15 may 2023 16:33
529

Ulu Öndər Heydər Əliyev öz siyasi dühası ilə xalqımızın taleyində silinməz izlər qoyub

Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Xalqımızın mənəvi sərvəti olan bu zəngin irsi araşdırdıqca respublikamızın  həyatında bu nəhəng şəxsiyyətin öz xalqına qırılmaz tellərlə bağlı olduğu, onu ürəkdən sevdiyi, Azərbaycanın inkişafı və tərəqqisi naminə böyük işlər gördüyü, bütün varlığını, həyatını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önünə gəlir. May ayının 10-da Azərbaycan xalqının taleyində mühüm rol oynamış, müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşa şəhərindən müraciət edərək qeyd etdi ki, bu möhtəşəm günü Şuşada qeyd etməyinin, məhz Şuşadan xalqa müraciətinin çox böyük mənası vardır. Çünki “Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır.” Ölkə Prezidenti xalqa müraciətində Azərbaycan xalqının və dövlətçiliyimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimiz qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışaraq bildirdi ki, “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.”

Ölkəmizin siyasi həyatında özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası elə bir dövrdə formalaşmışdır ki, müstəqilliyimiz, milli varlığımız real təhlükə qarşısında idi. Xalqımızın əsrlərdən bəri ürəyində yaşatdığı azadlıq amallarını beşiyindəcə boğmağa cəhd göstərən qara qüvvələr heç nədən çəkinməyərək ən çirkin vasitələrə əl atırdılar. Ulu Öndərin “dünənin, bu günün, gələcəyin partiyası” deyə həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyini get-gedə daha da möhkəmləndirir, xalqın bu partiyanın ideoloji – siyasi xəttinə dəstəyini gücləndirir. Bugünkü siyasi sitemin formalaşmasında dahi şəxsiyyətin rolunu qeyd edən cənab İlham Əliyev bildirmişdir ki, “Eyni zamanda, Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır, o vaxtkı antimilli iqtidara qarşı müxalifət kimi. Bu partiyanın – Yeni Azərbaycan Partiyasının yaranması bütövlükdə bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir.”

1993-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, bir dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi. Belə bir çətin məqamda xalqın təkidli tələbini və istəyini qəbul edən Ümummilli Lider Heydər Əliyev 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gəldi, beləliklə, Azərbaycanın müasir dövlətçilik tarixində yeni səhifə açıldı. Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi və inkişaf etdirməyi özünün əsas vəzifələrdən biri hesab edirdi. Bu, bir həqiqətdir ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu. "Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək" fikrini söyləyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafı istiqamətində mühüm addımlar atırdı. Ulu Öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu böyük tarixi şəxsiyyətin 100 illik yubileyi qeyd edildiyi bu günlər də Azərbaycan xalqı üçün çox əlamətdardır. Bugünkü inkişafımızda, 44 günlük Zəfərdə, dünyanın aparıcı dövlətləri ilə əlaqələrimizdə əvəzsiz xidmətləri olan bu böyük şəxsiyyəti anmaq, yada salmaq biz nəslin payına düşmüşdür. Ölkə Prezidenti İlham Əliyevin Şuşa şəhərindən yubiley münasibəti ilə xalqa müraciəti də özünəməxsus səciyyə daşıyır. Çünki böyük şəxsiyyət olan Ümummilli Lider Şuşanı Azərbaycanın incisi adlandırır və tezliklə azad olunmasını arzulayırdı.

Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir insan yaxşı bilir ki, 20 illik rəhbərliyi dövründə Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu, Azərbaycan tarixinə qurucu dövlət başçısı kimi daxil olduğunu, Azərbaycanın Cənubi Qafqazın ən güclü müasir və moderin dövlətinə çevirməyi bacaran dövlət başçısı olduğunu və hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübuta yetirdi.Bu gün Heydər Əliyev ideyaları yaşayır, qalib gəlir və gələcək nəsillərin yoluna işıq saçır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri