa ölkələrdə yaranmış böhrandan sığortalayaq. İkincisi, ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək ki, həm məşğulluğu, eyni zamanda, yerli istehsalı və ixracı artıraq. Ona görə bu gün də bu vəzifə gündəlikdədir.»

Artıq azad edilmiş torpaqlarda da vaxt itirmədən əkin işlərinə başlanılıb və böyük vəsait səfərbər edilib. O da məlumdur ki, azad edilmiş torpaqlar sovet dövründə daha çox heyvandarlıq üçün istifadə olunmuşdu. Dövlət başçısı İlham Əliyev bu faktı da açıqlayır ki, dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Bu, Ermənistan üçün böyük rəqəmdir. Amma Azərbaycan üçün böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Əhali artır, ildən-ilə tələbat da artır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün müasir texnologiyaların tətbiqi şəraitində müasir suvarma sistemləri, iri fermer təsərrüfatları yaradılır.

Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlara diqqət və qayğı dövlət siyasətinin əsasında dayanır. Qarşıya qoyulan hədəflər inkişaf üçün stimuldur. Dövlət başçısı İlham Əliyev bu inamı ifadə edir ki, ölkə iqtisadiyyatında, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində qarşıya qoyduğumuz məqsədlərə çatacağıq.
 Reallıq budur ki, iqtisadi inkişafına görə illərdən bəri beynəlxalq təşkilatların hesabatlarında ilk onluqda yer alan Azərbaycan müharibə şəraitində belə dinamikliyini saxladı. Dünya Bankının «Doing Business» hesabatında 190 ölkə arasında Azərbaycanın 28-ci yerdə qərarlaşması bu tərəqqinin təsdiqidir. Biznesin inkişafına, investisiya iqliminin sağlamlığı naminə həyata keçirilən layihələrin əhəmiyyətinə görə islahatçı ölkə adlandırılması, ən nəhayət, işğalçı Ermənistan üzərində şanlı Qələbəmiz Azərbaycanın iqtisadi, siyasi, hərbi gücünü dünyaya bəyan etdi. Pandemiya ilə əlaqədar bütün dövlətlərin iqtisadi böhranla üzləşdiyi dövrdə Azərbaycan vəziyyətdən daha az itki ilə çıxdı. Ölkəmizin iqtisadi qüdrətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini Davos Ümumdünya İqtisadi Forumunun hesabatı əsasında dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkə üzrə infrastruktur layihələri başa çatmaq üzrədir.

Respublika üzrə qazlaşdırma yüksək səviyyəsindədir. Elektrik enerjisi ilə təminatın tam ödənildiyi ölkəmiz bu göstərici üzrə də ilk sıralardadır. Avtomobil, dəmir yollarının çəkilişi və bərpası üzrə layihələr davam etdirilir.

Hər zaman ölkədəki iqtisadi vəziyyətdən bəhs edən Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpa və quruculuq işlərinin formalaşmış bu cür möhkəm təməl üzərində davam etdiriləcəyini diqqətə çatdıraraq bildirir ki, torpaqlar azad edilib. İndi Böyük Qayıdış başlayır.

Azad edilmiş torpaqlarda aqrar sahənin, fermer təsərrüfatlarının inkişafı xüsusi əhəmiyyətə malikdir. Bunun üçün suvarma sisteminin yenilənməsi, su mənbələrindən səmərəli istifadə, dağ-mədən yataqlarının istismarı ilə bağlı layihələr həyata keçirilir. Suqovuşan qəsəbəsinin azad edilməsi, bölgədəki əkinə yararlı torpaqların suvarılması ilə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaqla daxili bazarın yerli məhsullar hesabına təminatı imkanları daha da genişlənəcək. Həkəri, Bazarçay, Oxçuçay, Xaçınçay kimi su mənbələrindən səmərəli istifadə bölgələrin dirçəldilməsi ilə məhsuldarlıq daha da artacaq və əhalinin ərzaq təhlükəsizliyi daxili imkanlar hesabına təmin olunacaq.

İşğaldan azad olunmuş torpaqların dirçəldilməsində başlıca vəzifə erməni vandallarının dağıtdığı şəhər və kəndlərin yenilənməsi, şəhərsalma qaydalarının tətbiq edilməsidir. Bununla qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan turizmin inkişafı üçün də geniş imkanlar yaranır. «Əlbəttə ki, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, plana uyğun davam etdirilən işlərin başa çatması ilə Qarabağın cənnətməkan siması özünə qaytarılacaq. Biz Qarabağ bölgəsində cənnət yaradacağıq.

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 2-dən başlayaraq işğaldan azad edilmiş ərazilərə səfərləri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərə nəzər yetirdikdə qarşıdakı dövr üçün əsas hədəflər diqqətdən kənarda qalmır. Cənab İlham Əliyev hər zaman iqtisadi inkişafın bütün sahələrin tərəqqisi üçün vacib amil olduğunu önə çəkərək bu istiqamətdə zəruri olan addımları atır. Onu da xüsusi qeyd etməliyik ki, yeni texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafında əsas amillərdən biridir.

Azərbaycan hər bir sahədə zəngin təcrübəsi ilə nümunədir. Ölkəmizin bu və ya digər sahələr üzrə beynəlxalq əhəmiyyətli tədbirlərə, sərgilərə ev sahibliyi bunun bariz nümunəsidir.  Mayın 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış oldular.

Qeyd edək ki, üç gün davam edəcək sərgilər çərçivəsində Aqrar İnnovasiyalar Forumu təşkil olunacaq. Forumda “Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin uğurlu aqrar siyasəti”, “Kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar”, “Orqanik kənd təsərrüfatı”, “Rəqəmsal kənd təsərrüfatı”, “Yaşıl kənd təsərrüfatı” və digər mövzular müzakirə ediləcək.

Hər il olduğu kimi, bu il də sərgilərə iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraq göstərilir. Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə edən sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş olunur. Ümumilikdə sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edir, 9 ölkə isə milli stendlərlə təmsil olunur. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, Rusiyanın regional qrupları, eləcə də builki debütant ölkə Tunis və Çexiyadan olan milli qruplar iştirak edirlər. Sərgidə bu mühüm məqam da xüsusi diqqət çəkdi ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da innovasiyaların və müasir texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. Kənd təsərrüfatının intensiv inkişafı həm də aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır. Aqrar sahələrdə innovasiyalardan istifadə günümüzün çağırışı olduğundan sərgilər kənd təsərrüfatı məhsullarının istehsalçılarına bu innovativ yeniliklərlə əyani tanış olmağa imkan verir.

Göründüyü kimi, bu kimi mühüm addımlar malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan daim əməkdaşlığa, səylərin birləşdirilməsinə xüsusi önəm verir. Hər il sərgilərin iştirakçılarının sayında artım, coğrafiyanın genişliyi Azərbaycanın inkişaf modelinin beynəlxalq səviyyədə dəstəkləndiyini təsdiqləyir. Böyük Qayıdışın tam tərkibdə reallığa çevrilməsindən sonra Azərbaycanın bu cür sərgilərdə iştirak səviyyəsi daha yüksək olacaq.

Yeganə Əliyeva, «İki sahil»