17 may 2023 02:35
916

Laçın laçın çağlarına dönür

Artıq üç ildir ki, Laçın azaddır və 18 may tarixi işğal yox, Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi yadda qalıb

1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. Mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub.

Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni, paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. 1992-ci ildə AXC-Müsavat cütlüyünün Bakıda vəzifə davasında iştirak etdiyi dövrdə ön cəbhə müdafiəsiz qalmışdı. Məhz bu hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın nəticəsində erməni quldurları Azərbaycanın son dərəcə strateji əhəmiyyətli Şuşa və Laçın rayonlarını işğal etməyə nail oldular. Buna görə də, Şuşanın təhvil verilməsi, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsi bilavasitə AXC-Müsavat cütlüyünün, o vaxt həmin partiyaların rəhbərliyinin və onların üzvlərinin cəyanəti və cinayəti idi. Xain AXC-Müsavat cütlüyünün 1992-ci ildə Şuşanın və Laçının işğalından sonra hakimiyyətə gəldiyi də faktdır. Elə bu səbəbdən də Şuşanın və Laçının işğal olunması AXC-Müsavat cütlüyünün gənc müstəqil Azərbaycan dövlətinə qarşı etdiyi satqınlıq, xəyanət və cinayətin nəticəsi idi.

Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Nəticədə rayonun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirildi. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qarıqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır.

Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu artıq azaddır. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-da Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdır. Ölkə başçısı buraya etdiyi səfərlərdə laçınlılara tezliklə öz yurdlarına qayıdacağı müjdəsini verir. Bu gün Laçın, sözün əsl mənasında, laçın çağlarına geri dönür. Ərazidə aparılan geniş tikinti-bərpa işləri nəticəsində Laçın gündən-günə abadlaşır. Statistik məlumatlara görə, erməni işğalından öncə Laçın şəhərində inzibati binalardan başqa, 2020 fərdi ev, 28 ümumi yaşayış binası olub. Təəssüf ki, işğal zamanı erməni vandalizmi nəticəsində 1500-dən artıq ev tamamilə dağıdılıb, təbiət isə ekoloji terrora məruz qalıb, bir çox abidə məhv edilib. Hazırda şəhərdə doqquz içməli su anbarı, üç yağış sularının toplanması anbarı, bir çirkab suların təmizlənmə qurğusunun tikintisi davam edir. Həmçinin bərpası mümkün olan evlər əsaslı təmir olunur, işlər bitmək üzrədir. Müasir memarlıq üslubuna uyğun olaraq xalq memarlığı da qorunmaqla müxtəlif dizaynlı dekorasiya işləri aparılır. Evlərin əsaslı təmiri ilə yanaşı, həyətyanı sahələrin abadlığı, landşaft işləri paralel yerinə yetirilir.

Xatırladaq ki, Laçına ilk səfəri zamanı dövlətimizin başçısı generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə saldı. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Bundan başqa, Dövlət başçısının Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa ediləcək. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Prezident İlham Əliyevin 2020-ci il iyunun 26-da təməlini qoyduğu Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.

Ümumiyyətlə, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, doğma Laçınımız tezliklə öz əvvəlki şöhrətini bərpa edəcək və yenə də cənnət məkana çevriləcəkdir.

Sevinc Azadi, “İki sahil”