Hər bir cəmiyyətin inkişafında, insanların maariflənməsi və məlumatlandırılmasında medianın özünəməxsus rolu var. Azad media həm də demokratik cəmiyyətin əsas göstəricilərindən biridir. Bu baxımdan onun inkişafı, zamanın tələblərinə cavab verməsi mühüm məsələdir. Müasir dövrdə Ulu Öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə senzuranın ləğv edilməsi mətbuata yeni imkanlar yaratdı. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə kütləvi informasiya vasitələrinin fəaliyyətində keyfiyyətcə yeni mərhələ başladı. Belə ki, dövlətimizin başçısı 2021-ci il yanvarın 12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı, həmçinin Medianın İnkişafı Agentliyi yaradıldı. Agentliyin jurnalistlər üçün peşə təlimləri təşkil etməsi, müxtəlif layihələr, müsabiqələr keçirməklə bu sahədə peşəkarlıq səviyyəsini artırması mühüm əhəmiyyət kəsb edir. 2021-ci il 30 dekabr tarixində “Media haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul olunub. 2022-ci il fevralın 8-də Prezident İlham Əliyev sözügedən Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə müvafiq Fərman imzalayıb. Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilən “Media haqqında” Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.
Ailədaxili münasibətlər, qadın və uşaq hüquqlarının müdafiəsi məsələlərinə təsir göstərən ən mühüm amillərdən biri də mediadır. Mediada dərc olunan yazılar, verilişlər, internet səhifələrində, sosial mediada bu məsələlərə bildirilən münasibətlər problemlərin kütləviləşməsinə, ictimailəşməsinə və müəyyən dərəcədə onların həlli yollarının tapılmasına gətirib çıxara bilər. Lakin, eyni zamanda, bu cür problemlərin mediada işıqlandırılmasından sonra daha da kəskinləşməsinin şahidi oluruq. Belə həssas məsələlərin emosional və qeyri-peşəkar bir şəkildə işıqlandırılması Azərbaycanın təbliğatı və bizim haqqımızda yaranacaq təəssürat baxımından zərərlidir. Belə hallarda bütövlükdə cəmiyyət və dövlət haqqında mənfi imic formalaşa bilər. Bu Qanun isə qeyd etdiyimiz nüansları da nəzərə alır.
Hazırda dünyanın heç bir ölkəsində gender bərabərliyi tam formada, bütöv olaraq təmin edilməyib. Günümüzdə qadınlara qarşı zorakılıq, cinsi ayrı-seçkilik, cinsi qısnama, əmək və təhsil hüquqlarının pozulması faktları bütün ölkələrdə qeydə alınır. Cəmiyyətdəki stereotiplər bu günədək qadınların hüquq və azadlıqlarına təsir göstərir. Qadın və qızların yeni texnologiyalarla bağlı məşğulluqda, “Start-up” layihələrin icrasında təmsilçiliyi yalnız 2% təşkil edir. Dünyada gender bərabərliyi göstəricisi, yaxşı halda, 65-in 35-ə nisbətində qurulub. Hesablamalara görə, qadınlar dünya əmtəəsinin 2/3-ni yerinə yetirirlər, buna rəğmən, gəlirlərin 10%-ni alırlar və dünya mülkiyyətinin ancaq 1%-nə sahibdirlər. Dünya parlamentlərində qadın millət vəkilləri yalnız 19.1% təşkil edirlər. Dünyada həddi-büluğa çatmış əhalinin 774 milyonu savadsızdır ki, onların da 2/3-ni qadınlar təşkil edirlər. Bu rəqəm son 20 il ərzində dəyişməz qalır.
Avropa Şurası Gender Bərabərliyi Strategiyasının icrasında medianı “təbii tərəfdaşlarından biri” adlandırır. Strategiyada qeyd edilir ki, medianın müxtəlif qolları – sosial media, internet media, televiziyalar, qəzetlər, radiolar gender stereotiplərin dağıdılması sahəsində geniş imkanlara və öhdəliklərə malikdirlər. Media strukturları müstəvisində gender bərabərliyini təmin etməklə onu həyatın digər sahələrinə nümunə kimi göstərmək mümkündür. Bu baxımdan, medianın qərarvermə və idarəetmə səviyyələrində qadın və kişilərin bərabər iştirakı bütün beynəlxalq təşkilatların sənədlərində təşviq edilir.
Heydər Əliyev hələ sovetlər birliyi dönəmində respublikamıza rəhbərlik etdiyi vaxt gender bərabərliyinə, qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılmasına, idarəetmənin müxtəlif istiqamətlərində fəal təmsil olunmasına xüsusi diqqət yetirmişdir. Ümummilli Liderin müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi, sabitlik və inkişaf dönəmi kimi yadda qalan 1993-2003-cü illərdə də milli-mənəvi dəyərlərə, milli maraqlara və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan məqsədyönlü gender siyasəti həyata keçirilmişdir. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 12 noyabr 1995-ci il tarixində keçirilən ümumxalq səsverməsi – referendum nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında gender siyasətinin hüquqi əsaslarının təsbit olunmasını bu kontekstdə xüsusi vurğulamaq lazımdır. Bununla yanaşı, Heydər Əliyevin imzaladığı bir çox Fərman və sərəncamlar birbaşa və dolayısı ilə qadın hüquqlarının müdafiəsinə yönəlmişdir. Müdrik dövlət xadiminin müvafiq fərmanları ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi, Azərbaycanın “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulması və digər addımlar gender siyasətinin səmərəliliyini təmin etmişdir.
Ümummilli Liderin siyasətini uğurla və inamla davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ənənə ilə müasirliyin vəhdətinə və siyasi varislik prinsipinə əsaslanan strateji kursunda gender bərabərliyinin təmin olunması, qadınların müxtəlif sahələrdə fəallığının və rolunun artırılması kimi məsələlər də mühüm yer tutur. Bu kontekstdə qanunvericilik bazasının zənginləşdirilməsi, qadınlara dövlət idarəçiliyinin müxtəlif sahələrində etimad göstərilməsi, onların yüksək fəallığı və faydalı təşəbbüslərlə çıxış etməsi üçün geniş imkanların yaradılması, zəruri şərtlər və şəraitin təmin olunması və bir sıra digər tədbirlərin reallaşdırılması dövlət başçısının gender bərabərliyi məsələsini daim diqqətdə saxladığını göstərir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, irəli sürdüyü təşəbbüslər və reallaşdırdığı layihələr də gender məsələlərinin tənzimlənməsi, qadınların hüquqlarının qorunması və ictimai-siyasi fəallığının yüksəldilməsi baxımından müstəsna önəm daşıyır. Əvvəla qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyeva məhsuldar fəaliyyəti ilə milli-mənəvi dəyərlərə, tarixi ənənələrə sadiq, vətənpərvər və xeyirxah Azərbaycan qadını obrazının formalaşmasında əvəzsiz rol oynamışdır. Onun nümunəvi həyat və fəaliyyəti qadınlar üçün əsl örnək olmaqla yanaşı, zərif cinsin nümayəndələrinin cəmiyyət həyatında rolunun artmasına stimul vermişdir. Adı xeyirxahlıq, vətənpərvərlik anlayışları ilə assosiasiya olunan, milli və bəşəri dəyərlərə bağlılığı ilə fərqlənən, ictimai-siyasi obrazı nümunəvi xarakter daşıyan Mehriban xanım Əliyevanın gördüyü işlər ölkəmizdə olduğu kimi, beynəlxalq miqyasda da yüksək dəyərləndirilir.
Azərbaycanın aparıcı siyasi qüvvəsi, ölkənin və Cənubi Qafqaz bölgəsinin ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının da fəaliyyət konsepsiyasında gender məsələləri önəmli yer tutur və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Gender əsaslı zorakılıq hallarının qarşısının alınması, əmək bazarında qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi, qadınların işdə irəli çəkilmək, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi, ana və uşaqların sosial müdafiəsinin gücləndirilməsi, zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sisteminin təkmilləşdirilməsi kimi məsələlər bu sahənin inkişafı ilə bağlı partiyanın hədəfləri kimi müəyyən olunmuşdur. Yeni Azərbaycan Partiyasında nümunə olaraq gender məsələləri ilə məşğul olan ayrıca bir şöbənin yaradılması önəmli məqamdır.
Gender siyasətinin reallaşdırılması ilə bağlı qadın forumlarının, qurultaylarının keçirilməsi çox ciddi bir formatdır. Əgər 1995-1998-ci illər qadın hüquqlarının qorunmasının dövlət siyasətinə çevrilməsi ilə xarakterizə olunurdusa, ondan sonrakı dövr bu prosesin qadın siyasətinə transformasiyasını və gender mədəniyyətinin təbliği məsələsini önə çıxarmışdı. Hansı ki, 2006-cı ildə qəbul olunan “Gender bərabərliyinin təminatları haqqında” Qanun bu məsələləri özündə ehtiva edirdi. Bu qanun qısa bir müddətdə Azərbaycan cəmiyyətini gender siyasətinin ən yüksək səviyyədə təşkil olunması, həyata keçirilməsi ilə xeyli dərəcədə irəliyə apardı. 2020-ci ildən sonra isə artıq Milli Məclisdə “Gender bərabərliyinin təminatları haqqında” Qanunun yerinə yetirilməsi ilə bağlı illik məruzələrin təqdimatı ilə biz de-fakto gender bərabərliyinin təmin olunmasının vəziyyəti barədə monitorinq aparıldı. Bu monitorinqlərin nəticələri bütün əlaqədar qurumlara bu istiqamətdə hansı addımların atılmalı olduğunun vacibliyini vurğulayır.
Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bütün qüvvələrini səfərbər edir, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Qarşıda duran vəzifələr isə aydın və dəqiqdir. Cəmiyyət həyatının bütün istiqamətlərində dayanıqlı inkişafa nail olmaq məqsədilə elm və texnikada, süni intellekt və bu kimi digər sahələrdə, həm də qeyri-ənənəvi sayılan istiqamətlərdə qadınların və qızların rolunu, iştirak miqyasını genişləndirmək mütləqdir.
Cavid Əkbərov, “İki sahil”
Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri