İşğaldan azad edilmiş ərazilərimiz gülüstana çevrilir
Dövlət başçısı İlham Əliyev ötən ay Salyan rayonuna səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərlə bağlı ətraflı məlumat vermişdir. Bildirmişdir ki, bir müddət bundan əvvəl keçmiş köçkünlərin bu ilin sonuna qədər Laçın şəhərinə qaytarılacağını demişdim. Bu gün tam əminliklə deyə bilərəm ki, yay aylarında artıq buna nail olacağıq. Yəni, bu işi vaxtından tez görürük. Cənab İlham Əliyev bu statistik rəqəmlərə də diqqəti yönəltmişdir ki, əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tutulurdusa, son planlara görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaq. Demək, 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcək. Eyni zamanda, keçmiş köçkünlər ilin sonuna qədər bu rayonun Zabux və Sus kəndlərinə qaytarılacaq.
Göründüyü kimi, bütün layihələr plan üzrə gedir. Bərpa-quruculuq işlərinə başlandığı gündən infrastruktur layihələrinin icrası prioritet məsələ kimi öndə olub. Zəfər yolunun inşası ilə başlanan bu işlərin miqyasına diqqət yetirdikdə real mənzərə heyrət doğurur. Bütün işləri sıfırdan, eyni zamanda, ölkəmizin daxili imkanları hesabına həyata keçirmək beynəlxalq səviyyədə də etiraf olunduğu kimi ilkdir.
Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev həmin müsahibəsində bu məqama da diqqəti yönəltmişdir ki, Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir: "Biz ikinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməlini yaxın zamanlarda qoyacağıq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər - 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir. Daha doğrusu, cəmi iki məscid təmir edilir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerlə-yeksan edilmişdir. Bax, quruculuq işlərimiz bu istiqamətdə aparılır və bir daha onu göstərir ki, bizim bütün planlarımız, bəyan etdiyimiz bütün məqsədlər həyatda öz əksini tapır və tapacaq."
Həmin müsahibədən qısa zaman sonra dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 2-dən başlayaraq Qarabağa və Şərqi Zəngəzura səfərlərinə, səfər çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirsək bir daha bu əminliyin şahidi olarıq ki, qarşıya qoyulan bütün hədəflərə zamanında nail olunur. Belə ki, cənab İlham Əliyevin bu günlərdə işğaldan azad edilmiş Ağdam, Xocavənd, Füzuli, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarına səfəri yeni infrastruktur layihələrinin təməlinin qoyulması ilə yadda qaldı.
Bu mühüm məqamı da qeyd edək ki, dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlayan zaman dost ölkələrin də bu prosesdə fəal iştirakı ilə bağlı istəyimizi ifadə etdi. Ölkə Prezidenti sözügedən səfərlər çərçivəsində birinci xanım Mehriban Əliyeva ilə birlikdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış oldular. Ötən il başlanılan tikinti işlərinin bu ilin dekabrında başa çatdırılması planlaşdırılır. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Ölkə Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirir.
Hazırda Qarabağ və Şərqi Zəngəzur dirçəliş dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyev bu günlərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə müraciətində bu məqamı xüsusi qeyd etmişdir ki, necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik. Həmin müraciətdə mayın 2-dən Qarabağ və Şərqi Zəngəzurda olduğunu xüsusi qeyd edən dövlət başçısı bu müddətdə 10 kəndin təməlinin qoyulduğunu, bir çox obyektlərin açılış mərasimlərinin keçirildiyini diqqətə çatdırdı.
Cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa və Şərqi Zəngəzura mayın 2-dən başlanan səfərləri ilk olaraq Ağdam rayonuna olmuşdur. Bunu xüsusi vurğulamağımız səbəbsiz deyil. Ağalı ilk "ağıllı kənd", Ağdam şəhəri ilk "ağıllı şəhər" olacaq. Artıq Ağalı kəndi sakinlərini qarşılayıb və burada əsl cənnət yaradılıb. Ümumilikdə işğaldan azad edilmiş bütün ərazilərimiz müasir tələblər səviyyəsində qurulur. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ötən il oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Forumu Ağdamın beynəlxalq əlaqələrinin başlanğıcı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etmişdir ki, Ağdam və dünyanın bir çox şəhərləri qardaş şəhərlər olacaq. Sovet İttifaqı dövründə Ağdam Qarabağda ən böyük, həyatla coşub-daşan şəhər idi. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldi və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi. Bu da tamamilə doğru idi: "Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Lakin indi biz qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq."
Artıq bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ermənilər tərəfindən viran qoyulmuş Ağdamda yenə də möhtəşəm, böyük ağ damlı binalar ucaldılır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirdikdə bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, "ruhlar şəhəri" "ağıllı şəhər"ə çevrilir. Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub. Ağdam Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, həmçinin inzibati binanın təməlinin qoyulması mərasimlərində iştirak ediblər. Dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub. Bunlar təkcə bir səfər çərçivəsində atılan addımların xronologiyasıdır.
Laçının əvvəlki şöhrəti özünə qaytarılır. Bütün Qarabağ ərazisinə mərhələli şəkildə köç başlayıb. Bu ilin əsas hədəflərindən biri laçınlıların Laçın şəhərinə qayıdışıdır. Gələcəkdə Laçına turist axını nəzərə alınaraq burada Beynəlxalq Hava Limanının tikintisi həyata keçirilir. Qeyd edək ki, 2021-ci ildə Füzuli, 2022-ci ildə Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi 2024-cü ilin sonu 2025-ci ilin əvvəlləri üçün nəzərdə tutulub.
Dövlət başçısının da qeyd etdiyi kimi, köçürülmə işləri mərhələli şəkildə aparılacaq. Birinci mərhələ üçün Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa və yaxud da bərpa edilir. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, əsaslı təmir olunur. 30-dan artıq ictimai bina inşa edilir. Laçın şəhərinin bütün daxili yolları yenidən çəkilir. Ərazisi 1800 kvadratkilometr olan Laçın rayonu Azərbaycanın ən böyük rayonlarındandır. Rayonun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri də başa çatmaq üzrədir. Ərazidə yaşayış təmin edildikdən sonra qarşıda duran əsas vəzifələrdən biri rayonun təhlükəsizliyinin qorunmasıdır. Bu baxımdan da mühüm işlər həyata keçirilir. Rayon gözəl təbiəti, tarixi abidələri, yeraltı sərvətləri ilə zəngindir. Əgər işğaldan əvvəl rayon əhalisi 50 mindən bir qədər çox idisə, bu gün artıq 80 mini keçib.
Əlbəttə, bölgədə quruculuq işləri aparılarkən ərazilərin təbiəti, coğrafi relyefi, eyni zamanda malik olduqları resurslar nəzərə alınır. İqtisadi rayonların yenidən bölgüsü, həmçinin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiqlənməsi bu mühüm məqsədə öz töhfələrini verir. Çünki hər bir şəhər, kənd Baş plana uyğun olaraq yenidən qurulur, bərpa edilir.
Ümumilikdə, statistik rəqəmlər gələcək barədə bunları açıqlayır. Qarabağda ümumilikdə, 2022-2026-cı illərdə 34 min 500 mənzilin tikilməsi nəzərdə tutulur. Ağdam rayonunda isə 9700 mənzilin tikilməsi planlaşdırılıb. 2025-ci ildə Ağdam şəhəri və ilk bərpa olunacaq kəndlərə əhalinin köçürülməsi həyata keçiriləcək. Layihəyə Cümə məscidi, İşğal muzeyi, Pavilyon, Bayraq meydanı və Pənahəli xanın imarəti daxildir. Şəhər yollarının yenidən salınması məqsədilə 59 kilometr şəhərdaxili yolların və müvafiq kommunikasiya xətlərinin layihələri hazırlanır. Qarabağ İqtisadi rayonunun "yaşıl enerji" zonası elan edilməsi ilə əlaqədar olaraq Ağdam şəhərində mərkəzi istilik sisteminin yaradılması qərara alınıb. Şəhərin Baş planına əsasən, inzibati ərazinin də layihələndirilməsi istiqamətində işlərə başlanılıb.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, işğaldan azad edilmiş bütün ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur və tezliklə böyük turizm məkanlarına çevriləcəklər. Dövlət başçısı İlham Əliyevin «Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax, viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib» çağırışı tarixi sahibinə qovuşan torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin əsasında dayanır.
Yeganə Əliyeva, "İki sahil"
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri