18 may 2023 00:36
425

Fransanın demokratiyadan danışmağa haqqı yoxdur

Avropada yüz illər boyunca öz riyakarlığı, militarist siyasəti və qeyri-səmimiliyi ilə tanınan, daim insan hüquqlarından və humanizmdən dəm vuran, qatı ermənipərəst Fransa bu gün də müstəmləkəçilik siyasətindən əl çəkmir. Təxminən 200 ildən artıq müddətdə başqa-başqa ölkələri, xüsusilə Şimali Afrikanı işğal edən, xalqlara zülm edən, onları soyqırımına məruz qoyan Fransanın bu gün demokratiyadan, haqq-ədalətdən danışması absurddur. Təbii ki, bunu bütün dünya, xüsusilə də vaxtilə fransızların müstəmləkəsi altında inləyən, bu gün də bu ölkənin neomüstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin xalqları daha yaxşı bilir.

Məhz buna görə də 2023-cü il mayın 17-də “Qlobal Çağırışlar Əsrində Afrikanın Gücləndirilməsi və Çoxtərəfliliyin Təşviqi: Qoşulmama Hərəkatının rolu” mövzusunda Bakıda keçirilən konfransda çıxışı zamanı NIDEM (Malinin İnkişafı Üçün Yeni Təşəbbüs) prezidenti Xəlil Sisse Fransanın demokratiyadan danışmağa haqqının olmadığını bildirib: “Fransa hansı demokratiyadan danışır?! Onlar bizi məcbur edirlər ki, onların demokratiyasından istifadə edək. Bizə belə dırnaqarası demokratiya lazım deyil. Bizdə insan hüquqları Fransadan öncə olub. Afrika sözün əsl mənasında azad olmalıdır. Müstəmləkəçilik hələ Afrikada bitməyib. Biz sadəcə kağız üzərində azadıq. Afrika ölkələri mütləq birləşməlidir. Gərək iqtisadi cəhətdən öz fabrik, zavodlarımız olsun. Biz gözləməməliyik ki, başqa qitələrdən bizə yemək gəlsin”.

Təəssüf ki, Fransa hələ də müstəmləkəçilik, riyakarlıq və ikili standartlar siyasətindən əl çəkə bilmir. Hamımız yaxşı xatırlayırıq ki, Azərbaycanın 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad etməsi Hayastanın digər havadarları kimi, uzun müddət təcavüzkarı dəstəkləyən Fransanı da təşvişə salmışdı.

Qırx dörd günlük Vətən müharibəsi zamanı, eləcə də postmünaqişə dövründə Fransanın ölkəmizlə bağlı yürütdüyü ikili siyasət bunun əyani təsdiqidir. 2022-ci il noyabrın 15-də Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi bədnam qətnamə isə fransızların siyasi riyakarlığının növbəti təsdiqi oldu. Bu qətnamə milli dözümsüzlük, irqçilik, eləcə də ölkədə geniş vüsət almış türkofobiya və islamofobiyanın təzahürüdür.

Məsələ burasındadır ki, zaman-zaman insanlıq əleyhinə əməllər və müharibə cinayətləri törətmiş cinayətkar Fransa müxtəlif platformalarda Azərbaycana qarşı təxribatlarını bu gün də davam etdirir. 2022-ci il noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə bir müddət əvvəl Senatdakı qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatının əyani təsdiqidir. Təbii ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir.

Göründüyü kimi, ayrı-ayrı dövrlərdə təcavüzkar Ermənistanı dəstəkləyən Fransanın erməni sevdasından əl çəkə bilməməsi səbəbsiz deyil. Belə ki, bu ölkə təcavüzkar Ermənistan kimi, daim beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirib, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törədib. Elə buna görə də Fransa hələ də Ermənistanın Azərbaycanda törətdiyi müharibə cinayətlərinə səssiz qalır, eləcə də bölgədə gərginliyi artırmaq və sülhə mane olmaq siyasətini davam etdirir.

Bütün bunların fonunda qətiyyətlə demək olar ki, XXI əsrdə neomüstəmləkəçi siyasəti ilə tanınan Fransa kimi bir ölkənin bu gün NIDEM prezidenti Xəlil Essenin dediyi kimi, demokratiya, insan haqları və haqq-ədalətdən danışmağa mənəvi haqqı yoxdur…

Zahid Rza, “İki sahil”