19 may 2023 02:57
658

Doğru Adamla Yola Davam

Müşahidələr göstərir ki, prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunda türk xalqı demokratiyaya, sabitliyə, müstəqilliyə və işıqlı gələcəyə səs verərək “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanla yola davam deyəcək

Hazırda bütün dünyanın diqqəti qardaş Türkiyə Cümhuriyyətinə yönəlib desək, yanılmarıq. Belə ki, mayın 14-də demokratik və şəffaf şəkildə keçirilən prezident seçkilərində namizədlərin heç biri 50+ səs faizi toplamadığından mayın 28-də seçkilərin ikinci turu keçiriləcək. Birinci turda 7 partiyanın birləşdiyi “Millət İttifaqı” AKP və MHP-dən ibarət “Cümhur İttifaqı”na ciddi şəkildə məğlub oldu. Seçici fəallığı 87 faizdən çox olan seçkilərdə Rəcəb Tayyib Ərdoğan 49,40 faizdən yuxarı səslə, 44,96 faizə yaxın səs toplayan Kamal Kılıçdaroğludan irəliyə keçdi. Həmçinin Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən “Cümhur İttifaqı” Türkiyə Böyük Millət Məclisinə seçkilərdə səslərin böyük əksəriyyətini qazanaraq parlamentdə 300-dən çox yer qazandı. Belə ki, Rəcəb Tayyib Ərdoğanın və Dövlət Baxçalının rəhbərlik etdiyi “Cümhur İttifaqı” 49,3 faiz səs toplayaraq, rəqibi “Millət İttifaqı”nı 35,1 faiz səslə məğlub etdi. Nəticələrə görə, “Cümhur İttifaqı”na daxil olan AK Partiya 266, MHP-i isə 50 deputatla parlamentdə təmsil olunacaq.

Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə təsadüf edən, dünyanın müxtəlif güc mərkəzlərinin diqqətlə izlədiyi 14 may prezident seçkiləri bəzi xırda nöqsanlara baxmayaraq tam demokratik azad və şəffaf şəkildə keçirildi. Azərbaycanda da son dərəcə maraqla, hətta belə demək mümkünsə böyük həyəcanla izlənilən bu seçkilərdə UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yücenin bildirdiyi kimi, türk xalqı sandıq başına gedərək demokratiyaya nə qədər sadiq olduğunu bütün dünyaya göstərdi. Min illərlə ölçülən dövlətçilik tarixi olan bu xalq bütün çətinliklərə baxmayaraq, Türkiyəni regional qlobal gücə çevirəcək siyasəti dəstəklədiyini göstərdi. Qərb mətbuatında prezidentliyə namizədlərdən biri- Rəcəb Tayyib Ərdoğan haqqında aparılan bütün qarayaxma kampaniyasına, əsassız ittihamlara, haqsız iddialara baxmayaraq qardaş türk xalqı milli iradəyə söykənərək daim ölkəyə və millətə xidmət və sevgi nümayiş etdirən “Cümhur İttifaqı”na səs verməklə nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Təsadüfi deyil ki, dünyanın bəzi güc mərkəzlərinin təsiri ilə davamlı olaraq Türkiyəyə qarşı ədalətsiz mövqe sərgiləyən beynəlxalq təşkilatlar azad seçkilər üçün yaradılan şəraiti yüksək qiymətləndirərək öz heyranlıqlarını da gzilədə bilmədilər. Belə ki, qardaş ölkədə keçirilən prezident və parlament seçkilərini müşahidə edən Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Frank Şvabe bildirib ki, Türkiyə demokratiyası heyrətamiz dərəcədə dayanıqlı olduğunu sübut edir. Vurğulayıb ki, bu seçki yüksək fəallıq nümayiş etdirərək real seçim təklif etdi.

Birmənalı demək olar ki, türk xalqı mayın 14-də baş tutan prezident və parlament seçkilərində bütün dünyaya demokratiya dərsi verdi. Təbii ki, Türkiyə cəmiyyətinin böyük və ya təsirli qisminin demokratiyaya olan inancına bağlılığının nəticəsidir. 

Mayın 28-də keçiriləcək seçkilərin ikinci turuna ciddi hazırlıqlar davam edir. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Həmzə Dağ ikinci tur prezident seçkiləri ilə bağlı yeni “Doğru Adamla Yola Davam” şüarını da açıqlayıb.

Seçici fəallığının 87 faizdən çox olması ilə müşayiət olunan ilk turda Rəcəb Tayyib Ərdoğanın səslərin nəticəsinə görə ən yaxın rəqibindən bir xeyli irəlidə olması deməyə əsas verir ki, türk xalqı öz uzaqgörənliyini bir daha ortaya qoyacaq. Dost, qardaş Türkiyədə mayın 14-də yaşanan demokratiya şöləni sonadək davam edəcək. Mayın 28-də keçiriləcək ikinci turda da türkiyəli qardaşlarımız demokratiyaya, sabitliyə, müstəqilliyə və işıqlı gələcəyə dəstək verəcək, milli iradə nümayiş etdirərək “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanla yola davam deyəcək.

Zahid Rza, “İki sahil”