Sözünün üstündə durmayan etibarsız adamlar barədə bu sadə el deyimi nə qədər sərrastdır: "İpinin üstünə odun yığmaq olmaz." Bu fikir sanki Ermənistanın baş naziri Nikol Paşinyan və onun kimiləri barədə deyilib. İnsan nə qədər söz verib arxasından qaçar? Siyasətdə ardıcıl yalançılıq və hüllükbazlıq heç də manevr sayılmır. Bunların sonu acı nəticələrə aparır...
Azərbaycan-Ermənistan sərhədində itki və yaralılarla müşayiət olunan növbəti qanlı toqquşma baş verdi... Ermənistan baş naziri Paşinyanın Moskvanın keçirdiyi paraddakı iştirakını bir manevr hesab etsək və onun Azərbaycanın ərazi bütövlüyünü tanımasını, Yuxarı Qarabağı Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etməsini, eyni zamanda, Qərbə meyilli bir siyasətçi olmasını və s. diqqətə gətirsək, o halda sual yaranır: Ermənistan başçısı nə üçün sərhəddəki təxribatlarda və sülh danışıqlarının pozulmasında maraqlı olsun? O ki qalib gəlməyib, hansısa bir şərti və tələbi ola bilməz. Əslində Paşinyan baş nazir postunda müqəvvaya oxşayır, çünki Ermənistanda onun iradəsi işləmir. Elə qüvvələr var ki, Nikolun başı üzərindən əmrlər verir, istədikləri məqamda ölkəni qarışdırırlar. Onlar öz əmrləri ilə sanki Paşinyana başa salmaq istəyirlər ki, biz olan yerdə sən kimsən ki, özbaşına qərar verirsən, müqavilə bağlayırsan, hansısa addımı atırsan. Bunlar ayrıca bir söhbətin mövzusudur.
Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod kəndi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Nəticədə Azərbaycan Ordusunun 3 əsgəri yaralanıb, bir nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçusu həlak olub. Ermənistan tərəfdən 4 nəfər yaralanıb, bütöv bir hərbi infrastruktur isə məhv edilib. Sülh danışıqlarının aparıldığı bir vaxtda bu təxribata nə ad vermək olar? Nə qədər təəccüb doğursa da bu sualın cavabını Ermənistanın baş naziri özünəməxsus qaydada verib.
Paşinyan bir ay əvvələ qayıdaraq etiraf edib ki, aprelin 11-də Dığ kəndi yaxınlığında baş vermiş qanlı təxribatdan sonra Ermənistan ordusunda onun deyil, “başqa liderlərin əmrini icra edə bilən komandirlər” var. Bəlkə bu təxribatı da Azərbaycan və Ermənistan arasında sülh yaranmasını istəməyən və bu səbəbdən danışıqlar prosesinin də Vaşinqton, yaxud Brüsselin yox, məhz Moskvanın moderatorluğu ilə keçirilməsinə çalışan Rusiyanın agentura şəbəkəsi törədib? Çünki Hayastan ordusunda Moskvanın işarəsi ilə hərəkət edən generallar və polkovniklər, aşağı çinli zabitlər kifayət qədərdir.
Məhz bu gün Azərbaycanın iqtisadi potensialı və hərbi qüdrətinin günü-gündən artması rəsmi Bakının beynəlxalq müstəvidə söz sahibinə çevrilməsində, regionda və qitədə əsas aktor kimi rolunun artmasında müstəsna paya sahibdir. Prezident İlham Əliyevin “Beynəlxalq müstəvidə bizə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirmişik” fikirləri bir daha düşünməyə əsas verir ki, Azərbaycan Ermənistana təklif etdiyi sülh paketini artıq beynəlxalq təsisatlar, eləcə də beyin mərkəzləri və qlobal güclərlə də razılaşdırıb. Bu isə o deməkdir ki, indi qalır Ermənistanın saxta şoularının sona yetməsi...
Manipulyasiyalarla vaxt qazanmaqda davam edəcəyini düşünən rəsmi İrəvan, yenə də böyük yanlışlığa yol verir.
Eşşək qanmaz heyvan sayılsa da batdığı palçığa ikinci dəfə ayaq basmır. Paşinyan on dəfə batsa da ağıllanmır ki, ağıllanmır. Ancaq bu tragikomediyalar özünü aldatmaqdan başqa bir şey deyil. Nikol Paşinyan və komandası İlham Əliyevin bu bəyanatlarını ciddi qəbul etməyəcəkləri təqdirdə böyük zərbə ala bilərlər. Çünki artıq bütün dünya şahidi olur ki, sülhdən qaçan da, regionda sabitliyə qarşı çıxan da elə Ermənistandır. Onun "sülh göyərçini" təəssüratı yaratmaq cəhdi sadəcə tamaşanın sonunun yaxınlaşdığını göstərən kulminasiya səhnəsidir. Nəhayət, bir gün Hayastanın “sülh” oyunları tamaşası da başa çatacaq. Pərdə bağlananda isə nə Ermənistan ola bilər, nə də onun "dövlətçilik ənənəsi"...Yəni, Hayastanı belə qorxunc aqibət gözləyir. İndi ermənilərin həyatı öz əllərindədir, özləri təyin etsinlər, ya sülh, ya da türk dünyası ilə əbədi düşmənçilik.
Vəli İlyasov, "İki sahil"
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri