Artıq 3 ildir ki, torpaqlarımızın işğal deyil, Zəfər gününü qeyd edirik
“Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır.” Dövlət başçısı İlham Əliyev Laçının işğaldan azad edilməsi ilə bağlı 1 dekabr 2020-ci il tarixli xalqa müraciətini yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmışdı: «Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!»
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların dünyaya təqdimatı oldu. Cənab İlham Əliyevin qeyd etdiyimiz müraciətində vurğuladığı kimi, Azərbaycan bu illər ərzində daha da gücləndi, qüdrətləndi. Münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Ölkəmizin iqtisadi imkanların günbəgün artması bütün sahələrdə uğurlu addımların atılmasını şərtləndirdi. İqtisadi müstəqilliyimiz siyasi mövqeyimizi daha da möhkəmləndirdi. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığını bəyan etdi. Bu bəyanat da daim səsləndirilirdi ki, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Azərbaycan münaqişənin həlli ilə bağlı dəyişməz mövqeyini ən yüksək tribunalardan bəyan etdi.
Azərbaycan hər zaman sülh siyasətinə sadiqlik nümayiş etdirməklə yanaşı, bu çağırışı da edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə müharibə variantı istisna edilmir. Azərbaycanın tam haqqı var ki, işğal altından olan torpaqlarını istənilən yolla azad etsin. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutması dövlətimizin və xalqımızın səbir kasasını doldurdu. 44 günlük İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə 2016-cı ilin Aprel döyüşlərində, həmçinin 2018-ci ilin Günnüt əməliyyatında lazımi dərsi vermişdi. Amma düşmən bu dərsdən nəticə çıxarmayaraq 2020-ci ilin 27 sentyabr tarixində törətdiyi hərbi təxribatla müharibənin baş verməsinə gətirib çıxardılar. Azərbaycan Ordusunun 44 gündə imza atdığı tarixi Zəfər ölkəmizin nəyə qadir olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad edildi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzaladılar. Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı.
Artıq iki ildən çoxdur ki, torpaqlarımızın işğal deyil, Zəfər gününü qeyd edirik. Qeyd etdiyimiz kimi, bu sevincimiz, qürurumuz dövlətimizin qətiyyətinin, rəşadətli Ordumuzun, xalqımızın yumruq kimi birliyinin, həmrəyliyinin nəticəsidir.
Çoxəsrlik tariximizin Zəfər səhifəsi yazılsa da faciəli səhifələrimizi, ermənilərin zaman-zaman törətdikləri hərbi təxribatları daim diqqətdə saxlamalı, onların dünya ictimaiyyətinə çatdırılması istiqamtəində səylər göstərməliyik. Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, tarixi Zəfərimizdən sonra Ermənistanla münasibətlərimizdə yeni səhifə açmaq, regionda dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifi edilsə də faciələrimizi unutmuruq və unutmayacağıq.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal etdi. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi buraya Laçın dəhlizi vastəsilə daxil oldu. Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində yaşayır.
Erməni vandalizminin nəticələrinə diqqət yetirək. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qarıqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.
Təkcə Laçın rayonunun timsalında erməni vəhşiliklərinin miqyasının nə qədər böyük olduğunu görürük. Bu məqamı da unutmayaq ki, ermənilər dekabrın 1-də Laçını boşaldan zaman da törətdikləri vandallıqla dünyanın diqqətində oldular. Belə ki, köçən zaman apara bildiklərini apardılar, apara bilmədiklərini tamamilə dağıtdılar. Ekoloji terror törətdilər.
Bu ilin ilk ayında dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində “Yola saldığımız 2022-ci ildə Laçın şəhərinin mərkəzinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsinə dair tvitlə bizi yenidən sevindirdiniz. Bu da yeni Laçın yolunun çox qısa bir müddətdə salınması sayəsində mümkün oldu. Həm bu məsələlərin əhəmiyyətini Sizdən eşitmək istərdik, həm də bu il – 2023-cü ildə Azərbaycan xalqı belə yeniliklərmi deyim, belə xəbərlərmi deyim, gözləsinmi” sualını cavablandırarkən bildirdi ki, ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq. Çünki dərhal göstəriş verildi, indi Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir və indi baxacağıq, bu il biz Laçın şəhərinə ilk laçınlıları nə vaxt qaytaracağıq. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq: «Zabux kəndində hansısa varlı erməni tərəfindən evlər tikilibdir. Mən o evləri müvəqqəti olaraq hərbçilərə vermişəm. Mən dedim ki, bizim vətəndaşlar o evlərdə yaşamayacaq. Onlardan biz kazarma kimi istifadə edirik. Amma zabuxlular üçün Zabux kəndində yeni qəsəbə salınır və bu il biz onları oraya göndərəcəyik.»
Prezident İlham Əliyevin ötən il avqustun 26-da «Twitter» səhifəsində etdiyi paylaşımın hər birimizin Zəfər sevincinə daha bir sevinc qatdığını xüsusi qeyd edirik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçınla bağlı belə bir paylaşım etmişdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
Bu gün sevinc hissi ilə qeyd edirik ki, işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Laçın da həyatının yeni dövrünü yaşayır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Laçın aeroportunun tikintisi davam edir. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyev bildirmişdir: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”
Üç ilə yaxındır ki, ermənilərin işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Laçında törətdikləri dağıntıları genişmiqyaslı bərpa-quruculuq işləri əvəzləyir. Dövlət başçısı İlham Əliyevin ötən il sentyabr ayında Laçın rayonuna səfəri və şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltması tarixi hadisə kimi tariximizə yazıldı. Bu mühüm addım bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə belə bir mesaj oldu ki, bu torpaqlar bizimdir, qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş ərazilərimizdə dalğalanması torpaq həsrətimizin bitdiyinin və burada yeni həyatın başlanmasının rəmzidir. Böyük Qayıdışın sürətləndirilməsi üçün bütün zəruri addımlar atılır. Bu ərazilərimizin malik olduğu resurslardan səmərəli istifadə etməklə dayanıqlı inkişafımıza geniş imkanlar yaranacaq. Azərbaycan hər zaman ilklərə imza atması ilə diqqətdə olur. Ölkəmizin bu yenilikləri sırasında işğaldan azad edilmiş ərazilərimizin «ağıllı şəhər» və «ağıllı kənd» layihələri çərçivəsində bərpasını qeyd edirik.
İmzalanan hər bir sənəd Böyük Qayıdışın tamamilə gerçəkləşməsinə xidmət edir. «Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək» söyləyən Prezident İlham Əliyev bildirir ki, bu il laçınlılar Laçına qayıdacaq.
Görülən işlərin miqyası və sürəti hədəflərə daha tez nail olmağa əsas verir. Məhz bu işlərin miqyasına söykənərək dövlət başçısı İlham Əliyev bildirir ki, bir müddət bundan əvvəl keçmiş köçkünlərin bu ilin sonuna qədər Laçın şəhərinə qaytarılacağını demişdim. Bu gün tam əminliklə deyə bilərəm ki, yay aylarında artıq buna nail olacağıq.
Artıq göründüyü kimi, Laçın 18 may 1992-ci il işğal tarixini 1 dekabr 2020-ci il Zəfər tarixi ilə əvəzləyib. 28 illik işğal dövrünün bütün çətinliklərinə baxmayaraq soydaşlarımız da ümidlərini itirmədilər. Hər zaman belə bir əminlik ifadə edildi ki, gün gələcək dövlətimizin uğurlu siyasəti, qətiyyəti sayəsində doğma torpaqlarımıza qovuşacaq və «Buranın sahibi bizik» söyləyəcəyik. Xalqımız bu günü gözləyirdi və həmin gün gəldi.
Yeganə Əliyeva, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri