«Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin taleyi necə olacaq» sualı dünya siyasətinin ən aktual mövzusudur
Ölkədaxili vəziyyətin daim gərgin olduğu Ermənistanın siyasi –hərbi hakimiyyəti getdikcə ağırlaşan problemləri həll etmək iqtidarında olmadığı üçün başqalarının kölgəsinə sığınmaq məcburiyyətindədir. Dünya siyasi masasında başlıca mövzu olan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı qarşıdurmalar ölkədaxili vəziyyəti daha da ağırlaşdırır. Məsələ ilə bağlı beynəlxalq səviyyədə keçirilən görüşlərdə, aparılan danışıqlarda ortaq məxrəcə gəlməyin yolları aransa da kənardan edilən müdaxilələrlə sülh sazişi dalana dirənib. Cənubi Qafqazda maraqlarını təmin etmək istəyən supergüclər arasında davam edən rəqabət isə problemi çıxılmaz labirintə çevirib.
Göründüyü kimi, İkinci Qarabağ müharibəsindən sonra daimi sülhün yaranmasında səylərini artıran Azərbaycandan fərqli olaraq Ermənistan müxtəlif səviyyəli danışıqlarda qəbul olunan şərtləri, üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayınır.
Müzakirələrin aparıldığı əvvəlki formatlardan fərqli olaraq ABŞ Dövlət katibi Entoni Blinkenin, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın bu günlərdə Vaşinqtonda davam edən 4 günlük görüşləri maraqlı məqamlarla yadda qalıb. Danışıqlardan sonra Blinken bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması yolunda əhəmiyyətli irəliləyiş əldə olunub. Vaşinqton görüşü Ermənistanın havadarları Rusiya, İran və Fransa tərəfindən xoş qarşılanmayıb.
Bu görüş baş nazir Nikol Paşinyanı dəstəkləyənlərlə sabiq prezidentləri müdafiə edənlər arasındakı mövqelərdə də qarşıdurma yaradıb. Nəticədə gözlənilən sülh sazişinin imzalanması gecikdirilir. İşğalçı ölkədə yaranan bu vəziyyətdən istifadə edən Fransa və İran kimi maraqlı ölkələr bölgədə sabitliyin pozulması üçün bütün vasitələrdən istifadə edirlər.
Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın bərqərar edilməsində maraqlı olan Avropa İttifaqı da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını və tərəflər arasında sülh sazişinin imzalanmasını dəstəkləyir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlər regionda sülhə doğru atılan növbəti mərhələdir”. Əsası 2021-ci ilin dekabrında qoyulan Brüssel formatının bu il, may ayının 14-də baş tutan sayca beşinci görüşü sülh sazişinə doğru atılan kövrək addımlar kimi dəyərləndirən siyasətçilərin görüşə münasibətləri pozitivdir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə aparılan danışıqları beynəlxalq ictimaiyyət maraqla izləyib. 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqları dəstəklədiyini etiraf edən Avropa İttifaqının rəsmiləri ölkəmizin regionda söz sahibi olduğunu rəsmi olaraq da bildirirlər.
Proseslər də göstərir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi qəbul edir, tərəflər arasında sülh sazişinin imzalanması rəsmi Bakının təqdim etdiyi beş təklifi dəstəkləyir. Diqqətçəkən məqam odur ki, Şarl Mişelin Brüssel görüşünün nəticələri ilə əlaqədar bəyanatında Ermənistanın iddia etdiyi məsələlərə toxunulmur. Bu yanaşma belə bir inam yaradır ki, Avropa İttifaqının dəstəyi ilə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan mexanizmin işini bərpa etmək, vəziyyəti normallaşdırmaq mümkündür. Bu sahədə Şarl Mişelin dünyada qətiyyətli lider kimi qəbul olunan Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir. Praqa, Soçi, Brüssel görüşlərində Paşinyan Azərbaycanın 86.600 kvadratkilometr ərazisini tanıdığını rəsmi bildirib. Yəni, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın ərazisi olduğunu bir daha etiraf edib. Üçtərəfli bəyanatlarda qeyd olunan kommunikasiyaların, Zəngəzur dəhlizinin bərpası ilə bağlı razılaşmalara da Paşinyan imza atıb. Naxçıvana və əks istiqamətdə hərəkəti nəzərdə tutulan avtomobil və dəmir yolları ilə əlaqələrin beynəlxalq əhəmiyyəti qeyd olunub.
Brüssel görüşündə ötən aylarda Naxçıvan istiqamətində yolu azaraq, Ermənistan tərəfə keçən Azərbaycan əsgərlərinin azad olunmaları, minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsinin sürətləndirilməsi də müzakirə mövzusu olub. Brüssel görüşündə yaddaqalan müsbət məqamlardan biri də dünya gömrük qaydalarının tətbiq olunması ilə bağlı fikirlərin səsləndirilməsidir. Laçın yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin yaranmasından sonra daha da aqressivləşən separatçılar və havadarları təbii ki, bu məsələni də özlərinin məğlubiyyəti hesab edirlər. Görüşdə Azərbaycanın Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağa hazır olduğu, bu məqsədlə ölkəmiz tərəfindən irəli sürülən beş bənddən ibarət təkliflər bir daha diqqətə çatdırılıb. Həmin görüşün məntiqi nəticəsi budur ki, Avropa İttifaqı Azərbaycanın sülh sazişi ilə bağlı mövqeyini dəstəkləyir.
İstər artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin davam etdiyi, istərsə də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı düşmən mövqelərini açıq-aşkar bildirən Fransa ilə İran Ermənistanı silahlandırmaqla, yardımlar göstərməklə ölkə daxilində, eyni zamanda, bölgədə sabitliyin yaranmasına əngəl törədirlər. İrəvanda Şarl Mişelin və digərlərinin ünvanına kifayət qədər neqativ fikirlər səsləndirilir. Bu isə hazırda sülh müqaviləsi kontekstində Nikol Paşinyanı ciddi problemlərlə üzləşdirir.
Qeyd olunduğu kimi, yaranan ziddiyyətli vəziyyətin əsas səbəbi Paşinyan hakimiyyətinin özündə iradə tapmayıb sülh müqaviləsini imzalamaqdan imtina etməsidir. Başqa sözlə deyilsə, İranın, Fransanın göstərişləri ilə idarə olunan Ermənistan meşədə azan yolçu kimi gedəcəyi istiqaməti seçmək imkanlarını başqalarına həvalə edib. Ermənistanda xalq Cənubi Qafqazda çox ciddi maraqları olan Rusiyanın ölkədəki 102-ci hərbi bazasının çıxarılmasını da tələb edir. Üstəlik hazırda Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiyanın sülhməramlı kontingenti bölgədə təxribatlar törədən erməni quldurlarını dəstəkləyir, onları silahlarla təmin edir, yardımlar göstərir. Üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirməsi ilə bağlı öhdəliyi olan Ermənistanı məsuliyyətindən kənarlaşdıran İranın da Paşinyana təsiri böyükdür. Xüsusilə Zəngəzur dəhlizinin çəkilməsinə hər vasitə mane olan İran bölgədə sülhün bərpasına imkan vermir. Rusiyadan, İrandan və Fransadan hərtərəfli dəstək alan Ermənistandakı revanşist qüvvələr də sülh sazişinin imzalanmasına mane olurlar. Gəlinən nəticə budur ki, dövlətçilik təcrübəsinə, siyasi iradəyə malik olmayan, mövqesiz, sadəcə küçədən hakimiyyətə gələn Paşinyan yaranan vəziyyətdən istifadə edərək vaxt qazanmağa çalışır.
Hazırda nəzərlər Moskvaya yönəlib. Rusiyada Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin nəzərdə tutulan görüşlərindən gözlənilən nəticənin sülh sazişinin imzalanmasına böyük təsiri ola bilər. Rəsmi mənbələrin açıqlamasına görə, Moskva görüşü çərçivəsində Bakı və İrəvan arasında ayrıca danışıqlar olacaq. Amma Rusiyada baş tutacaq görüşün Vaşinqton və Brüssel görüşləri ilə uyğunlaşmasını zaman və Paşinyanın hansı qüvvələrə təslim olacağı göstərəcək.
Xuraman İsmayılqızı, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri