18 may 2023 23:53
614

Hərbi təxribatlar Ermənistana baha başa gələcək

Sülh danışıqları prosesinə hazırlıqların getdiyi bir zamanda Ermənistanın törətdiyi təxribatlar onu deməyə əsas verir ki, bu ölkə ilə yalnız güc yolu ilə danışmaq lazımdır. Əks təqdirdə məğlub ölkə havadarlarına arxalanaraq öz çirkin əməllərindən əl çəkməyəcək.

Belə ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədiblər. Təxribat nəticəsində ordumuz şəhid verib. Təbii ki, həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Ordusu şəhidimizin qisasını artıqlaması ilə alaraq  Ermənistan silahlı qüvvələri bölmələrinin hərbi infrastrukturunu məhv edib, çoxsaylı erməni hərbçiləri yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyinin mayın 18-dəyaydığı məlumatda isə bildirilir ki, bu gün saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib. Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib. Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür. Məlumatda bildirilir ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bu arada Ermənistanın baş naziri Nikol  Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən sammitində birmənalı olaraq bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

O qeyd edib ki, bundan əvvəl Ermənistan və Azərbaycan Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Almatı Bəyannaməsi əsasında münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər: «Üç gün əvvəl Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır».

Burada haqlı suallar yaranır: Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onda niyə sülh müqaviləsinin imzalanması prosesində spekulyasiyaya yol verir? Eyni zamanda, Ermənistan ordusunun  sərhəddəki hərbi təxribatları niyə hələ də davam edir?

Aydın görünür ki, Nikol Paşinyanın Avropada ölkəmizin ərazi bütövlüyünü tanıması ilə bağlı verdiyi bəyanatla  son günlər sərhədlərmizdə baş verən hərbi təxribatlar bir-biri ilə uzlaşmır. Məhz bu məqamları nəzərə alaraq demək olar ki, Paşinyanın xaltası hələ də özgələrin əlindədir. Bu səbəbdəndir ki, o, sərbəst siyasət yürüdə, qətiyyətli mövqe sərgiləyə bilmir. Ona görə də Ermənistan forpost ölkə olmaq sitatusundan qurtula bilmir. Bu, Nikolun sələfləri zamanında da belə olub, indi də belədir. Halbuki, Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə ölkəsi naminə heç kimdən asılı olmayan müstəqil siyasət yürüdəcəyinə və ölkəsini forpostluqdan çıxaracağına söz vermişdi. Amma alınmır ki, alınmır…Görünür, bu önəmli məsələləri həll etmək üçün hələ də Ermənistanda lider qıtlığı davam edir.

Bəli, bu gün ermənilər bu reallığı dərk etməlidirlər ki, davam edən bu təxribatlar ölkələrinə  heç də yaxşı gələcək vəd etmir. Çünki əgər növbəti müharibə başlasa Ermənistanın bir dövlət kimi çöküşü qaçılmazdır.

Elçin Zaman, «İki sahil»