Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə paytaxtımızda keçirilən «Bandunqdan Bakıya qədər: Qoşulmama Hərəkatı mürəkkəb və dəyişkən qlobal kontekstdə» adlı beynəlxalq konfransda quruma rəhbərlik edən Azərbaycanın təşəbbüsləri milli həmrəylik nümunəsi adlandırıldı
Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı (QH) həmrəylik və əməkdaşlıq qurumu kimi fəaliyyətini genişləndirir. 120 üzvü, 17 dövlət müşahidəçisi, 10 müşahidəçi beynəlxalq təşkilatı olan QH-da idarəçilik rotasiya əsasında dəyişir. «Soyuq müharibə» dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunan Qoşulmama Hərəkatının son illərdə fəaliyyət coğrafiyası genişlənir. Qurumda təmsil olunan dövlətlərin iştirakı ilə Gənclər Sammitinin keçirilməsi, Parlament Şəbəkəsinin, Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması ölkələr arasında həmrəyliyi gücləndirir.
2011-ci ildə təsisata qoşulan Azərbaycan ilk gündən qurumun sadiq qaldığı Bandunq prinsiplərinin təşviqinə töhfələr verib. Qoşulmama Hərəkatı üzvlərinin təklifi ilə təsisata rəhbərlik edən Azərbaycanın quruma sədrlik müddətinin 2023-cü ilin sonuna qədər davam etməsi dünyada təşəbbüskar kimi tanınan, siyasi, iqtisadi, hərbi qüdrəti möhkəmlənən Azərbaycana etimad və inamın göstəricisidir. Quruma üzv ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətin, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə hörmət təsisatın əsas fəaliyyət prinsiplərindəndir. Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi ölkəmizin multikultural və tolerantlıq ənənələrinə sadiqliyidir. 2019-2022-ci illərdə təsisata rəhbərlik edən Azərbaycanın bu müddətdə gördüyü işlər üzv ölkələr tərəfindən yüksək dəyərləndirilib. Ölkəmizə göstərilən etimadın məntiqi nəticəsi Azərbaycanın quruma sədrlik müddətinin 2023-cü ilin axırına kimi uzadılmasıdır.
Bu inam, hörmət təsadüfi deyil. Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatın qarşıdakı illərdə təşkilata çevrilməsinə yönəlib. Qlobal qütbləşmələrin, müharibələrin, münaqişələrin yaratdığı risklərin, təhlükələrin, təbii fəlakətlərin, pandemiyaların hələ də davam etdiyi indiki zamanda dövlətlərarası qarşılıqlı etimad daha vacib və önəmlidir.
COVID-19 pandemiyasının bütün ölkələrdə törətdiyi fəsadların aradan qaldırılmasında, virusa qarşı mübarizədə də humanitar yardımları ilə diqqəti cəlb edən Azərbaycanın təşəbbüsləri humanist addım kimi yüksək dəyərləndirildi. Prezident, Qoşulmama Hərəkatının hazırkı Sədri İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyanın Xüsusi Sessiyasının təşkili həmrəylik, səfərbərlik çağırışı kimi dəstəkləndi. Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunmuş Sammitində Azərbaycanın humanitar yardımları yüksək dəyərləndirildi. Ölkəmizə göstərilən bu səmimiyyət təsadüfi deyil. Pandemiya dövründə Azərbaycan 80-dən çox ölkəyə maliyyə və humanitar yardımlar göstərməklə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə ayırdı. Pandemiyanın sürətlə yayıldığı dövrdə bəzi zəngin ölkələrin onlara lazım olduğundan artıq vaksin almalarını ədalətsiz yanaşma adlandıran Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi supergücləri Birləşmiş Millətlər Təşkilatı tərəfindən də dəstəklənən «peyvənd millətçiliyi»nə qarşı birgə mübarizəyə səslədi. «Başqa sözlə, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik» sözləri ilə təkcə təsisata rəhbərliyi müddətində deyil, hər zaman humanitar çağırışlarını, təşəbbüslərini davam etdirəcəyini bildirdi.
Təsisata üzv ölkələrin maraqlarının müdafiəsi üçün ədalətli platforma rolunu davam etdirən Qoşulmama Hərəkatının problemlərin həlli yolunda sadiq qaldığı həmrəylik nümunəsi digər beynəlxalq təşkilatlara nümunə göstərilir.
Mayın 16-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə paytaxtımızda keçirilən «Bandunqdan Bakıya qədər: Qoşulmama Hərəkatı mürəkkəb və dəyişkən qlobal kontekstdə» mövzusunda beynəlxalq konfransda quruma rəhbərlik edən Azərbaycanın təşəbbüsləri milli həmrəylik nümunəsi adlandırıldı. Beynəlxalq hüquqa hörmət əsasında dünyada sülhə, təhlükəsizliyə, qarşılıqlı inama töhfələr verən ölkəmizin təcrübəsinin konfrans iştirakçıları tərəfindən dəstəklənməsi Azərbaycan multikulturalizminə verilən dəyər kimi maraq doğurdu.
Hərəkat daxilində razılaşdırılmış mövqeyi BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna da təsir göstərir. Bu təcrübə BMT-də Fransanın ölkəmizə qarşı ədalətsizliyinin qarşısının alınmasında sınaqdan çıxdı. Azərbaycana təsir və təzyiqlərin göstərilməsində israrlı olan Fransanın haqsız tələblərinin qarşısı Qoşulmama Hərəkatının həmrəyliyi sayəsində alındı.
Konfransda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Qoşulmama Hərəkatındakı rəhbərliyi müddətində görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın təşəbbüsü ilə institutlaşma prosesinə başlanılıb.
Links Avropa Şirkətinin direktoru Dennis Sammutun qeyd etdiyi kimi, çox həssas dönəmdə quruma sədrlik edən Azərbaycan multikulturalizmin təbliğində də fəallıq göstərib. Bu ilin oktyabr ayında Haaqada keçiriləcək tədbirdə fəaliyyətə üç ölkə ilə başlayıb və getdikcə üzvlərinin sayı artan, beynəlxalq aləmdə nüfuzu möhkəmlənən təsisatın humanitar siyasəti, həmrəylik çağırışları geniş sferada diqqətə çatdırılacaq. Qoşulmama Hərəkatının qlobal təhlükəsizlik və iqtisadi çağırışlarda artan rolu ilə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşən Misir Xarici İşlər Şurasının sədri Məhəmməd Abdel Hay Əl-Orabinin qeyd etdiyi kimi, dünyamızın bir çox problemlərlə üzləşdiyi müasir dövrümüzdə sabitlik və inkişaf üçün ölkələri həmrəylik çağırışları ilə birləşdirən təsisat təcrübədə sınanmış uğurların tətbiqi naminə də böyük işlər görür. Bəşəri əhəmiyyətli problemlərin həlli üçün mövqeləri yaxın olan, oxşar çətinliklərlə üzləşən ölkələrin problemlərinin həlli daim diqqətdə saxlanılır. Qoşulmama Hərəkatı oxşar ideyalara xidmət edən ölkələri Bandunq prinsiplərinə uyğun bir araya gətirir, çıxış yollarının həllini ümumi baxışlara uyğun müəyyənləşdirir. Çünki üzvlərinin sayına, artan nüfuzuna görə dünyada ən böyük beynəlxalq strukturlardan olan, planetin əhalisinin təxminən 55 faizi bu quruma üzv ölkələrin payına düşür. Bu dövlətlər dünyada mövcud olan neft ehtiyatlarının 75, qaz ehtiyatının isə 50 faizindən çoxuna, nəhəng insan potensialına və zəngin təbii ehtiyatlara sahibdir. Qurumun fəal üzvü Türkmənistanın son illərdə irəli sürdüyü və Birləşmiş Millətlər Təşkilatının simasında dünya birliyinin geniş dəstəyini qazanmış bir sıra beynəlxalq təşəbbüslər buna sübutdur. Əsas prinsipləri münaqişəli vəziyyətlərin yalnız siyasi-diplomatik, danışıqlar yolu ilə həllinə nail olmaq, qarşılıqlı münasibətləri sağlam düşüncələr əsasında zənginləşdirmək, iqtisadi, siyasi, diplomatik əlaqələri genişləndirmək olan Qoşulmama Hərəkatı dünyada sabitliyin qorunmasına verdiyi dəstəyi davam etdirəcək.
Xuraman İsmayılqızı, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri