15 may 2023 16:39
488

Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir

Adı  Azərbaycanın  dövlətçilik  tarixinə  qızıl  hərflərlə  yazılan  və  bu  gün  anadan  olmasının  100 illiyi  respublikamızın  hər  yerində  təntənə  ilə  qeyd  edilən  Ulu  Öndər  Heydər  Əliyev  hakimiyyətdə  olduğu  bütöv  bir  dövr  ərzində  dövlətçiliyimizin  inkişafı,  mədəniyyətimizin, iqtisadiyyatımızın,  təhsilimizin  tərəqqisi naminə  bir çox  uğurlu  islahatlara  imza atmışdır.

1970-80-ci illərdə - Azərbaycana  rəhbərliyinin  ilk  dövründə  respublikamızın  bütün  rayonlarında  müasir  tipli  məktəblər  inşa  edilmiş,  yeni  ali  məktəblər,  texnikumlar  açılmış,  mövcud  ali  məktəblərin  bazası  yeni  ixtisaslarla  (elektrotexnika,  cihazqayırma, kibernetika  və s.) zənginləşdirilmişdir.

"Təhsil  millətin  gələcəyidir"  kəlamını  irəli  sürən  Ümummilli  Liderimizin  qayğısı  nəticəsində  keçmiş  SSRİ-nin  50-dən  artıq  iri  şəhərində, 170-dən  çox  ən  nüfuzlu  ali  məktəblərdə  respublikamızda  ehtiyac  duyulan  250  ixtisas  üzrə  15 min nəfərdən artıq  azərbaycanlı  gənc  təhsil  alaraq  yüksək  ixtisaslı  kadr  kimi  Vətənə  qayıtmışdır.

Ulu  Öndər  hərbi  təhsilə  daha  çox diqqət yetirirdi.  Cəmşid  Naxçıvanski  adına  hərbi  məktəbin,  ali  hərbi  məktəbin,  Azərbaycan  Tibb  Universitetində  hərbi  həkimlər,  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetində  hərbi  hazırlıq  müəllimləri  hazırlayan  fakültə  açıldı.

1982-1987-ci  illərdə  Ulu  Öndər  Heydər  Əliyev  SSRİ  kimi  böyük  bir  dövlətin  böyük bir sahəsini əhatə edən istiqamətlərinə rəhbərlik  etmişdir.

1990-cı  il  yanvarın  21-də  o,  övladları  ilə  birlikdə  Moskvadakı  Azərbaycan  nümayəndəliyinə  gələrək  Bakıda  Sovet  qoşunlarının  törətdiyi  20 yanvar  hadisələrinə  etirazını  bildirmişdir.

1992-ci  il  noyabrın  21-də  "91"-lərin  müraciəti  əsasında Yeni  Azərbaycan  Partiyasının  təsis  konfransı  keçirilmiş  və  550  nəfərin  iştirakı  ilə  keçirilən  konfransda  Ulu  Öndər  Heydər  Əliyev  partiyanın  sədri  seçilmişdir. 1993-cü ildə  Ulu  Öndər  Heydər  Əliyev  xalqın  xilaskarı kimi  ikinci dəfə  hakimiyyətə  qayıtdı.

1994-cü  il  sentyabrın  20-də "Gülüstan" sarayında 8  ölkəni  təmsil edən  13 şirkətin  iştirakı  ilə  "Əsrin  müqaviləsi"  imzalandı  və  bu neft müqaviləsi  Azərbaycanı  bölgənin  lider  dövlətinə çevirdi.

Ölkənin  milli  ideologiyasını  hər  şeydən üstün  tutan Ümummilli Lider  Heydər  Əliyevin  1994-cü il  5 yanvar  tarixli  qərarı  ilə  20 yanvar  hadisələrinə,  26  may 1998-ci il  "Azərbaycanlıların  soyqırımı haqqında"  Fərmanı  ilə  31 mart  soyqırımına  həqiqi  qiymət  verildi.

1998-ci il sentyabrın 7-8-də  Ulu  Öndər  Heydər  Əliyev  Bakıda  Böyük  İpək  Yolunun  bərpası  üzrə  keçirilən  Beynəlxalq  konfransın  təşəbbüskarı  oldu.

Azərbaycana  rəhbərlik  etdiyi hər iki dövrdə Ulu Öndər  milli-mənəvi  dəyərlərimizin  qorunmasına  çox  böyük  diqqətlə  yanaşır,  "Sağlam  cəmiyyəti  sağlam  mənəviyyatlı  insanlar  quracaqlar",  deyə  söyləyirdi.

Ümummilli  lider  Heydər  Əliyev  9 avqust 2001-ci ildə  "Azərbaycan  əlifbası  və  Azərbaycan  dili  gününün  təsis  edilməsi  haqqında"  Fərman imzaladı.  O,  dili xalqın  mənəviyyat  bayrağı,  onu  yaşadan  ən qüdrətli  vasitə  hesab  edir,  özü  də  ən  uca  kürsülərdən  mükəmməl  Azərbaycan  dilində  gözəl  nitqlər  söyləyirdi.

Bu  gün  Ulu  Öndərimizin  ruhu  şaddır.  Memarı  olduğu  Müstəqil  Azərbaycan  dünya  səhnəsində  öz  sözünü  deyə  bilən  qüdrətli  bir ölkəyə  çevrilmişdir.  Ümummilli  Liderimizin  özü  qədər  inandığı  möhtərəm  Prezidentimiz,  Ali  Baş  Komandanımız  cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə  doğma  Qarabağımız  işğaldan  azad  olunub.

Ülvi  Abbasov,
YAP Xətai rayon təşkilatının məsləhətçisi