Dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Şuşadan müraciətində bir daha bu reallığa diqqəti yönəltdi ki, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi
“Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq.” Dövlət başçısı İlham Əliyev mayın 10-da Şuşadan etdiyi müraciətdə bu məqama da xüsusi diqqət yönəltdi ki, bu gün bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür. Dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür. Azərbaycan sabitlik, təhlükəsizlik adasıdır.
Ölkə Prezidenti daim çıxışlarında bu reallığı da xüsusi vurğulayır ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Bu gün Azərbaycanın beynəlxalq aləmdə sabit, eyni zamanda, yeni əməkdaşlıq formatlarının təşəbbüsçüsü kimi tanınmasının və nüfuz qazanmasının da təməlində düşünülmüş və məqsədyönlü siyasət dayanır. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Dövlətimizin siyasəti xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bu fikir xarici ekspertlər, siyasətçilər tərəfindən də etiraf edilir ki, xalq-iqtidar birliyinin möhkəm olduğu, ən əsası həyata keçirilən siyasətin, təşəbbüslərin dəstəkləndiyi ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz. Azərbaycanın adının nümunəvi ölkələr sırasında qeyd olunması məhz bu reallığın təsdiqidir ki, daxili siyasətin uğurları beynəlxalq aləmdə reytinqin müəyyənləşdirilməsində stimulverici amildir. Cənab İlham Əliyev bu uğurlara söykənərək bildirir ki, uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq.
Xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin daxili işlərinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq. Azərbaycanın qonşu və Avropa dövlətləri ilə əlaqələrinin bugünkü səviyyəsi göz önündədir. Azərbaycanın dünyadakı rolunu və ölkəmizə münasibəti əks etdirən çox parlaq bir nümunənin-120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrlik müddətinin quruma üzv dövlətlərin yekdil qərarı ilə bir il uzadılmasını xüsusi qeyd etməliyik. Dövlət başçısı İlham Əliyev sözügedən müraciətində də ölkəmizin beynəlxalq nüfuzuna diqqəti yönəldərək bildirmişdir ki, bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxın rəhbərlik edirik: «Əgər belə olmasaydı, bizim sədrlik müddətimiz 120 ölkənin yekdil səsi ilə daha bir il uzadılmazdı. Bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Biz Avropa İttifaqına üzv ölkələrin üçdəbiri - doqquz ölkə ilə strateji tərəfdaşıq. Yəni, beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Biz beynəlxalq müstəvidə bizə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilmişik və bu, İkinci Qarabağ müharibəsinin uğurla aparılması üçün də öz rolunu oynamışdır. Çünki biz həqiqəti sübut etmişik. Biz yalnız həqiqəti sübut etməyə çalışırdıq və ona nail olduq ki, bu, bizim torpağımızdır. Bax, durduğum torpaq Azərbaycan torpağıdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işimizlə bu hüquqi və siyasi bazanı yarada bilmişik.»
Təbii ki, bu uğurlarımız xarici siyasətimizin əsas məsələsi olan Qarabağ münaqişəsinin həllində öz sözünü dedi. Arxada qalan hər il Azərbaycanın diplomatiya sahəsində qazandığı uğurlara yeni əlavələr edir. Münaqişənin həllində möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycanın döyüş meydanında qələbəsini şərtləndirdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 28 il kağız üzərində qalsa da bu sənədlərdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni hərbi birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdı. Azərbaycan dövləti istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə belə bir çağırışla çıxış edir ki, BMT qətnamələrinin icrası üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Elə ölkələr var ki, onlar üçün bu qətnamələr 1-2 saat ərzində icra edilir, amma Azərbaycana gəldikdə isə 28 il gözlədik.
Dövlətimizin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində tarixi Zəfərə imza atdıq. Azərbaycan Ordusu dünya güclərinin 30 ildə icra edə bilmədikləri BMT qətnamələrin cəmi 44 gündə icra etdi. İkinci Qarabağ müharibəsindəki Qələbə tarixi uğurumuz, Zəfərimizdir. Ölkə Prezidentinin bəyan etdiyi kimi, bu Zəfər Azərbaycan durduqca qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə qalacaq. Bu, qəhrəmanlıq dastanıdır: «Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə bu torpaqları bizə verməmək üçün gecə-gündüz əlləşirdi. Həm coğrafi relyefə arxalanırdı, 5, 6, bəzən 7 xətt müdafiə istehkam qurğularına arxalanırdı və himayədarlarına arxalanırdı. Hesab edirdi ki, biz bu vəziyyətlə barışacağıq. Amma mən deyirdim ki, yox, barışmayacağıq. Deyirdim bunu, gərək məni eşidəydilər. Deyirdim ki, gec-tez gələcəyik, bir təpiklə düşməni qovacağıq, öz Bayrağımızı qaldıracağıq və öz doğma torpaqlarımızda yaşayacağıq. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi.»
Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir. Belə ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və milli maraqlar əsasında əlaqələr qurur və yeni prioritetlər üzə inkişaf etdirir. Tarixi Zəfərimizin yaratdığı reallıqlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində öz sözünü deyir. Dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu bəyan edən Azərbaycan daim bu prinsipləri öndə saxladığını bildirir.
Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, dünyada etimad mühitinin yaradılmasıdır. Azərbaycan tarixi Zəfərimizdən sonra qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini etsə də ötən bu dövr ərzində Ermənistanın hansı yanaşmanı ortaya qoyduğu göz qabağındadır. Sülh müqaviləsinin imzalanmasına əngəl törətmək üçün Ermənistanın mütəmadi təxribatlar törətməsi artıq adi hala çevrilib. Bu adi halların yaranmasına səbəb havadarlarının hələ də bu dəstəkdən geri çəkilmək barədə düşünməməsidir. Ermənistan Soçi və Praqa görüşlərində Azərbaycanın beynəlxalq huüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsini dəstəklədiyini bildirdi. Bu, tərəflərin biri-birinin ərazi bütövlüyünü dəstəkləməsinin bariz nümunəsidir. Lakin Azərbaycan bu gün qarşı tərəfdən konkret addım ataraq sülh müqaviləsini imzalamasını gözlədiyi halda, Ermənistan təxribatları ilə gündəmin əsas müzakirə mövzusuna çevrilir. Əksər dünya güclərinin Ermənistanın beynəlxalq hüquqa zidd bu kimi əməllərinə göz yumması onun daha böyük iddialarla yaşamasına gətirib çıxarar. Ermənistan sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını artırır. Ermənistanın təxribatlarının hər zaman olduğu kimi, sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi işğalçı dövlətin sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. İşğalçı dövlətin təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür. Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ötən il Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirildi. Dekabrda məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina etdi, bununla da prosesə maneçilik törədildi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də Brüsseldə, iyunun 1-də isə Avropa Siyasi İcmasının Kişineuda keçiriləcək növbəti görüşündə Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə görüşləri planlaşdırılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Azərbaycan tərəfi ötən il baş tutmamış və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib. Eyni zamanda, Kişineuda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi öz növbəsində Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişineuda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişineu görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil.
Göründüyü kimi, Ermənistanın son təxribatları məhz bu görüşlərə mane olmağa, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına xidmət edir. Dövlət başçısı İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda bir daha 30 illik işğal dövrünün reallığına diqqəti yönəltmişdir: « Onlar düşünürdülər ki, işğalı legitimləşdirə biləcəklər. Düşünürdülər ki, biz öz ərazi bütövlüyümüzlə bağlı bir kompromisə gedəcəyik. Hesab edirdilər ki, onların beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər.» Ölkə Prezidenti günümüzün reallıqlarına söykənərək bu çağırışı da səsləndirmişdir ki, tarix onlara dərs verməlidir: «Ümid edirik ki, onlar bunu başa düşəcəklər.»
Yeganə Əliyeva, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri