16 may 2023 02:58
549

Ədalətə ədalətsiz yanaşma dağıdıcı müxalifətin köhnə şakəridir

Hər şeydən narazı müxaliflər köhnə adətlərini tərgitmək istəmirlər. Nə istədiklərini bilmədikləri üçün «gah nala, gah da mıxa vurmaq»la özlərini müxalif hiss edən milli xəyanətkarların dəyişilməyən yeganə istəkləri daha çox qranta sahib olmaqdır. Bir neçə il əvvəl düşərgədə belə qəbul olunmayan, hüquq müdafiəçisi adından istifadə edərək məhbuslardan külli miqdarda vəsait toplayan, maxinator, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun «ələbaxımlıq» metodunu davam etdirən bəzi müxalif qüvvələr yenə də nədənsə narazıdırlar.

Prezident İlham Əliyevin mayın 8-də imzaladığı «Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında» Sərəncam ölkəmizdə insan amilinə göstərilən diqqətin növbəti təzahürü kimi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilsə də bu humanitar addım AXCP sədri Əli Kərimli başda olmaqla onun kimi cılız düşüncəliləri «razı salmadı.» Şəxsi maraqlarının əsiri olan, milli təəssüblərini itirənlər «nəinsə naminə» söz verdikləri bəzi məhbusların adlarının əfv olananların siyahısında olmamasından narazıdırlar. Yəni, Məşədi İbad deməli, törətdikləri cinayətlərə görə həbs edilən və azad olunmaları üçün «hüquq müdafiəçiləri»nə bir ətək pul xərcləyən bəzi məhbusların niyyətlərinə çatmamalarıdır.

Bu günədək bağışlanılanların sayına görə ən böyük əfv olan bu Sərəncamı da «hələ də tam ədalətli» adlandırmayanların «ədalət»ə baxışlarının özlərinə xas «prinisilərində» xarici dairələrin sifarişlərinin yer alması bəllidir. Hələ də ölkəmizdə «siyasi məhbus» axtaranların əl buyruqçuları olan milli xəyanətkarları narahat edən ağalarından alacaqları qrantlardan məhrum olmalarıdır.

Bir neçə il bundan əvvəl ölkəmizə səfərlər edən Avropa Şurasının (AŞ) Azərbaycan üzrə məruzəçiləri mikroskop altında «siyasi məhbus» axtarırdılar. Demokratiya yolu ilə inkişaf edən ölkəmizdə siyasi məhbusun olmadığı dəfələrlə qeyd edilsə də erməni lobbisinin təilmatlandırdığı «məruzəçilər» hazırladıqları, heç bir fakta əsaslanmayan «məruzə»lərində ən ağır cinayət törədənləri, terrorçuları belə «siyasi məhbus» adlandırırdılar. Çünki, AŞ-da çoxluq təşkil edən ermənipərst qüvvələr üçün bu «məruzə» Azərbaycana təsir təzyiq vasitəsi kimi çox lazım idi. Amma həmin məruzəçilər «Siyasi məhbus» termini kimlərə və hansı stadiyalara görə təyin edilir» sualına cavab tapmaqda çətinlik çəkirdilər. Avropalı parlamentarlar «Nə üçün bu kimi antidemokratik seçim, metod təkcə Azərbaycana qarşı tətbiq olunur» sualından da yayınırdılar.

Hazırda «islahatçı sədr» Əli Kərimli, «Osmanqızı TV» kimi milli xəyanətkarlar müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhbusların bağışlanılmasını yenə də «ədalətili» hesab etməyərək həmin «məruzəçilər»in yolunu davam etdirirlər. Hətta bir az da irəli gedərək olmayan « siyasi məhbus»ların buraxılmamasına görə Avropa İttifaqının, Avropa Şurasının bunun üçün Azərbaycana irad tutacaqları kimi əsassız bəhanələrlə özlərinə haqq qazandırmağa çalışırlar. Amma unudurlar ki, heç bir qüvvə, hansısa təşkilat müstəqil dövlət kimi daxili, xarici siyasətini özü müəyyənləşdirən Azərbaycanın daxili işlərinə qarışa bilməz. Hələ də milli təəssüblərini itirərək quyruqlarında süründükləri anti-Azərbaycan dairələrin kölgəsində gizlənənlər ilk növbədə Azərbaycanın ali qanunlarının toxunulmazlığını unutmamalıdırlar. Qrant xatirinə milli mənsubiyyətlərini unudanlar bunu beyinlərinə birdəfəlik həkk etməlidirlər.

Xuraman İsmayılqızı, «İki sahil»