Başdanxarab Makronla dəlisov Sarkozi eyni bezin qıraqlarıdır
Xeyli müddətdir ki, Fransa Cənubi Qafqazda gərginliyin qalmasında maraqlı göründüyünü biruzə verməkdədir. Bununla əlaqəlidir ki, rəsmi Paris Avropa İttifaqının sədri olmasına baxmayaraq, bu qurumun regionla bağlı mövqeyinə zidd addımlar atır. Bəs onu buna vadar edən nədir? Haqqın-ədalətin yanında durmalı olan bu beynəlxalq təşkilat nədən üzərinə götürdüyü öhdəliyin əleyhinə işləyir? Fransa kimi böyük bir Avropa dövlətini təmsil edən Emmanuel Makron nə üçün cilddən-cildə girir? Sualların hamısının bir cavabı var: Çünki Fransa məsələlərə obyektiv yox, subyektiv yanaşır. Bunun səbəbi isə Prezident Makronun əsiri olduğu korporativ maraqlarıdır. O, ölkəsinin Cənubi Qafqaz regionunda özünə yer etməsi üçün cidd-cəhdlə çalışır. Lakin bunu dinc danışıqlar vasitəsi ilə, razılaşma əsasında deyil, zorla, hədə-qorxu və təzyiqlə həyata keçirməyə çalışır. Bununla da özünün müstəmləkəçi sifətini nümayiş etdirir. Prezident Makron əvvəllər ultimatumlar göndərir, Azərbaycanı hədələyir, Ermənistanın yanında olacağını deyir, digər təzyiq vasitələrindən istifadə edirdi. Ancaq indiyədək heç biri alınmır. Fransanın təmsil etdiyi beynəlxalq təşkilatın adından sui-istifadə edərək Azərbaycanda öz şirkətlərini zorakılıqla yerləşdirmək cəhdləri də nəticəsiz qaldı. Məlum oldu ki, Makron Azərbaycanla zor dilində danışa bilməz.
İndi Prezident Emmanuel Makronu düşündürən məsələ nə yolla olursa-olsun regiondakı nüfuzunu birtəhər saxlamaqdır. Ona görə də adını vasitəçi qoyaraq bölgədə qarışıqlıq salır.
Əslində vasitəçi kimi Rusiya da regionda “suların durulmasında” maraqlı deyil. Amma, eyni zamanda, Rusiya Fransanın bölgədə təsir gücünü artırmaq istiqamətindəki manevrlərini qəbul etmək fikrində deyil. Ona görə ki, Cənubi Qafqazda bu iki ölkənin maraqları bir çox parametrlərdə toqquşur. Rusiya yüz illər boyu öz təsir dairəsinə başqa dövlətlərin, o cümlədən də Fransanın daxil olmasını qətiyyən istəmir. Üstəgəl, Ukraynadakı müharibədə Fransa açıq-aşkar Rusiyaya qarşı mövqe tutur. Bu, tərəflər arasındakı ziddiyyəti daha da artırır. Yəqin ki, əgər münasibətlər belə davam edərsə gələcəkdə ziddiyyətlər daha da gərginləşəcək.
Ümumiyyətlə, hazırda danışıqlarla bağlı üç format var: Brüssel, Vaşinqton və Moskva. Bütün bunların fonunda Avropa İttifaqı və ABŞ daha real vasitəçi kimi görünür. Brüssel və Vaşinqtonun səyləri bəzən bir-birini tamamlayır. Paris isə bu üç formatın arasında nə qədər vurnuxsa da, heç nəyə nail ola bilmir. Fransa Azərbaycanda və regiondakı nüfuzunu tədricən itirir. Azərbaycanın Fransanın iştirakına əngəl yaratması onu nüfuzdan salır. Rusiyanın da Fransa ilə bağlı kəskin addımlarına ehtiyac yoxdur. Paris qeyri-obyektiv siyasi və çirkin niyyətləri ilə öz-özünü oyundankənar vəziyyətə salır. Əgər köhnə davranışlarına son verməsə həmin vəziyyətdə nə qədər qalacağı məlum deyil. Məlum olan odur ki, Fransa hədə-qorxu və zorakılıqla heç nəyə nail ola bilməyəcək, əksinə bölgədəki olan-qalan nüfuzunu da itirəcəkdir. Müşahidələr göstərir ki, Fransanın keçmiş Prezidenti Sarkozi özünü dəlisov aparır, qeyri-adiliyi ilə və qəribə hərəkətləri ilə təəccüb doğururdu. Deyilənlərə görə, Sarkozi hazırda ruhi xəstəxanalarda müalicə olunur. Emmanuel Makron da azacıq fərqlə onun yolunu gedir. Ona səcdə etdiyi Müqəddəs ata və oğul kömək olsun...
Vəli İlyasov, "İki sahil"
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri