Bu il Azərbaycan Respublikasının tarixində müstəsna rolu olmuş əbədiyyət timsalı-Ümumilli lider Heydər Əliyevin 100 illiyi qeyd olunmaqdadır. Hər bir azərbaycanlı üçün bu il olduqca vacib və önəmlidir.
Tarixin silinməyən, yox olmayan, yaddaşlarda iz qoyan, daim xalqının rifahı, dincliyi, azadlığı, qələbəsi üçün çalışan dahi lideri Heydər Əliyev gəlişi ilə sanki əbədiyyət səmasında doğan bir günəş təki səhərlərimizə nur saçdı. Dövlət, millət olaraq varlığımızı, istiqlalımızı ən dərin hisslərlə zirvələrə daşıdı. Bu çox çətin, ağır və məsuliyyətli vəzifəni gözə alaraq çiyinlərində daşıdı. Və bunu bacardı!
Heydər Əliyev milli dövlətçiliyi və azərbaycançılığı hər şeydən üstün tutmuşdur və xalqına içdən, qəlbən bağlı olan əvəzolunmaz şəxsiyyət olmuşdur. Düşünürəm, Azərbaycan kəlməsi duyulanda qulaqlarda onun adı səslənməlidir. Çizdiyi yollar bizi hər zaman ən doğru, əlçatmaz ənginliklərə aparmışdır. Zamanın üzləşdirdiyi hansı şərtlər olursa, olsun, biz qarşımızda hər zaman əyilməz bir dağ görmüşük, vüqar görmüşük. Bunun nəticəsidir ki, bizə bəxş etdiyi hürriyyət ondan bizə qalan toxunulmaz, müqəddəs, əsla satılmaz bir miras olmuşdur.
Heydər Əliyev misilsiz zəkası və siyasəti ilə bugünkü Azərbaycanın parlaq gələcəyini müəyyənləşdirmişdir. Öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir.
Ulu Öndər təkbaşına deyil, xalqının ona olan sevgisi ilə gələcəyimizi işıqlandırmışdır və demişdir :“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət edir. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Azərbaycan xalqının ucalıq rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında xidmətləri illər, əsrlər keçdikcə daha aydın görünür. Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində xalqının tərəqqisi, zəngin mədəniyyəti, gələcək nəsillərin taleyi üçün hər zaman çalışmışdır. Bu səbəbdəndir ki, təhsil sahəsində gördüyü xidmətlər bu gün bizə saysız-hesabsız nailiyyətlər bəxş etməkdədir.
Bu sahənin nümayəndəsi, xidmətçisi olaraq onu da qeyd etməliyəm ki, 2002-ci ildə 02 sentyabr tarixində ulu öndər 275 nömrəli məktəbə gəlmişdir və mənim açıq dərsimdə iştirak etmişdir. O zamanlar İKT və yeni texnologiya sahəsinin inkişafına çox böyük diqqət yetirmişdir. O, bir-bir bütün şagirdlərin powerpoint üzərində qurduğu təqdimatları diqqətlə izləmişdir. Bu səbəbdəndir ki, məmnunluq hissini izlədiyi təqdimatlar qarşısında gizlətməmişdir. Ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış əsrin müqaviləsi və Bakı-Tiblisi-Ceyhan neft kəməri kontraktı imzalandıqdan sonra məktəblərdə yeni kompüter avadanlıqları və texnologiyaları tətbiq olundu və ilk dəfə ulu öndərin qarşısında əyani şəkildə lövhədə onun gördüyü misilsiz xidmətlər gözləri önündə bəyan olundu. Və O bunu çox diqqətlə oxuyaraq müsbət rəyini bildirdi. Mən fəxr edirəm ki, dahi şəxsiyyətin qarşısında şagirdlərimə öyrətdiyim təqdimatları nümayiş etdirə bilmişəm.
Prezidentimizin elan etdiyi “Heydər Əliyev ili” çərçivəsində biz də öz növbəmizdə məktəbimizdə Onun adına bağça saldırdıq. Şagirdlərimiz və müəllimlərimiz böyük məmnuniyyətlə o bağa qulluq etməkdədirlər. Düzdür, dahi şəxsiyyətin Azərbaycan üçün gördüyü xidmətlərin qarşılığında çox az, cüzi bir təşəbbüs, yenilik olsa da, bu bizim vəzifə borcumuzdur. Onu da qeyd etmək istəyirəm ki, bizim məktəbin gənc müəllimlərindən, Azərbaycan dili və ədəbiyyat müəllimi S.Vəliyeva da 2000-ci il 01 sentyabr tarixində Ulu Öndərimiz Heydər Əliyevin qarşısında çıxış edərək Onun çox sevdiyi S.Vurğunun “Azərbaycan” şeirini demişdir. O da millətinin övladlarına sevgisini hər zaman bəyan etdiyi kimi böyük zövq və məhəbbətlə onu dinləmişdir. Yeri gəlmişkən, həmin müəllimimizin şagirdi bu il Azərbaycan Respublikası Fənn Olimpiadasında (RFO) Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medal qazanaraq məktəbimizi qazandığı uğurla sevindirmişdir.
Biz hər zaman böyük fəxarət hissi keçirməkdəyik, çünki heç kəsə nəsib olmayacaq, sevincdolu anlar yaşamışıq. Onun xeyir-duası ilə indi də işıqlı yollara irəliləməkdəyik. Biz fəxr edirik ki, Heydər Əliyev kimi bir şəxsiyyət bizim dövlətimizə rəhbərlik etmişdir.
Aygün Əzizova,
Bakı şəhəri, Xətai rayonu 269 nömrəli məktəbin direktoru,
YAP Xətai rayon təşkilatının fəalı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri