Rəsmi İrəvanın «adaxlılarının» sayının artması işğalçı dövlətin sonunu yaxınlaşdırır
Son günlərdə beynəlxalq aləmdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına artan maraq təsadüfi deyil. Bölgədə sabitliyin yaranması üçün başlıca şərt olan sülh sazişinin imzalanmasını istəməyən qüvvələrin cidd- cəhdlərinə baxmayaraq məsələ aktuallığını saxlayır. Rusiya- Ukrayna müharibəsinin beynəlxalq kommunikasiyalardan istifadə sahəsində yaratdığı çətinliklərin aradan qaldırılması üçün Zəngəzur dəhlizinin bərpasına tərəfdar olan dövlətlərin Cənubi Qafqazda sabitliyin təminatında maraqlı olmaları da bu zərurətdən irəli gəlir. ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş «Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə» mövzusunda dördüncü beynəlxalq konfransda iştirak edənlərin daha çox maraq göstərdiyi məsələlər barədə vəziyyəti təhlil edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın Azərbaycanın təklif etdiyi beş şərtdən ibarət sülh sazişinə hələ də cavab verməməsi daha çox işğalçı dövlətə zərər verir.
ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Vaşinqtonda Corc Şultz Milli Xarici İşlər Təlim Mərkəzində keçirilən 4 günlük danışıqlarda da sülh sazişinin imzalanması ilə bağlı tərəfləri maraqlandıran məsələlər gündəmə gətirilib. Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq üçün Vaşinqtondan sonra keçirilən Brüssel görüşlərində dövlətlər arasında kommunikasiya xətlərinin açılması qlobal əhəmiyyətli vacib şərt kimi diqqətdə saxlanılıb.
«ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma «Dağlıq Qarabağ Respublikası»”nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır» sözləri ilə separatçı rejimin, işğalçı Ermənistanı dəstəkləyən Fransa və İranın cəhdlərinin heç bir nəticə verməyəcəyini bildirən Prezident İlham Əliyev danışıqlarda mühüm amil olan Zəngəzur dəhlizinin bərpasına daha çox diqqət yetirib. Çünki Çin, Qırğızıstan və Özbəkistan arasında yaranan dəmir yolunun davamı «Bir kəmər, bir yol» layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin bərpası regional deyil, artıq qlobal əhəmiyyət daşıyır. Dünya siyasətinin masasında aktual olan Zəngəzur dəmir yolunun reallaşması ilə Naxçıvandan, İrandan Fars körfəzi istiqamətində yüklər daşına bilər. «Ermənistan bu layihə qarşısında süni maneələr yaradacaqsa, onlar bundan yalnız uduzacaqlar. Çünki bu gün bizim Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışımız var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə fiziki bağlantıları yoxdur» sözləri ilə dəhlizin açılmasını regionun bütün dövlətləri üçün böyük əhəmiyyətə malik olduğunu bildirən dövlət başçımız İlham Əliyev növbəti dəfə qarşılıqlı əməkdaşlığın tərəfdarı olduğunu bəyan edib.
Bu günlərdə Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan danışıqlarda da aktual məsələlər ətrafında müzakirələr aparılıb. Brüssel görüşündə hər iki tərəfin Ümumdünya Gömrük Təşkilatından dəstək alınması ilə bağlı razılığa gəlməsini Zəngəzur dəhlizinin reallaşması yolunda irəliyə doğru atılan addım hesab etmək olar. Vaşinqton və Brüssel görüşlərində delimitasiya və demarkasiya məsələlərinin, kommunikasiyaların açılması istiqamətində iki ölkə arasında aparılan danışıqları müəyyən mənada proseslərin müsbətə doğru irəlilədiyi anlamında başa düşmək olar.
Vaşinqton və Brüssel görüşlərindən sonra Moskvada Ermənistan-Azərbaycan liderlərinin danışıqları gözlənilir. Zəngəzur dəhlizi ilə bağlı ziddiyyətli məsələ isə Ermənistan ərazisindən keçən dəmir və avtomobil yollarının çəkildiyi hissəyə kimin və ya kimlərin nəzarət edəcəyidir”. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibə nəticəsində beynəlxalq nəqliyyat infrastrukturu sahəsində yaranan çətinliklər Zəngəzur dəhlizinin açılmasını aktuallaşdırdı. İlk mərhələ kimi Zəngəzur dəhlizinin keçəcəyi Araz çayı boyu əraziləri Ermənistanın işğalından azad edən Azərbaycan dəhlizin işlək vəziyyətə gətirilməsi üçün yolun tikintisini sürətləndirir.
Rusiyanın və Avropa İttifaqının iştirakı ilə keçirilən görüşlərdə imzalanmış üçtərəfli bəyanatlarda kommunikasiyaların çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirəcəyinə dair məsuliyyəti « unudan», havadarları Fransanın və İranın təhriklərinə uyğun mövqe dəyişən Ermənistan hələ də bu məsələ ilə bağlı manipulyasiyalar edir, müxtəlif bəhanələr gətirməklə və təxribatlar törətməklə prosesləri ləngidir.
Vaşinqtonda keçirilən görüşlərdən aydın olur ki, Cənubi Qafqazda regional maraqları olan və təşəbbüsü ələ almağa çalışan ABŞ Mərkəzi Asiya və Orta Şərqə birbaşa xəttin açılmasını dəstəkləyir. Məntiqi nəticə isə bütün danışıqlarda, müzakirələrdə ən məqbul variant kimi dəstəklənən, geosiyasi və geoiqtisadi müstəvidə xüsusi əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılmasıdır. Çox təəssüf ki, regionda söz sahibliyi uğrunda maraqların toqquşması bu dəhlizin açılmasını da mürəkkəbləşdirir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, dəhlizin Ermənistan ərazisindən keçən hissəsinə Rusiya Federal Təhlükəsizlik Xidməti birbaşa nəzarət funksiyasını öz üzərinə götürməli idi. Amma bu seçim Avropa İttifaqı və ABŞ-ın maraqlarına cavab vermir. Zəngəzur dəhlizi ilə bağlı İranın da özünə sərf edən iddiaları vardır. Zəngəzur dəhlizi bərpa olunduğu halda oyundankənar vəziyyətə düşəcəyindən qorxan İran da alternativ variantlarını təklif edir. Zəngəzur dəhlizinin keçəcəyi istiqamətdə, daha dəqiq deyilsə, Ermənistanla Azərbaycanın şərti sərhədində Avropa İttifaqı Müşahidə Missiyası mandatı qismində Fransanın dəhlizin keçəcəyi ərazidə yerləşməsi də müəmmalı suallar yaradır. Maraqlıdır. Əgər Fransa Ermənistanla Azərbaycan arasında sabitliyin yaranmasında həqiqi mənada maraqlıdırsa niyə adı qeyd olunan missiya sərhəd boyu deyil, ancaq dəhlizə yaxın ərazini müşahidə altında saxlayır?! Yəni, Məşədi İbad demişkən Ermənistanın «adaxlılarının» sayının çox olması işğalçıya əlavə başağrısı gətirir. Məntiqi nəticə budur ki, sülh sazişinin imzalanmasına mane olan amil təkcə Zəngəzur dəhlizi yox, bu marşrutun Ermənistan ərazisindən keçən hissəsinə nəzarətin kimə məxsusluğu, strateji, qlobal nəqliyyat xətlərindən hansı tərəfin daha çox paya nail olmaq məsələsidir.
Nəzərə alaq ki, Orta Dəhliz layihəsinin şaxələndirilməsinin tərəfdarı olan Çinin maraqları Azərbaycanla üst-üstə düşür. Bu dəhlizdə iştirak etmək niyyətlərini açıq və ya sətiraltı gedişləri ilə bildirən tərəflərin də məqsədləri bəllidir . Amma bütün hallarda Zəngəzur dəhlizi, başqa sözlə tarixi İpək Yolu Azərbaycanla Türkiyənin istədikləri varianta uyğun bərpa ediləcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan istəsə də, istəməsə də bu layihədə son söz dünyada, Avrasiyada mövqeyi möhkəmlənən Azərbaycanındır.
Xuraman İsmayılqızı, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri