15 may 2023 23:46
474

Ermənilərin Brüssel təlaşı

Qarabağın təslim olmasından sonra növbə Zəngəzura çatacaq

Mayın 14-də Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan  Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş reallaşdı. Görüşdə iki ölkə arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsi, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası əsas mövzulardan oldu. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasının əhəmiyyəti də vurğulandı.

Görüşdən sonra Şarl Mişelin açıqlamaları Ermənistanda ciddi narazılıqla qarşılanıb. Həmin açıqlamalarda bildirilir ki, hər iki ölkənin rəhbərləri 1991-ci il Almatı Bəyannaməsinə və müvafiq olaraq Ermənistanın (29.8 kv.km) və Azərbaycanın (86.6 kv.km) ərazi bütövlüyünə qeyd-şərtsiz sadiqliklərini təsdiqləyiblər. Sərhədlərin yekun delimitasiyası üzrə də razılıq əlamətləri mövcuddur.

Həmçinin tərəflər arasında açılması nəzərdə tutulan kommunikasiyalara dair müzakirələrdə də irəliləyişlər əldə olunub. Bu mövzuda, xüsusən də Naxçıvan və oradan keçən dəmir yolu əlaqəsinin bərpası məsələsində hazırda mövqelərin uzlaşdırılmasına çalışılır. Yəni, Zəngəzur dəhlizinin açılması bir prinsip kimi irəli sürülməklə burada nəzərdə tutulan dəmir yolu xəttinin tikintisinin aparılması önə çəkilir.

Erməni türkoloq Varujan Geqamyan Brüssel görüşünü Nikol Paşinyanın növbəti məğlubiyyəti adlandırıb. O deyib ki, biz Türkiyədəki seçkiləri izlədiyimiz bir vaxtda Brüsseldə Ermənistanın baş naziri Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı: «Nə demək olar, bəyanatın bəndlərində xronoloji ardıcıllığa tam əməl olunur. Qarabağın təslim olmasından sonra növbə dərhal Zəngəzura çatacaq.»

Bəli, Brüssel görüşündəki  bu müsbət tendensiyalar bir daha aydın göstərir ki, hazırda Azərbaycan dövlətinin bölgədəki  hərbi-siyasi  üstünlüyü  həm sülh müqaviləsinin imzalanması, həm də Zəngəzur dəhlizinin reallaşması üçün yeni imkanlar yaradır. Məlum faktdır ki, bu dəhliz region dövlətləri ilə yanaşı, beynəlxalq siyasi-iqtisadi mərkəzlərin də maraq dairəsinə daxildir. Ona görə də Ermənistanın Zəngəzur dəhlizini əngəlləmək imkanları hər gün daha da tükənməyə başlayır. Xüsusilə dəhlizin reallaşdırılmasında Azərbaycan və Türkiyə ilə bərabər,  Avropa və Asiya ölkələri də öz iqtisadi maraqları çərçivəsində israr edirlər.

Ekspertlər isə bu qənaətdədirlər ki, Avropa və Asiyanı Zəngəzur dəhlizi üzərindən əlaqələndirmək mümkün olarsa, bu marşrutun illik iqtisadi-ticari dövriyyəsi 3-5 trilyon dollar arasında dəyişə bilər. Xüsusilə də Rusiya -Ukrayna savaşına görə o bölgədə məhdudlaşdırılan ticarət marşrutlarının yerini Zəngəzur dəhlizi tuta bilər ki, bu da Avropa və Asiya dövlətləri üçün  strateji əhəmiyyət daşıyacaq. İşğalçı Ermənitstanın bəzi başıpozuq siyasətçiləri isə hələ də  gələcəkdə Ermənistanın inkişaf perspektivlərinə müsbət təsir edə biləcək  iqtisadi addımlara şübhə ilə yanaşırlar. Əsas iddiaları ondan ibarətdir ki, əgər  Zəngəzur dəhlizi açılarsa, Ermənistanın cənub bölgəsi Azərbaycan və Türkiyənin iqtisadi nəzarəti altına keçə bilər.

Xüsusilə Brüssel görüşlərindən sonra Ermənistandakı revanşist qüvvələr bu məsələni Paşinyan hakimiyyətinə qarşı əsas antitəbliğat mövzusuna çevirirlər. Paşinyan hakimiyyəti erməni ictimaiyyətinin mövqeyini nəzərə almadan Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdə ittiham olunur və onun bu addımı Ermənistanın maraqlarına xəyanət kimi dəyərləndirilir. Ona görə də Ermənistan rəsmiləri  Zəngəzur dəhlizinə görə üzləşdikləri ittihamlara izahat vermək məcburiyyətində qalırlar. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, bu mövzuda Paşinyan hakimiyyətinə qarşı irəli sürülən ittihamlar uydurma və əsassızdır. Onun sözlərinə görə, Zəngəzur dəhlizi revanşistlərin təsəvvür və təbliğ etdiyi qədər də Ermənistanın ziyanına deyildir: «Bu marşrut necə adlanmasından asılı olmayaraq, yalnız Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirməyəcək. Həm də Ermənistanın şimal hissəsinin Naxçıvan üzərindən cənub bölgəsi ilə daha asan nəqliyyat-kommunikasiya əlaqəsi yaratmasına imkan verəcək».

Təbii ki, Zəngəzur dəhlizi ilə bağlı prosesin hərəkətə gətirildiyi artıq inkaredilməz reallıqdır. Əvvəldə də qeyd etdiyimiz kimi,  nə revanşist erməni müxalifəti, nə də Paşinyan hakimiyyəti bu proseslərə əngəl olmaq imkanlarına malik deyillər. Yəqin ki, yaxın gələcəkdə ermənilər bu reallıqla barışmalı olacaqlar.

Elçin Zaman, «İki sahil»