Ərdoğanın və onun təmsil etdiyi cinahın uğurunu şərtləndirən faktorlar hansılardır?
Bütün dünyanın nəfəs dərmədən izlədiyi Türkiyədə seçkilər davam edir. Seçkilərin birinci turunda parlamentin tərkibi müəyyən olunsa da, dövlət başçısının adı ikinci turda, yəni mayın 28-də məlum olacaq. Türkiyədəki prezident və parlament seçkiləri, gözlənildiyi kimi, böyük coşqu ilə keçdi. Bu seçkilər, eyni zamanda, uca türk millətinin bütün dünyaya demokratiya dərs verməsinin təntənəsinə çevrildi – desək, heç bir mübaliğəyə yol vermiş olmarıq. 14 may seçkiləri Türkiyənin rəqiblərinin və düşmənlərinin niyyətlərini doğrultmadı. Qərbin sinəsinə döyən “oturuşmuş demokratiya dövlətlərində” bu səviyyədə siyasi və mənəvi yetkinlik yoxdur. Bu cəhətdən də Türkiyə Qərbi məyus etdi. Bir daha təsdiq olundu ki, çağdaş Türkiyə bir dövlət və xalq olaraq siyasi cəhətdən yetkindir, mobildir, özünə və gələcəyinə əmindir. Türkiyə xaricdən idarə olunan toplumlardan deyil və heç vaxt olmayacaq.
Son onilliklər ərzində heç bir sivil, hüquqi, demokratik dövlətdə Türkiyədə olduğu kimi, yüksək seçici fəallığı qeydə alınmayıb. Qardaş ölkədə keçirilən seçkilər Türkiyə cəmiyyətinin mənəvi, əxlaqi, siyasi ab-havasını, toplumun sosial və intellektual baxımdan fərqli kəsimlərinin ölkənin gələcəyi ilə bağlı arzu, düşüncə və gözləntilərini ortaya qoydu. Seçkilərə marağın böyük olması Türkiyə vətəndaşlarının yüksək siyasi fəallığının, eyni zamanda, dövlətə və seçki institutuna inamının göstəricisidir.Türkiyənin praktik olaraq gələcəyini müəyyənləşdirən seçkinin nəticələri bir daha isbatladı ki, ölkə əhalisinin böyük bir hissəsi hazırkı iqtidarı dəstəkləyir, ölkə vətəndaşları mövcud siyasətin davam etdirilməsində maraqlıdırlar.
Türkiyə vətəndaşları 14 may seçkilərində Ədalət və İnkişaf Partiyasının (AKP) qurucusu və lideri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi “Cümhur İttifaqı”na səs verməklə, ilk növbədə, hazırkı iqtidarın daxili və xarici siyasətini dəstəklədiklərini bəyan etdilər. Türkiyənin yaxşı gününü istəməyənlər bunu gözləmirdilər. Onlar Türkiyəni zəif və zavallı görmək istəyirlər. Şübhəsiz, türk xalqı buna razı ola bilməzdi. Türkiyə son iyirmi bir ildə olduqca böyük tərəqqi və inkişaf yolu keçib. Ankara bu gün təkcə bölgədə deyil, bütün dünyada söz və hünər sahibidir. Türkiyə cəmiyyətinin Rəcəb Tayyib Ərdoğana inamı isə səbəbsiz deyil. Türkiyə son 20 il ərzində öz inkişafında keyfiyyətcə yeni bir mərhələ keçib. Belə ki, qardaş ölkə Azərbaycanda da çox sevilən Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dünya çapında söz sahibinə çevrilib. Hazırda Türkiyə regionda sülhün, sabitliyin, təhlükəsizliyin əsas qarantı qismində çıxış edir. Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat və siyasi mərkəzidir. Türkiyənin güclü sənayesi həm Türkiyənin özünü və onun müttəfiqlərini gücləndirir. İnkişaf etmiş, müasir müdafiə sənayesinin qurulması Türkiyənin böyük uğurudur. Yüksək rəqabət imkanlarına malik olan bu müdafiə sənayesi uzun illər bundan sonra da Türkiyənin və onun müttəfiqlərinin təhlükəsizliyini təmin edəcək. Türkiyənin son illərdə imza atdığı bir sıra texnoloji yeniliklər bu ölkənin dinamik inkişafı barədə konkret təsəvvür yaradır. Ötən ilin sonlarında Türkiyənin reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ilk uçuşunu həyata keçirib. Cari ilin aprelində bu reaktiv pilotsuz qırıcının dördüncü sınaq uçuşu ilə sistem tanıma testi uğurla başa çatıb. Gələn il Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”nın kütləvi istehsalına başlanılması planlaşdırılır. Aprel ayında dünyanın ilk hərbi PUA gəmisi, eyni zamanda da Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilib. Aprelin 4-də daha bir əlamətdar hadisə yaşanıb - Türkiyənin ilk yerli elektromobili “Togg” Prezident İlham Əliyevə təqdim olunub. Xatırladaq ki, “Togg”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi ötən il oktyabrın 29-da keçirilib. Türkiyənin son illərdə imza atdığı belə texnoloji yeniliklərin siyahısı çox uzundur. Bütün bunlar isə qardaş ölkənin müasir dövlət kimi inkişaf etdiyini əyani şəkildə təsdiqləyir.
Əgər Rəcəb Tayyib Ərdoğanın timsalında Türkiyəyə və türk birliyinə xidmət etməyi özünün ən ümdə vəzifəsi sayan qətiyyətli bir lider görürüksə, seçkilərdə onu izləyən müxalifətin lideri Kamal Kılıçdaroğlu barədə heç də yüksək fikirlər ifadə etmək mümkün deyil. O, seçkilər ərəfəsində yeni İpək Yolu xəritəsi ilə gündəmə gəldi. Nə qədər təəccüblü görünsə də, Kılıçdaroğlu həmin xəritədə Azərbaycana yer verməyib. Belə bir addımın atılmasının sağlam düşüncəyə və obyektiv mülahizələrə əsaslandığını demək mümkün deyil. Tarixən Azərbaycan İpək Yolunun üzərində yerləşib. Bu gün də Azərbaycan yaratdığı müasir infrastrukturla və nümayiş etdirdiyi qətiyyətli siyasi iradə ilə Avrasiyada əsas nəqliyyat hablarından birinə çevrilib. Kılıçdaroğlu isə bütün bu kimi reallıqları nəzərə almır. Azərbaycanı görməzdən gələn birisi 28 mayda keçiriləcək seçkilərin də qalibi ola bilməz. Ən azından buna Türkiyə xalqı imkan verməyəcək.
Seçkilərin ikinci turunun nəticələrinə qardaş ölkədə olduğu kimi, Azərbaycanda da böyük maraq göstərilməsi isə heç də təsadüfi deyildir. Azərbaycan və Türkiyə bir-birinin uğurunu və kədərini özününkü sayır. Hər iki ölkənin tarixi şəxsiyyətləri Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə bağlı artıq aforizmə çevrilən ifadələr işlədiblər. Azərbaycan xalqının Ulu Öndəri iki ölkə arasındakı münasibətləri “Bir millət, iki dövlət” fəlsəfəsi ilə ifadə edib. Böyük Atatürk isə deyirdi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Bu gün böyük şəxsiyyətlərin ruhu şaddır. Çünki onların istəkləri, arzuları yerinə yetirilir. Eyni zamanda, Azərbaycanın və Türkiyənin hazırkı liderləri də sarsılmaz dostluğumuza aid böyük məna yükü olan ifadələr işlədiblər. Prezident İlham Əliyev cari ilin aprelində İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalındakı çıxışında müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin fikirlərini davam etdirərək iki qardaş ölkə arasındakı münasibətləri “Bir yumruq” kimi səciyyələndirib.
Əlbəttə, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti AKP-nin lideri, Türkiyənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini istəyirdi və arzusunu açıq şəkildə bəyan edir. 14 may seçkilərində cənab Ərdoğan və onun başçılıq etdiyi "Cümhur ittifaqı" müxalif "Millət ittifaqı"nın namizədi Kamal Kılıçdaroğlunu səs çoxluğu ilə üstələdi. Türkiyənin hazırkı lideri marafondan qalib ayrıldı. Əlbəttə, qardaş ölkənin seçki sisteminə görə, 50+ səs çoxluğu olmadan qalibin ilk turda rəsmiləşməsi mümkün deyil. Hər halda, elə indidən mayın 28-də seçkinin favoritinin dəyişməyəcəyini proqnozlaşdırmaq üçün əsaslar var. Yeri gəlmişkən, 28 mayda keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində ölkə xaricində yaşayan vətəndaşlar üçün səsvermə prosesi 20 mayda başlanacaq və 24 may 2023-cü il tarixində başa çatacaq. Təcrübə göstərir ki, seçkilərin ikinci turunda ilk turda üstün olan qüvvə uduzmur. Bu baxımdan, cənab Ərdoğanın da uğurunu yekun qələbəyə çevirəcəyi şəksizdir. Nəzərə alsaq ki, Qərb dairələrinin total anti-Ərdoğan ritorikası birinci turda iflasa uğradı, ikinci turdakı mənzərənin hakim komanda üçün daha aydın olacağı və onun nəticə çıxarmaq üçün düzgün addımlar atacağı şübhəsizdir. Hər bir halda seçim uca türk millətinindir.
Yaqut Ağaşahqızı, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri