Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüssel görüşündə bir daha təsdiqləndi ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yoldur
Bu gün qürurla qeyd etdiyimiz reallıqlardan biri budur: Azərbaycan işğal dövrünün Azərbaycanı deyil. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq. Bu, bizim milli ideyamızdır. Əvvəllər milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi. İndi artıq işğaldan azad olunmuş Azərbaycan yüksəlməkdədir. Bu əminlik də ifadə edilir ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq.
Bütün dövrlər üçün aktual olan, böyük faciələrin, problemlərin yaranmasına səbəb olan dünyanın ikili standartlara əsaslanan siyasəti dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında öz əksini tapır. Ölkə Prezidenti «Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi» söyləyərək bunun ardınca ən çox təəssüf doğuran halın bu olduğunu bildirir ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.
Bu faktı da qeyd etmək yerinə düşər ki, Azərbaycan 30 illik işğal dövründə bütün beynəlxalq təşkilatların potensialından istifadə etmək istəyini ortaya qoydu. BMT Baş Assambleyasına müraciət edən rəsmi Bakı Dağlıq Qarabağda süni məskunlaşdırma faktının araşdırılması üçün Faktaraşdırıcı Missiyanın yaradılması təşəbbüsü ilə çıxış edəndə ATƏT-in Minsk qrupunun həmsədrləri bunu onların missiyasına müdaxilə kimi dəyərləndirdilər və belə rəy yaratmağa çalışdılar ki, Azərbaycan qurumun vasitəçiliyindən imtina edir. Dövlət başçısı İlham Əliyev buna cavab olaraq bildirdi ki, Azərbaycan məsələnin həllində bütün beynəlxalq təşkilatların potensialından istifadə etməkdə qərarlıdır, bunun ATƏT-in Minsk qrupunun vasitəçiliyinə heç bir aidiyyəti yoxdur. ATƏT Faktaraşdırıcı Missiyasını yaratdı və işğal edilmiş ərazilərimizə göndərdi. Faktaraşdırıcı Missiya iki dəfə bu ərazilərdə oldu, süni məskunlaşma faktını təsdiqlədi, amma konkret addım atmaq zamanı gələndə, yəni hesabat hazırlananda bu siyasəti hansı tərəfin həyata keçirdiyini gizli saxlamağı daha məqsədəuyğun hesab etdi. Hazırlanan hesabat həmsədrlərin Azərbaycanın BMT Baş Assambleyasına müraciəti ətrafında niyə hay-küy saldıqlarına aydınlıq gətirdi. Düşünürük ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illərlə kağız üzərində qaldısa, bu qurumun da Faktaraşdırıcı Missiyası eyni hesabatla çıxış edəcəkdi. Bu xatırlatmanı etməyimiz səbəbsiz deyil. Dünya siyasətində münaqişəli məsələlərin həllinə dair belə maraqlı model görəsən bütün dövlətlərə tətbiq olunur? İşğalçı 30 il adı ilə çağırılmadı, amma məsələnin ədalətli həllini tapacağına beynəlxalq səviyyədə inam yaratmağa çalışdılar. Əksər dünya gücləri bu kimi ikili yanaşmaları ilə özlərinə qarşı etimadsızılq mühiti yaratmaqla münaqişəli məsələlərin həllinə hansısa dəstəyi göstərmək imkanında olmadıqlarını ortaya qoyurlar.
Keçmiş Minsk qrupunun fəaliyyətinin canlandırılması məsələsinə gəldikdə dövlət başçısı İlham Əliyev bildirir ki, iyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər, onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışıblar. Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur.
Postmünaqişə dövrünün əsas reallıqlarından biri bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Cənab İlham Əliyevin "10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik» çağırışı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajla bərabər, ciddi dərsdir. 30 ildə xalqımızın başına gətirilən faciələr azmış kimi hələ postmünaqişə dövründə də sülh müqaviləsini imzalamamaq, vaxt qazanmaq üçün Azərbaycan-Ermənistan sərhədində erməni silahlı birləşmələrinin təxribatlar törətmələri, itkilərə səbəb olmaları dünyanı niyə narahat etmir? Bu, təəccüb doğurmaya bilməz.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə yeni reallıqar yaradan Azərbaycan dünyaya ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu çatdırmaqla yanaşı, bu çağırışı da etdi ki, onların tətbiqi üçün vahid mexanizm olmalı, zamana və məkana görə tətbiq edilməməlidirlər. Zəfərimizdən ötən bir ildə dünya siyasətində baş verən yeniliklərə diqqət yetirsək supergüclərin, nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə dəstəyini aydın şəkildə görərik. Əksər dünya gücləri Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində maraqlarını sülh müqaviləsinin imzalanması üçün danışıqlara dəstək göstərməyə hazır olmaları ilə təsdiqləyirlər. Belə ki, Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadan, həmçinin Moskva, Soçi və Brüssel görüşlərində imzalanan bəyanatlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırışlar edilir ki, bu da Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.
Brüssel görüşlərini Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, artan siyasi çəkisinin təqdimatı kimi də dəyərləndirə bilərik. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə mayın 14-də Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin növbəti Brüssel görüşündə Ermənistan Azərbaycanın prinsipial mövqeyini dəstəkləməklə ədalətin və beynəlxalq hüququn əsas olduğunu təsdiqlədi. Bu görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlər müzakirə olundu.
Ümumilikdə hər bir görüş münasibətlərin tənzimlənməsinə doğru atılan addımdır. Bütün təşəbbüslər nədən xəbər verir? Təbii ki, bu uğurlarımız Azərbaycanın müstəqil siyasətinin, qətiyyətinin, dəyişməz mövqeyinin nəticəsi olaraq beynəlxalq aləmdə artan rolunun təqdimatıdır. Qalib ölkə olan Azərbaycan diktə edən tərəf kimi postmünaqişə dövrünün reallıqlarına ədalətli yanaşma tələb edir. 30 ilə yaxın dövrdə ikili standartlara əsaslanan siyasətin nəticəsi göz önündədir. Bütün hallarda Azərbaycan öz mövqeyindən bir addım da belə geri çəkilməyərək torpaqlarının işğaldan azad edilməsinə nail oldu. İşğalçılıq siyasəti yürüdən, mütəqilliyi formal xarakter daşıyan Ermənistan isə bütün enerji layihələrindən təcrid olunaraq iqtisadi böhran içərisində çapalayır. İşğalçı dövlətin yeganə çıxış yolu sülh sazişini imzalayaraq, gələcəyə baxmaqdır. Brüssel görüşünün nəticələri Ermənistan rəhbərliyini ciddi düşündürəcək və bugünədək qəbul olunan sənədlərdən irəli gələn vəzifələri yerinə yetirməsinə yardımçı olacaq.
Brüssel görüşünün təhlili əsasında bu fikirlər beynəlxalq ekspertlər tərəfindən də qeyd edilir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri ilə bağlı açıqlaması Brüssel platformasında aparılan müzakirələrin rəsmi Bakının prinsipial mövqeyinə və təbii ki, bu mövqeyin söykəndiyi reallıqlara, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun bir şəkildə davam etdirildiyini sübuta yetirir. Belə ki, Şarl Mişel görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirir ki, sərhəd məsələlərində biz irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdik. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq. Tərəflər, həmçinin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail oldular. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Şarl Mişel, eyni zamanda, bildirir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar müzakirələri davam etdirdik: "İnanıram ki, düşmənçilik ritorikasından çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir. Avropa İttifaqının gizli gündəliyi yoxdur. Bizim yeganə məqsədimiz Azərbaycana və Ermənistana əhatəli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz onların birgə səylərinə dəstək verməyə hazırıq."
Ötən il Brüssel görüşləri mütəmadi keçirilsə də Ermənistanın dekabr ayında bu görüşdən imtina etməsi vəziyyəti bir qədər dəyişdi, görüşlərdə fasilələrin yaranmasına səbəb oldu. Yenidən bu formatın tətbiqi müsbət haldır. Tərəflər keçirilən görüşdə belə təmasların tez-tez qurulmasının vacibliyini bildirdilər. Şarl Mişelin bəyanatında bildirilir: "Biz Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəldik. Liderlər növbəti dəfə Brüsseldə iyul ayında görüşəcəklər. Artıq bəyan etdiyimiz kimi, biz yenidən yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şolts ilə Kişineuda keçiriləcək 2-ci “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində görüşəcəyik."
Ermənistanın bu görüşlərdə Fransa Prezidenti Emmanuel Makronun iştirakına daha çox cəhd etməsi diqqətdən kənarda qalmır və daha çox müzakirəyə səbəb olan məsələlər sırasındadır. Fransanın maraqları naminə Ermənistana göstərdiyi sevgi işğalçı dövlətdə belə bir arxayınlıq yaradır ki, ədaləti və beynəlxalq hüququ üstələmək mümkündür. Görünür, Ermənistan rəhbərliyi 44 günlük İkinci Qarabağ müharibəsində, həmçinin bunun davamı olaraq postmünaqişə dövründə təxribatlarını davam etdirərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən aldığı "Qisas" və "Qətiyyətli cavab" dərslərini unudub. Ədalət və beynəlxalq hüquq bütün münaqişəli məsələlərin həllində əsasdır və Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləridir. Makronun iştirakı ilə ötən il keçirilən Praqa görüşünü yada salaq. Fransa Prezidenti Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini dəstəklədiyini bildirdi. Görüşdən çox keçmədi ki, Azərbaycanı Ermənistan torpaqlarını işğal etməkdə ittiham etdi. Erməni icması ilə görüşündə Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirən Makron Azərbaycan dövlətinin sərt mövqeyi ilə üzləşdi.
Reallıq budur ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi daim qalib olur. Brüssel görüşü bunun bir daha təsdiqi oldu. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da bildirilir ki, Brüssel görüşü normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticəyönümlü hesab edilir. İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir. Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit olunması, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət daşıyır. Bəyanatda o da bildirilir ki, Azərbaycan ilə Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət olunması əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik. Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə olunmasına dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik.
Azərbaycan Ermənistan tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edərkən bunun masa üzərində çox qalmayacağını da bəyan etdi. Reallıq budur ki, Azərbaycan 30 illik işğal dövrünün Azərbaycanı deyil. Daim ədalətin və beynəlxalq hüququn yanında olan ölkəmiz Ermənistanla münasibətlərin tənzimlənməsində, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsində də sərt mövqeyini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev bildirir: "Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, - söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, - dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır."
Yeganə Əliyeva, "İki sahil"
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri