Özünü demokratiyanın beşiyi kimi dünyaya sırımağa çalışan, insan hüquq və azadlıqlarının qorunmasını ən ali dəyərlər olaraq dövləti üçün əsas şüara çevirməyə hər vəchlə can atan Fransa hökuməti, əslində daim bütün bu prinsiplərdən nə qədər uzaq olduğunu nümayiş etdirir. Hələ 44 günlük müharibənin gedişində Fransada ölkəmizin haqlı mövqeyini dəstəkləməyə cəhd göstərən siyasətçilərin, ictimai-siyasi xadimlərin, elmi tədqiqatçıların və siyasi şərhçilərin təqib olunduğunun şahidi olmuşduq. İş o yerə gəlib çatmışdı ki, münaqişə ilə bağlı ölkəmizin mövqeyi haqqında obyektiv reportaj hazırlamış televiziya jurnalisti sosial şəbəkələrdə hətta ölümlə hədələnmiş və bu təhdidlər reportajın onlayn efirdən silinməsi ilə nəticələnmişdi. Avropaya və dünyaya demokratiya, söz və fikir azadlığı ideyalarından dərs keçməyə iddia edən bir ölkədə baş verənlər dırnaqarası Avropa dəyərlərinin əsl mahiyyətini beləcə ifşa etmişdi.
Ümumiyyətlə, Fransa hər zaman təcavüzkar, işğalçı Ermənistanın yanında yer alıb. Məhz Fransa kimi ölkələrin rəsmi İrəvana verdiyi dəstək sayəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini 30 ilə yaxın işğalda saxlayıb. Təcavüzkarla təcavüzə məruz qalan ölkəni ayırd edə bilməyən bir Avropa ölkəsinin davranışları, sözsüz ki, onun qaranlıq keçmişindən qaynaqlanır. Heç şübhəsiz, dünya ictimaiyyəti Fransanın müstəmləkə siyasətini, bunun nəticəsində soyqırımlar, etnik təmizləmələr aparmasını unutmayıb. Fransanın Əlcəzairdə törətdiyi soyqırımı aktı bunun bariz nümunəsidir. Bu mənada Fransa kimi ölkənin ədalətli davranması qeyri-mümkündür. Onun Ermənistana olan sevgisi və bunun fonunda göstərdiyi dəstək də Fransanın əsl mahiyyətinin nədən ibarət olduğunu ortaya qoyur. Belə ki, bir müddət öncə yayılan məlumata əsasən, Fransa Ermənistandakı səfirliyinin yanında yeni hərbi attaşenin təyin olunması barədə qərar qəbul edib. Beləliklə, bir neçə müddət bundan əvvəl Fransanın “Intelligence Online” nəşri tərəfindən yayılan məlumat öz təsdiqini tapıb. Bu addım ilk dəfə yüksək səviyyədə 2022-ci ilin sentyabrında, Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı müzakirə olunub və indi faktiki olaraq rəsmiləşir. Bildirilir ki, fransalı hərbi attaşe Fransa ölümcül silahların Ermənistana tədarükünə nəzarət edəcək. Parisin Ermənistana ölümcül silahların tədarükü barədə hərbi-siyasi qərarına əsas dəstəyi şəxsən Fransa Prezidenti Emmanuel Makron göstərib. Eyni zamanda, Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Jilber-Lyuk Devinaz qarşıdan gələn silah tədarükü ilə bağlı bunları deyib: “Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni onun silahlanmasına kömək etməliyik”. Beləliklə, Avropa İttifaqının aparıcı ölkələrindən biri hesab edilən Fransa regiona ölümcül silahların tədarükündən imtina üzrə ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozur, bununla da regionda hərbi tarazlığa Ermənistanın xeyrinə təsir göstərməyə səy göstərir. Bundan əlavə, Fransa Cənubi Qafqazda sülh təşəbbüslərinə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə zərbə vurur.
Aydın məsələdir ki, Ermənistan bu silahları hansısa müdafiə sərgisində nümayiş etdirmək, yaxud hərbi hissələrin silah-sursat anbarında paslanması üçün almır. Onlardan ilk növbədə özünə başlıca təhdid saydığı Azərbaycana qarşı istifadə etməyə çalışacaq. Sirr deyil ki, bu gün Ermənistanda bir çoxu revanşist hisslərlə yaşayır. Ölkənin Hindistanla hərbi-texniki əməkdaşlığı genişləndirməsinə, Dehlidən 244 milyon dollar dəyərində silah-sursat, o cümlədən “Pinaka” reaktiv yaylım atəşi sistemləri və “Svati” radarları tədarük etməsinə də bu kontekstdə yanaşılmalıdır. Ötən ilin oktyabrında isə Ermənistan mediasında İrandan pilotsuz uçuş aparatları almasına dair məlumatlar yayılmışdı. Təcavüzkar ölkənin müdafiə nazirliyi bu məlumatı nə təsdiq, nə də inkar etmişdi. İndi Fransanın da Ermənistanı silahlandırması Azərbaycana qarşı məkrli niyyətlərdən, Bakı ilə İrəvan arasında hərbi tarazlığı hayların xeyrinə dəyişdirmək istəyindən xəbər verir.
Məlumdur ki, Paris indiyədək bir çox açıq ermənipərəst addımlar atıb. Ancaq onun bu addımları Azərbaycanı heç zaman öz yolundan çəkindirə bilməyib. Çünki Azərbaycanın yolu haqq yoludur. Sonuncu dəfə 2022-ci ilin dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırmışdılar. Hər iki ölkə Azərbaycana qarşı növbəti ədalətsizliyi qlobal platformada legitimləşdirməyə cəhd etsə də, növbəti dəfə rüsvay oldular. Özü də Fransa BMT TŞ-nin daimi üzvü və həmin dövrdə qurumun sədri idi. On gün ərzində bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilməyən Fransa və onun yaxın müttəfiqi üzərində Azərbaycanın diplomatik-siyasi qələbələrinin bundan sonra da davam edəcəyi şübhəsizdir. Ali Baş Komandan İlham Əliyev mayın 10-da Şuşadan xalqa müracətində ordumuzun güclənməsi üçün lazım olan addımları bundan sonra da atacağımızı bildirdi. Azərbaycan Ordusu cənab İlham Əliyevin dediyi kimi, dünyanın ən güclü orduları sırasındadır. Ermənistan bundan sonra illərlə silah alsa da, Azərbaycan Ordusunun qarşı tərəfin cavabını vermək üçün yetərli gücü, düşmən ordusunda heç vaxt olmayan döyüş ruhu var.
Sevinc Azadi, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri