“Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa təkcə qarabağlılar üçün yox, bütün azərbaycanlılar üçün qürur yeri, müqəddəs şəhər, hər mənada ucalıq rəmzi olub. Azərbaycanın hər qarışı bizim üçün əzizdir, amma Şuşanın qəlbimizdə yeri tamamilə başqadır. Şuşa Qarabağın əzəmətli zirvəsi, Azərbaycanın şah damarıdır, desək yanılmarıq.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunmuşdur. Bu Sərəncama əsasən il ərzində ölkədə və xaricdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərin biri cənab Prezident İlham Əliyevin iştirakı ilə 10 mayda Azərbaycanın incisi sayılan Şuşada keçirilmişdir. Burada Ölkə Başçısı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciət etdi.
Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin 100 illik yubiley günündə Şuşadan müraciət etməsi təsadüfi deyildi. Bunun rəmzi mənası var. Dövlət başçımız bununla “ata vəsiyyəti”nin yerinə yetirildiyini bir daha bəyan etmiş oldu. Ulu Öndərin Şuşanın azad edilməsinə böyük ümidləri var idi və o, hər zaman Qarabağı, Şuşanı azad görməyi arzulayırdı. Bu arzu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən uğurla reallaşdı. Dövlət başçımızın da söylədiyi kimi, Ulu Öndərin ruhu şaddır. Çünki böyük çətinliklərdən keçmiş, müstəqilliyini qoruyub saxlaya bilən Azərbaycan etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyevin quruculuq işləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident cənab İlham Əliyev müraciətində qeyd etdi ki, görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Azərbaycan dövləti isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyini çox möhkəm milli-mənəvi təməl üzərində qurur. Müraciətində ölkə başçısı xüsusilə vurğuladı ki, gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır. Gənc nəsil öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır. Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə elə gənclər yetişdirilib ki, bu gənclər dağı dağ üstə qoya bilər. Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olan İkinci Qarabağ müharibəsində gənc nəsil bunu sübut etdi. Elə bir gənc nəsil yetişib ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər.
Şuşa bu gün yenidən qurulur, mədəniyyət paytaxtında şəhərin əsl tarixi simasının bərpası istiqamətində bir-birinin ardınca nəhəng layihələr gerçəkləşdirilir. Bu layihələr sırasında qısa müddətdə Şuşanın Baş planının hazırlanması, şair, ictimai xadim Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksinin əvvəlki görkəminə geri qaytarılması, dahi Üzeyirin heykəlinin, Bülbülün ev-muzeyinin və heykəlinin açılışları, həmçinin Şuşadakı tarixi, dini və memarlıq abidələrinin bərpası, erməni vandalizminin qurbanı olan tarixi Şuşa məktəbinin yenidən inşası burada aparılan kompleks quruculuq, bərpa işlərinin tərkib hissəsidir. Quruculuq işləri ilə paralel olaraq Qarabağda, Şuşada böyük tarixi və mədəni əhəmiyyət kəsb edən layihələrin icrası, tədbirlərin keçirilməsi bu cənnət diyarın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmlidir. Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin yenidən bərpa olunaraq təşkili, Cıdır düzündə gerçəkləşən, ruhumuza toxunan “Bayatı-Şiraz”ın əks-sədası ilə nəinki Qarabağa, bütün dünyaya səs salan məşhur “Xarıbülbül” musiqi festivalı bütün dünyaya verilən mesaj idi. Xüsusilə Ermənistanın havadarlarına, münaqişənin həllində hərb yolunun olmadığını bildirən dövlətlərə mesaj idi: hərb yolu ilə, oğullarımızın qanı bahasına haqqımız olan ata-baba torpaqlarımızı azad etdik və bu gün burada, öz torpağımızda milli-mənəvi dəyərlərimizə sahib çıxırıq. Nəticədə, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, Xarıbülbül Qarabağın azadlıq rəmzinə çevrildi.
Arzu Məmmədova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri