18 may 2023 00:58
731

“Brüssel formatı”: Sülh gözləntisi reallığa çevrilir?

Üçtərəfli görüşdə Ermənistanın iddialarının yer almaması göstərdi ki, Avropa İttifaqı Azərbaycanın hüquqlarına hörmətlə yanaşır

İşğalçı Ermənistanla Azərbaycan arasında 30 il davam edən keçmiş Qarabağ münaqişəsinə son qoyulsa da, Hayastanın cəfəng iddiaları, bəhanələri və hərbi təxribatları ucbatından hələ də tərəflər arasında sülh müqaviləsinin imzalanmaması regionda sabitliyin təmin olunmasına imkan vermir. Vətən müharibəsinin başa çatma­sından sonra Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin həlli, ölkələrin bir-birinin əra­zi bütövlüyünü tanıması və yekunda sülh sazişinin imzalanmasını təmin etmək üçün Rusiyanın və Qərbin vasitəçiliyi ilə iki istiqamətdə danışıqlar aparılır. Yüksək səviyyəli görüşlər arasında ən nəticəyönümlü danışıqlar formatı məhz Brüssel formatıdır.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında 14 may tarixində sayca beşinci dəfə keçirilən görüş Bakı–İrəvan nizamlanmasının “Brüssel formatı” kimi qiymətləndirilən vasitəçilik missiyasının bərpası, ümumən Cənubi Qafqazda sülh gündəliyinin aktuallaşması baxımından vacibdir. Ölkəmizin Xarici İşlər Nazirliyinin də görüşə münasibəti mövcud məqamın vurğulanmasına əsaslanmaqdadır: “İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir”.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb. Bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişlərə nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası  və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmaların yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.

Görüş, həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb.

Görüş zamanı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar müzakirələr davam edib. Şarl Mişel sözügedən məsələ ilə bağlı mətbuata bəyanatında bildirib: “Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində həmin əhalinin hüquq və təhlükəsizliyinin təmin olunması ilə bağlı müsbət gündəliyin formalaşdırılmasına dəvət etdim. Mən, həmçinin Bakının bu əhali ilə şəffaf və konstruktiv dialoq aparması zərurəti məsələsini qaldırdım. İnanıram ki, düşmənçilik ritorikasından çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir”.

Bəli, Azərbaycanın sülhlə bağlı mövqeyi nə qədər humanist olsa da, “qırmızı xəttimiz” bəllidir - imzalanacaq sənəddə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Çünki Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, sülh müqaviləsinin hər hansı bir müddəası kimi əks olunmamalıdır. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Digər tərəfdən, Ermənistanın qondarma separatçı qurumla bağlı sülh müqaviləsində hər hansı bir qeydin edilməsi ilə bağlı cəhdləri də fiaskoya məhkumdur. Azərbaycanın bununla bağlı mövqeyi qəti və dəyişməzdir.

 Hayastan görüş zamanı Laçın yolunda Azərbaycan tərəfinə məxsus sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi məsələsinin müzakirəsini və bu tələbinin Avropa İttifaqı tərəfindən dəstəklənməsini istəyirdi. Şarl Mişelin açıqlamasından görünür ki, Hayastanın bu istəyi reallaşmayıb. Hətta Azərbaycanın ərazi bütövlüyü dəqiq rəqəm göstərilməklə təsdiqlənib. Bu, o deməkdir ki, Qərb Azərbaycanın öz suverən ərazilərində sərhəd-buraxılış məntəqəsi qurmaq kimi beynəlxalq hüquqla təsbit edilmiş haqqını qəbul edir.

Sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bir yandan sözdə Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danışır. Başqa sözlə, sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən ağızdolusu bəhs edən Ermənistan  son nəticədə üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələrinin mövcudluğu bunun əyani sübutudur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Mühüm diplomatik görüşlər ərəfəsində və ondan sonra sərhəddə hərbi təxribatların törədilməsi də bunu təsdiqləyir.  Bu qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir.

Azərbaycanın humanist və sülhpərvər mövqeyinə indiyənədək İrəvanın “cavabı” adekvat olmayıb. Halbuki indiki halda sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, əməkdaşlıq platformalarının formalaşdırılması daha çox rəsmi İrəvanın maraqlarına xidmət edir.  O baxımdan ki, işğalçı dövlət iqtisadi cəhətdən “dizi üstədir” və hazırda yalnız ianələrlə “dolanır”. Sülhün əldə edilməsi isə onları asılılıqdan xilas edə, müstəqil ölkə kimi ortaya çıxara bilər. Bu mənada rəsmi İrəvan yaranan tarixi şansdan istifadə etməlidir.

Hesab etmək olar ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlaması sülhün yaxın zamanda imzalanacağına ümidləri artırır. Bununla bağlı Şarl Mişel mətbuata açıqlamasında bildirib: “Üçtərəfli fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub. Əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilib.Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Mən müvafiq səyləri təqdir edirəm. Biz gündəliyimizdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır”.

Göründüyü kimi, üçtərəfli görüş­də Azərbaycan üçün prioritet olan bu məsələnin üzərində xüsusi dayanılıb. Ümumiyyətlə, indiyədək “Brüs­sel formatı” çərçivəsində keçirilmiş gö­rüşlər, mövcud xüsusda Aİ Şurasının  Prezidenti Şarl Mişelin vasitəçilik missiyası Azərbaycan üçün uğurlu nəticələr verməkdədir. Ermənistan ilə Azərbaycan arasında davam edən Brüssel sülh gündəliyi mühüm üstünlüklərə malikdir. Bir sıra məsələlər məhz bu gündəlik əsasında öz uğurlu həllinə yaxınlaşıb. Bu sülh gündəliyi digər ölkələr və təşkilatlar tərəfindən də açıq şəkildə dəstəklənir. Aİ Şurasının Prezidenti Şarl Mişel də açıqlamasında qeyd edib ki, Avropa İttifaqının gizli gündəliyi yoxdur: “Bizim yeganə məqsədimiz Azərbaycana və Ermənistana əhatəli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz onların birgə səylərinə dəstək verməyə hazırıq”.

Həm  də görünən odur ki, mayın 14-də keçirilmiş görüş Azərbaycanın üstünlüyü ilə davam edib.  Bu isə bir daha təsdiqləyir ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir və regionda sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində məqsədyönlü siyasət həyata keçirir.

Yaqut Ağaşahqızı, “İki sahil”