18 may 2023 02:58
699

Qarabağ bizim deyil ki, onu kiməsə verək - Jirayr Liparityan

Ermənistanda gündəmi zəbt etmiş sülh məsələsi barədə müxtəlif fikirlər səslənir. Hakimiyyətlə cəmiyyətin müxtəlif təbəqələri arasında fikir birliyi yoxdur. Aranı yenidən qarışdıranların arasında arabir nə qədər acı da olsa həqiqəti deyənlərin də səsləri eşidilir: "Əgər İrəvan Azərbaycanın şərtlərini qəbul edib sülh müqaviləsi imzalamasa, onu yeni müharibə gözləyir."

Bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sabiq müşaviri Jirayr Liparityan deyib. Liparityan Ermənistan cəmiyyətində kifayət qədər tanınmış diplomatdır və tarixə çevrilmiş Qarabağ münaqişəsinin əvvəlindən qaynar hadisələrin mərkəzində olub. Bir çox mühüm tarixi görüşlərdə və böyük əhəmiyyətə malik siyasi məsələlərin müzakirəsində fəal iştirakçılardan biri olub.

Jurnalistin “sülh müqaviləsinin imzalanması Qarabağın Azərbaycan ərazisi kimi tanınması olacaq” replikasına Liparityan belə cavab verib: “Bizim müqavimət üçün imkanımız varmı? Niyə biz əldə edə bilməyəcəyimizi tələb edirik?”

O vurğulayıb ki, 44 günlük savaşdan sonra Bakının tələbləri əhəmiyyətli dərəcədə sərtləşib: “Əgər biz 2020-ci ilin yayında masadakı plana razılaşsaydıq, daha az şey itirərdik. Belə məntiqi rəhbər tutaraq, yeni müharibənin ola biləcəyini və daha çoxunu itirəcəyimiz barədə düşünmürsünüzmü? Müqavilə yeni müharibənin olmayacağı ehtimalını 20 faizə çatdıracaq. Əgər onu imzalamasaq, müharibədən qaçmaq olmayacaq. Bundan başqa, Qarabağ bizim deyil ki, onu kiməsə verək. Biz artıq onu itirmişik. Müharibə nəticəsində biz Qarabağ məsələsində nəsə demək haqqını da itirdik”.

Liparityanın sözlərindən aydın olur ki, xəstə erməni cəmiyyətində tək-tək də olsa sağlam düşüncəyə , məntiqə və mühakiməyə malik siyasətçilər var. Ancaq hakimiyyətin yuxarı eşalonunda onların fikirlərini qəbul edən yoxdur. Ona görə də hakimiyyətdə xaotik vəziyyət hökm sürməkdədir. Baş nazir Nikol Paşinyanın sözü və qərarı həlledici məqamlarda “havada” qalır və ona əməl olunmur. Sonuncu təxribatdan sonra bu fikir bir daha təsdiq olundu ki, ortada hansısa adı çəkilməyən bir qüvvə var və həlledici məqamlarda işə qarışır və Ermənistan hakimiyyətinin qərarını heçə endirir.

Bununla bağlı  Ermənistanla şərti sərhədin Basarkeçər rayonu ərazisində, Zod qızıl yatağı yaxınlığında baş verən təxribatın səbəbkarları ilə bağlı müzakirələrin getdiyi vaxt erməni mediasında diqqətçəkən müsahibə yayılıb.

Müsahibəni “Qara Pantera” adlı qeyri-hökumət təşkilatının sədri, “azadlıq döyüşçüsü” kimi təqdim edilən Serop Qasparyan verib.

Serop Qasparyan “Hraparak” nəşrinə verdiyi geniş müsahibəsində hakimiyyət əleyhinə çoxsaylı ittihamlar səsləndirib, ermənilərin “döyüşçü xalq” olması rəvayətini təkrarlayıb və Paşinyanın “dişsiz” olmasından bəhs edib. Könüllüləri silahlanmağa çağıran bu şəxs Zod yatağı ətrafında baş verən toqquşmadan danışarkən heç bir təlimat olmadan, “yerlərdəki əsgərlərin öz şərəfləri naminə cavab tədbirlərinə” başladığını bildirib.

Dolayısıilə Qasparyan Zod yatağı yaxınlığında baş verən toqquşmanın həmin ərazidəki erməni hərbi birləşmələri tərəfindən danışıqlardan əvvəl qəsdən törədildiyini etiraf edib. Onun məntiqinə görə, yalnız hərbi gücü göstərdikdən sonra Azərbaycan onların istədiyi sülhə razı olacaq; “Necə ki, 1994-cü ildə atəşkəs üçün yalvarırdılar” – Qasparyan bildirib.

Qeyd edək ki, təxribatın baş verməsinin səbəbi kimi iki ehtimal irəli sürülürdü: politoloqların fikrincə, ya Paşinyan bu təxribata şəxsən rəhbərlik edir, məqsədi danışıqlar prosesini uzatmaq və Ermənistan üçün münasib hərbi-siyasi şəraitin yetişməsini gözləməkdir, ya da “üçüncü qüvvələr” Qərbin vasitəçiliyi ilə sülh istiqamətində əhəmiyyətli addımlar atılmasından narahatdırlar və gərginlik yaratmaqla Rusiyasız hər hansı sülhə imkan verməyəcəklərini göstərmək istəyirlər.

Serop Qasparyanın müsahibəsi ikinci versiyanı ifadə edir.

Xatırladaq ki, Zod qızıl yatağını Rusiya şirkəti istismar edir. Ona görə Zod qızıl mədəni yaxınlığında belə irimiqyaslı təxribatın baş verməsi və Rusiya tərəfinin buna müəmmalı şəkildə susması çox gizli mətləblərdən xəbər verir. Çox keçməz ki, inkişaf edən hadisələr özü bizi həqiqətə aparıb çıxaracaqdır. Sülh isə necə olursa-olsun , nə vaxtsa bağlanacaqdır.

Vəli İlyasov, "İki sahil"